Əslində ən güclü illüziya sənəti olan kinoda buna nail olmaq o qədər də çətin deyil. Süjet üzrə baş verən hadisələr indiki deyil, keçmiş dövrə aiddirsə, tamaşaçıda bu assosiasiyanın yaranması üçün həmin dövrə aid müfəssəl məlumata malik olmaq yetər. Əlbəttə, əgər filmin yaradıcı və texniki heyətinin üzvləri özlərinə bir qədər əziyyət verib hər hansı dövrün yaxın və ya uzaq olmağından asılı olmayaraq onu tam dəqiqliyi ilə öyrənib nəzəriyyəni gerçəkliyə çevirmək işinin vacibliyini anlasalar.Kino yaradıcılarımız bu amili niyə unutmağa başlayıblar?
Təəssüf ki, son illər istehsal olunan epoxal filmlərin bəzilərini istisna etmək şərtilə əksəriyyətində zaman faktorunu tapmaq mümkünsüzləşib. Məsələ bu və ya digər dövrə aid əlbisələrin, dekorların ekranda görünməyində deyil. Hər hansı tarixi dövrün ekran həllinin tapılması yolunun belə bəsit və qısa olduğunu düşünmək böyük yanlışlıqdır. Və sonucda bu yanlışlığın fəsadları ilə nəinki sıravi tamaşaçılar, həmçinin kinodan peşəkar səviyyədə başı çıxan kəslər üz-üzə qalırlar - yaradıcı heyət texniki heyətin səylərinə süjetdəki zaman kəsiyinin ruhunu verə bilmirsə, kino lentinin epizodlarının bir-birini əvəzləməsi müvafiq assosiasiyalar doğurmursa, nəticə hansısa tarixi dövrə aid əşyalar, görüntülər yığınının ifadəsiz şəkli olmaqdan savayı heç nəyə xidmət etmir. Unutmaq lazım deyil ki, "kinematoqraf" sözünün anlamı yunancadan tərcümədə "hərəkəti yazmaq, qeydə almaq" deməkdir, hərəkətsizliyi yox. Başqa sözlə, ekrandakı hər bir görüntünün "dili", "səsi", "danışıq tərzi" olmalıdır.
Tarixi və ya libas kinosu - kinematoqrafın bir növü olub konkret tarixi epoxaları, ötən dövrlərin hadisələrini və şəxsiyyətlərini əks etdirir. Kino yaradıcılığının bu növü gerçək tarixi şəxsiyyətlərin həyat yolunun illüstrasiyasından ibarət olan tarixi-bioqrafik filmlərə və keçmiş zamanların uydurma personajları haqqında, həm də əksər hallarda kəskin süjetə malik filmlərə bölünür. Tarixi filmlərin böyük əksəriyyəti tarixi romanların ekranlaşdırılmasıdır. Libas kinosunun macəra və döyüş janrında çəkilmiş filmlərlə eynilik təşkil etməsi belə kinolentlərin mövzusunun özəyində dramatik və taleyüklü hadisələrin, müharibələrin, çevrilişlərin olması ilə izah olunur. Zaman və xarakter etibarilə tarixi filmlər bir neçə spesifik növə ayrılır:
Döyüş filmləri, İtaliyada meydana gələn, lakin ötən əsrin 50-60-cı illərində Hollivudda təşəkkül tapan, təsiredici kütləvi səhnələr, zəngin libas və dekorlardan ibarət qədim dünyaya aid hadisələrdən bəhs edən yüksək büdcəli filmlər - peplumlar, Dümanın əsərlərinin ekranlaşdırılması ənənəsinin doğurduğu, qılıncoynatma səhnələri və dinamik süjeti ilə seçilən, piratlar haqqındakı filmlərin də bura aid edildiyi plaş və qılınc kinosu, hadisələri XIX əsrdə Vəhşi Qərbdə baş verən Amerikada meydana gəlmiş tarixi-macəra filmi olan, sonralar müxtəlif millətlərin özəlliyinə uyğunlaşdırılaraq çəkilən vesternlər, samuraylardan bəhs edən və Akira Kurosavanın adı ilə bağlı olan tyambara adlı yapon kinosu, çin tarixi-macəra kinosu olan usya.
Tarixi kinonun ifadə imkanlarının genişliyinə müəllif kinosunun nümayəndələri də az müraciət etməyiblər. Belə ki, hadisələrin inkişafını orta əsrlərin asketik şəraitinə keçirərək bu rejissorlar ötən əsrlərin ab-havasında mənəvi və dini fabulaları daha ürəklə meydana qoymağa imkan əldə etmiş olurlar. 1990-cı illərdə tarixi hadisələrin müasirləşdirilməsi, parlaqlıqdan uzaqlığı, bəzi hallarda isə dövrlər arasındakı sərhədi ümumiyyətlə görünməz edən, ya da hər hansı tarixi hadisənin sanki surətini çıxararaq, üzünü köçürərək təqdim edən filmlər dəbə düşməyə başladı.
Kinomuz epoxal kinonun mükəmməl nümunələri sarıdan kifayət qədər zəngin olmasa da, belə ekran əsərlərimiz "yox" dərəcəsində də deyil. Milli.Az-ın müsahiblərinin adlarına və dosyesinə nəzər salmaqla bu nümunələri göz önünə gətirmək oxucularımız üçün çətin olmayacaq.
Rafis İsmayılov 1962-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. 1972-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində təhsilini davam etdirib. 1972-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. Bir çox bədii filmlərin, teatr tamaşalarının quruluşçu rəssamı, bir neçə animasiya filminin rəssamı və rejissorudur. Onun filmoqrafiyasında "Yenilməz batalyon", "Qatır Məmməd", "Dədə Qorqud", "Uzun ömrün akkordları", "Ölsəm, bağışla...", "İşarəni dənizdən gözləyin", "Pirverdinin xoruzu", "Sevinc buxtası", "Ovsunçu", "Cavad xan", "Sübhün səfiri" və s. kimi ekran əsərləri var. R.İsmayılov bir neçə kitabin da tərtibatçı - rəssamıdır. Azərbaycanın xalq rəssamı, Dövlət mükafatı laureatıdır.
Rafis İsmayılov:
- Gələcəyin kino rəssamları 4 il yox, 6 il təhsil alırlar. Bu, onların işinin necə məsuliyyətli olduğunun göstəricisidir. Kino rəssamı dekoru qurandan əvvəl nəinki ümumi süjet, konkret epizod, həmin epizodun əsas iştirakçısı haqqında tam təsəvvür əldə etməlidir. Rejissorlar bəzən hətta mənim çox sual verməyimdən gileylənirlər. Əlbəttə, tarixi kino rəssamının işi daha çətindir. Belə filmin rəssamı həmin dövrü ən xırda detallarına qədər öyrənməlidir. Tamaşaçıda epizodu görən kimi hadisənin baş verdiyi dövr, onun iştirakçıları haqqında təsəvvürü yaranmalıdır. Tarixi dəqiqliyin vacibliyini unutmamaq da ən vacib şərtlərdəndir. Məsələn, "Ölsəm, bağışla..." filmi çəkiləndə mən Kislovodska ezam olundum ki, çəkilişlərin aparılacağı məkanları öyrənim. Məlum oldu ki, çəkilişin əsas hissəsinin aparılacağı "Xram vozduxa" restoranı sökülüb. Bizə isə film üçün həmin restoranın bir məkan olaraq təsviri mütləq lazım idi. Ona görə soraqlaşıb restoranın direktoru ilə görüşdüm ki, "Xram vozduxa" haqqında mənə müfəssəl məlumat versin. O, mənə restoranın eksteryer və interyerinin müxtəlif rakurslardan çəkilmiş fotolarını göstərdi. Restoranın ekranda görünə biləcək fəaliyyətinə aid direktorda nə var idisə, menyu-filan, aldım. O filmdəki hadisələr 46-cı ildə baş verir. Ona görə ekranda görünən hər bir, ən kiçik detal belə məhz həmin ilə aid olmalı idi.
"Qatır Məmməd" filminin çəkilişləri zamanı ekranda rus, türk, müsavat və ingilis ordularının təmsilçiləri görünməli idilər. İngilis silahı olan "karabin" isə iri planda çəkilməli idi. Həmin silahın bir nümunəsini gedib Kiyevdən gətirdim ki, çəkiliş həqiqətə uyğun olsun. Başqa bir tarixi film olan "Uzun ömrün akkordları" ekran əsərində Xurşidbanu Natəvanla bağlı epizodun çəkilişində Natəvanın şəxsiyyətinin Üzeyir bəyin xatirəsində buraxdığı təəssüratın özəlliyini vurğulamaq üçün belə bir "priyom"dan istifadə etdim: həmin epizodu canlanmış rəsm əsəri kimi ekrana gətirdim. Və yaxud da hələlik sonuncu işim olan "Sübhün səfiri" filmində Rusiya bayrağı ilə bağlı maraqlı situasiya baş verdi. Çoxları elə bilirlər ki, 19-cu əsrdə Rusiya bayrağının indiki şəkli yeganə olub. Əslində isə fiimdəki hadisələrin baş verdiyi hadisələrin təsadüf etdiyi illərdə Rusiya bayrağı indiki kimi olmayıb. I Pavelin dövründə qısa bir müddət ərzində başqa şəkildə olub. Pavelin oğlu taxta çıxandan dekabristlərin üsyanından sonra həmin bayraq yenidən dəyişilib. Təkcə 1886-cı il ərzində Rusiya İmperiyasının bayrağı üç dəfə dəyişib. Bu fakt Rusiya tarixində var.
Kino rəssamından sadəcə bu faktları nəzərə almaq tələb olunur. Məsələn, "Babək" filmi çəkiləndə Babəkin yeyib-içmə epizodunda az qala yanlışlığa yol veriləcəkdi. Gördüm ki, Babək üçün açılmış süfrədə hər şey qaydasında, yerli-yerində olsa da, bir detal, pomidorun orada olması tarixi gerçəkliyə xələl gətirir. Dərhal dedim ki, pomidoru təcili süfrədən yığışdırın, Babəkin dövründə bu ərazilərdə pomidor olmayıb, pomidor biz tərəflərə 20-ci əsrin əvvəllərində gəlib-çatıb. İkinci Dünya Müharibəsi dövrünə aid çəkilən filmlərdə də bəzən qeyri-dəqiqliyə yol verilir. Məsələ burasındadır ki, 1917-ci il Böyük Sosialist İnqilabından sonra Rusiya ordusunda, sonra da mexaniki olaraq sovet ordusunun geyim tərzində paqonlar ləğv edilmişdi. İkinci Dünya Müharibəsi başlayan vaxt da sovet hərbi geyimi paqonsuz olub. Yalnız Stalinqrad döyüşündən sonra paqonlar bərpa olunub. Bu müharibənin iştirakçılarının şücaətinə görə müxtəlif orden və medallarla təltif edilməsinin öz qaydaları var. Elə orden və ya medal var ki, sağ tərəfə, elələri də var ki, sol tərəfə vurulur. Bunları ekrana gətirəndə dəqiqliyə riayət olunmalıdır.
Kənan Məmmədov 1971-ci ilə qədər Politexnik İnstitutunda təhsil alıb. 1971-76-cı illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda A.V.Qalperinin emalatxanasında kinooperator ixtisasına yiyələndikdən sonra C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında bədii və sənədli filmlərin quruluşçu operatoru kimi fəaliyyətə başlayıb. "Azərbaycanfilm" kinostudiyasının baş operatoru, əməkdar incəsənət xadimi, Respublika Dövlət Mükafatı laureatıdır, Avropa Kino Akademiyasının üzvüdür. Filmoqrafiyasında "Qızıl uçurum", "Birisigün gecəyarısı...", "Qaragölün cəngavərləri", "Qaçaq Nəbi", "Ovsunçu", "Sübhün səfiri" kimi tariximizin müxtəlif dövrlərindən bəhs edən filmlər var.
Kənan Məmmədov:
- Keçmiş epoxanı ekrana gətirmək çox mühüm və çox çətindir. Burada əsas məsələ ikitərəflidir. Birincisi, detallara əsaslanan təsvirə nail olmaq, ikincisi isə psixoloji amildir. Bu o deməkdir ki, dövrə uyğun dəqiq seçilmiş əşyalardan savayı, həmin epoxanın ruhunu qəhrəmanların rolunda çəkilən aktyorların daxili aləmi də çatdırmalıdır, bu aktyorlar ifa etdikləri personajlar kimi düşünməyi, davranmağı öyrənməlidirlər. Operatordan tələb olunan isə odur ki, işıqlandırma, kameranın hərəkəti də ekranlaşdırılan tarixi dövrün texniki imkanlarına uyğun olsun. Məsələn, "Qızıl uçurum" filmi çəkiləndə mən bütün kadrları tam statik çəkmək istədim, təəssüf ki, mənim bu yanaşmam, təşəbbüsüm anlaşma ilə rastlaşmadı...
Samirə Behbudqızı
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Azərbaycanın kino incilərindən:
"Ötən ilin son gecəsi" - 30
Aktyorlarımızın vokal imkanları - ARAŞDIRMA
Kinomuzun əcnəbi cəngavərləri - ARAŞDIRMA - FOTO
"Belə gənclərin qədrini bilmək lazımdır..."
Əməkdar incəsənət işçisi: "Yaşar Nuri, Fuad Poladov, Fəxrəddin Manafov kimi aktyorlarla..." - FOTO
"Fuad Poladov, Həsənağa Turabov, Səməndər Rzayev, Yaşar Nuri, kimi aktyorlarla..."
"Sehrli xalat"ın sehrinə düşənlərdən birinin xatirələri - FOTO
Azərbaycanın məşhur aktyoru: "Sonra bəyəndiyim qızla ailə həyatı qursaq da..."
Ekrandakı jurnalist və ya Müxtəlif qadınlarla xəyanət...
Eyzenşteynlə Kozintsevin tələbəsi Bakıda qısqanclıqla qarşılaşıb - FOTO
"Çəkilişlərdə məzəli bir hadisə olmuşdu..." - FOTO - MÜSAHİBƏ
Ramiz Əzizbəyli: "Məni öldürmək istəyirdilər..." - MÜSAHİBƏ
"Kinostudiyanın yanından keçəndə o tərəfə baxmıram" - FOTO
"Babamı qınayanlar haqlı deyillər" - FOTO
Cəbiş müəllim damdan niyə yıxılıb?
Ürəyini səsinə verən müğənninin oğlu: "Atamla şəhərə çıxıb iki addım getmək mümkün deyildi" - FOTO
Artistlik etməyən Aktyor: gülə-gülə ölən Əliağa Ağayev son filmində niyə ağlamışdı? - FOTO
Üç dəfə ailə quran Barat Şəkinskaya hər ayrılığında qızına sadəcə... "hazırlaş, köçürük" deyib - FOTO
"Dəli Kür" filminin Rus Əhmədini erməni öldürüb - FOTOSESSİYA
"Əhməd haradadır"ın Ceyranı: "Bakıda aldığım travma mənə ömürlük bəs etdi"- FOTO-VİDEO
Rəna Səlimova: "Aktrisa olduğum üçün həyat yoldaşımın ailəsi məni qəbul etmirdi" - FOTO
"Yeddi oğul istərəm"in Qəqənisi: "İçimdəki "ağlamaq mexanizmini" işə saldım və ..." - FOTO
"Asif, Vasif, Ağasif" filminin Asifi: "Xristianlığı qəbul edəndə ailəm şoka düşdü" - FOTO
Tamara Ağamirova: ""O olmasın, bu olsun" filmini tənqid еdənlər sırasında mənim gələcək həyat yoldaşım da var idi" - FOTOSESSİYA
Bəstəkar Emin Sabitoğlunun qızı: "Atamın Xədicə Abbasova ilə evlənməsini yaxşı qarşılaya bilməzdik" - FOTO
Fuad Poladov: "Təlxək rolunu oynayana "xalq artisti" adı verdilər, o da Qacarı yaratmış aktyora - Hamletə "sağ əlim sənin başına" deyirdi"
Qara Qarayevin oğlu Fərəc Qarayev: "Evə gələndə üst-başı qan içində idi..." - FOTO
Bəstəkar Nazim Mirişli: "Futbolun ucbatından Bethovenin konsertini ifa etməkdən məhrum oldum" - FOTOSESSİYA
Bakı nostaljisi: Azərbaycan yəhudiləri haqqında film çəkiləcək - FOTO
Azərbaycanın cizgi filmlərini hansı məşhurlar səsləndiriblər?