Azərbaycanlı rejissorun filmində çəkilmək onların yaradıcılığında hansı yeri tutur? Milli.Az araşdırma zamanı onların adlarını xatırladıb həyat və yaradıcılıqları haqqında məlumat verməklə bu və digər suallara cavab tapmağa çalışdı. Cavablar yükünün elə bu xatırlatmanın və üstəgəl müsahiblərimizin cavablarının içindən öz-özünə doğacağına inandığımız üçün xatırlatma missiyasını önə çəkdik.Onlar bizim kinomuza nə gətirdilər?
"QORXMA, MƏN SƏNİNLƏYƏM!" RÜSTƏM
Rusiyanın xalq artisti Muxtarbəy Qantəmirov sirk və kino artisti, kaskadyor kimi tanınır. O, 1934-cü ildə Osetiyadan olan atminmə üzrə peşəkar sirk artistlərinin ailəsində dünyaya gəlib. Onun atası Rusiyada ilk "Osetiya miniciləri" at teatrının yaradıcısıdı. Muxtarbəy özü isə "Kaskadyor" at teatrının bədii rəhbəridi. "Qorxma, mən səninləyəm" filmindən savayı "Girov", "Cənnətin iki addımlığında", "Qədim Rusiya", "Cəsur Xoçbar haqqında hekayət", "Sovet dövrünün parkı" filmlərində çəkilib.
"QORXMA, MƏN SƏNİNLƏYƏM" SAN SANIÇ VƏ KÜTLƏVİ SƏHNƏDƏ KƏNDLİ OBRAZI
Teatr və kino aktyoru, teatr rejissoru, pedaqoq, SSRİ xalq artisti Lev Durov 1931-ci ildə Moskvada anadan olub. Məşhur sirk artistləri, təlimçilər və klounlar nəsli olan Durovlar ailəsinin nümayəndəsidi. 1967-ci ildən Moskvanın "Na Maloy Bronnoy" teatrının aktyorudu. Sonralar teatr rejissorluğu üzrə də təhsil alan Lev Durov bu sahədə də geniş fəaliyyət göstərir. 1954-cü ildən filmlərə çəkilir, filmoqrafiyasında 170-dən çox kino obraz var. Durovun səsi cizgi filmlərindən də gəlir, məsələn, "Prostokvaşinodan üç nəfər", "Prostokvaşinoda qış və "Prostokvaşinoda tətil"də Şarik və s. Lev Durov teatr və kino sahəsindəki fəaliyyətinə görə bir sıra dövlət və digər mükafatlara layiq görülüb.
M.Qantəmirov və L.Durovla "Qorxma, mən səninləyəm" filmində tərəf-müqabili olmuş xalq artisti Həmidə Ömərova Milli.Az-a bunları danışdı: "O çəkilişlərdə Qantəmirovun başıbəlalı oldu, ümumiyyətlə, başqa qanqaraldan hadisələr də baş verdi - Həsənağa Turabov atdan yıxılıb xəstəxanaya düşdü, mənim qaladan iplə enmə epizodunun çəkilişlərində həm özüm iştirak edirdim, həm də dublyor, bununla belə zədəsiz ötüşmək mümkün olmadı, enib çatanda qan içində idim. Çəkilişləri maraqla izləyən İlisu kəndinin camaatı Qusmandan soruşanda ki, bəs qorxmursuz aktrisa yıxılıb ölə bilərdi, o, özünəxas şəkildə cavab vermişdi ki, onsuz da, son epizod idi, ölməyinin filmə ziyanı olmayacaqdı. Filmin bütün natura çəkilişləri İlisuda aparılıb. Bizim gizləndiyimiz mağaranın özü İlisuda, içi isə kinostudiyanın həyətində quraşdırılmış pavilyonda çəkilib. İlisu camaatına çox minnətdarıq. Çəkilişlər vaxtı bizə çox qayğı göstəriblər. Sonralar bizim çəkilişdəki paltarlarımızdan ibarət muzey də yaratdılar. Çəkilişlərə qayıdıb demək istəyirəm ki, Qantəmirovun başı hamımızdan çox bəlaya düşdü. Ayağı yaralandı, Qax xəstəxanasında cərrahiyyə əməliyyatı olundu, bir neçə il çəliklə gəzdi. Hələ üstəlik qiyməti iyirmi min dollar, əsl ingilis madyanı cinsindən olan "Almaz" adlı atı xəstələnib öldü. Yadımdadı, Muxtarbəylə yoldaşları o ata görə xeyli ağladılar. Lev Durovla da tərəf-müqabili olmaq çox xoşdu. Şən, səmimi, təmiz insandı. Quldurların əlindən qaçdığımız epizodun çəkilişində qrimlənib kamera qarşısına gəldik. Qusman dedi ki, bu nədi, quldurların əlindən qaçan bu cür səliqə-səhmanlı, rahat görkəmdə olur? Bu epizodun təbii alınması üçün bizi kinostudiyanın binasının ətrafında qaçırtdı ki, həqiqətən, təngnəfəs olaq. Ümumiyyətlə, bu film çox təbiidi, həmin dövrdə həyat da kino kimi görünürdü bizə. Ona görə, demək olar ki, birnəfəsə çəkildi..."
"YARAMAZ" HƏTƏM
Sovet və gürcü aktyoru, kinorejissor Mamuka Kikaleyşvili (1960-2000) Tiflisdə, Rustaveli adına Dram Teatrının aktrisası, Gürcüstanın əməkdar artisti Leyla Abrekovna Dziqraşvili və həmin teatrın direktor müavini Andrey Mixayloviç Kikaleyşvilinin ailəsində doğulub. Aktyorluq təhsili alandan sonra 1984-cü ilədək Marcanaşvili adına teatrda çalışıb. Həmin ildən "Gürcüstanfilm" kinostudiyasında çəkilməyə başlayıb, 40-a yaxın kino rolu var. 1988-ci ildə Qabrovoda keçirilən festivalda "Ən yaxşı komediya aktyoru" nominasiyasının qalibi olub. Son illər Gürcüstanın Rusiyadakı səfirliyində mədəniyyət məsələləri üzrə attaşe vəzifəsində çalışırdı. Yuxu dərmanını qədərindən artıq qəbul etməsi nəticəsində Moskvada vəfat edib. Tiflisdə torpağa tapşırılıb.
"BİRİSİGÜN, GECƏYARISI..." PÇELİNTSEV
Sovet və Litva teatr və kino aktyoru, Litva SSR-in xalq artisti Yuozas Budraytis 1940-cı ildə Litvanın Şyaulyay qəzasında kəndli ailəsində anadan olub. Orta məktəbdə özfəaliyyət dərnəyində məşğul olub. Doqquzuncu sinifdə xuliqanlıq üstündə məktəbdən kənarlaşdırılıb, Klaypedada dülgər işləyib. Sovet Ordusu sıralarında əsgəri xidmətini başa vurandan sonra Vilnüs Univertsitetinin hüquq fakültəsinə daxil olub. Kinodebütü 1961-ci ildə "Çaylar qovuşanda" filmindəki epizodik rolla baş tutub. Üçüncü kursda oxuyanda Budraytisin gələcək kino karyerasının ulduzu parlayıb - Jalakyaviçus onu məşhur "Heç kim ölmək istəmirdi" filminə dəvət edib. Bu filmdən sonra məşhurlaşan Yuozas universitetin qiyabi şöbəsinə keçib. Həmin vaxtdan da sovet və əcnəbi rejissorlardan da təkliflər almağa başlayıb. "Litva məktəbi"nin nümayəndəsi kimi özünü təsdiq edib. 1970-ci illərin sonunda Moskvada Ali Ssenaristlər və Rejissorlar Kursunda təhsil alandan sonra kurs yoldaşı Yonas Vaytkus onu baş rejissor olduğu Kaunas Dram Teatrına dəvət edib. Bu teatrda fərqli personajları canlandıran aktyor Budraytisin rejissorluq karyerası alınmayıb. İlk filmi olan "Quşlar şəhəri" lentinin iflasından sonra bir daha rejissorluqla məşğul olmayıb.
1996-2011-ci illərdə Litva Respublikasının Rusiyadakı səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi vəzifəsində çalışıb. Ötən ilə qədər Budraytisin çəkiliş qrafiki kifayət qədər sıx idi. 2012-ci il iyulun 31-də aktyor ağır yol qəzasına düşüb - sükanının arxasında 34 yaşlı qadın olan maşın onun ayağının üstündən keçib. Aktyor dərhal xəstəxanaya çatdırılıb, hazırda o, çəliklə yeriyir. Teatrda və kinoda yaratdığı çoxsaylı və çoxçalarlı obrazlar palitrasına görə Yuozas Budraytis nəinki Litva, həmçinin Ukrayna və Rusiya dövlətlərinin orden, medal və mükafatlarına layiq görülüb.
"MƏN MAHNI QOŞURAM" BƏHMƏN
Teatr və kino aktyoru Gürcüstanın və Ermənistanın xalq artisti Kote (Konstantin) Davidoviç Dauşvili (1909-1980) Bakıda anadan olub. Aktyor fəaliyyətinə 1928-ci ildə Tiflis Qızıl Ordu Teatrında başlayıb. 1930-cu ildən K.Marcanaşvili adına Tiflis Akademik Teatrının truppasına qəbul edilən aktyor tezliklə teatrın aparıcı aktyorlarından biri kimi tanınmağa başlayıb. Kinokaryerası 1931-ci ildən başlayır.
"İSTİNTAQ" SEYFİ QƏNİYEV, "ÖZGƏ ÖMÜR" FARİZ RZAYEV,
"BAĞLI QAPI" DAŞDƏMİROV
RSFSR-in xalq artisti, Rusiya Teatr Xadimləri İttifaqının sədri, RSFSR İctimai Palatanın üzvü, aktyor və rejissor Aleksandr Kalyagin 1942-ci ildə Malmıjda tarix fakültəsinin dekanı Aleksandr Kalyaginin və fransız dili müəlliməsi Yuliya Zaydemanın ailəsində anadan olub. Gələcək teatr və kino xadiminin dünyaya gəlməsindən bir il sonra atası vəfat edib. 13 yaşında ikən A.Kalyagin Arkadi Raykinə qramatik səhvlərlə dolu məktub yazaraq aktyor olmaq və təhsil almamaq istəyini bildirib. Raykinin cavabı belə olub: "Şaşa, mən zəhmətə inanıram. Zəhmət nədir? Zəhmət - mənim üçün hər şeyin əsasıdı..." 1978-ci ildə Kalyagin bu məktubu "Teatr görüşləri" televerilişinin efirində A.Raykinə oxuyub.
1959-cu ildə Kalyagin tibb məktəbini akuşer ixtisası üzrə bitirb və iki il "Təcili yardım" xidmətində feldşer işləyib. 1965-ci ildə A.Kalyagin B.Şukin adına Teatr Məktəbini bitirəndən sonra Taqanka teatrının truppasına qəbul edilib, lakin tezliklə anlayıb ki, Lyubimovun teatr estetikası ona yaddı. Kalyaginin sonrakı teatr fəaliyyəti Yermolova adına teatr, MXAT və MXT teatrları ilə bağlıdı. 1991-ci ildə MXT-də yaxınlaşan böhranı hiss edərək teatrı tərk edir. 1992-ci ildə özünün "Et Cetera" teatrını yaradır və bu günədək oranın rəhbəridi.
1967-ci ildən filmlərə çəkilir. Onu geniş tamaşaçı kütləsinə tanıdan "Salam, mən sizin xalanızam!" filmindəki Babs Baberley-donna Roza d`Alvadores obrazı hesab olunur.
1996-cı ildə "Et Cetera" teatrına Yeni Arbatdakı binaların birində daimi səhnə verilir. Bununla paralel olaraq Kalyagin teatrı üçün ayrıca xüsusi bina inşa edilməsi ideyası ilə məşğul olur və 2005-ci ildə belə bir bina hazır olur. Lakin memarlar Kalyagini zövqsüzlükdə ittiham edərək müəllifliklərindən imtina edirlər, teatrın yeni binasını isə "tələbə işi"nə və "şapito sirki" nə bənzədirlər (yeri gəlmişkən, bu faktdan xəbər tutandan xeyli əvvəl həmin binanın görünüşü bəndənizdə də belə təəssürat yaratmışdı - S.B.).
Etibarlı mənbələrə görə Kalyagin özündə yaşadığı dövrün hadisələrinin xronikasını saxlayır. Bu xronikaya əsasən məlumdur ki, o, 2003-cü ildə "Vahid Rusiya" partiyasına üzv olub. 2005-ci ildə elm və mədəniyyət xadimlərinin, ictimaiyyət nümayəndələrinin imzası olan "YUKOS" un keçmiş rəhbəri M.Xodorkovskini siyasi məhbus elan etmək tələbi ilə yazılmış məktuba cavab olaraq Kalyaginin qatıldığı başqa bir qrup bu tələbə cavab verən müraciət imzalayıb. 2011-ci ildə Kalyagin bəyan etdi ki, o vaxt o müraciətə öz imzasını qoyduğuna görə peşman deyil. 2012-ci ildə prezidentliyə namizəd V.Putinin etibarlı şəxsi kimi rəsmi qeydiyyatdan keçib.
1996-cı ildən Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının (TXİ) sədridir. 2006-cı ildə Səhnə Veteranları Evinin (SVE) binasının rekonstruksiyasının müzakirəsində qalmaqal yaranıb. Qalmaqala isə Teatr Xadimləri İttifaqının sədri A.Kalyaginin İttifaqın nəzdində olan Səhnə Veteranları Evinin ərazisinin bir hissəsini belə bir federal əhəmiyyətli abidənin yerində yaşayış evi tikmək istəyən bir şirkətə satmaq niyyəti səbəb olmuşdu. Kalyaginlə tikinti şirkəti arasındakı razılaşmaya qarşı çıxan səhnə veteranlarının və bir sıra digər teatr xadimlərinin etirazı Prezident Putinə gedib çatmışdı. O isə öz növbəsində konflikti araşdırmaq göstərişi verərək Səhnə Veteranları Evinin təmiri üçün vəsait ayırmağa söz vermişdi. Beləliklə, ölkə Prezidentinin işə qarışması sayəsində tikinti şirkəti nəinki haqqında danışılan ərazidə yaşayış binası tikmək niyyətindən əl çəkib, hətta təmənnasız olaraq Teatr Xadimləri İttifaqının hesabına 5 milyon dollar keçirmişdi ki, Səhnə Veteranları Evinin təmiri baş tutsun. TXİ-nin sədri məsələ ilə bağlı mətbuatın çoxsaylı məqalələrindən birini özünün şərəf və ləyaqətinə təhqir kimi qiymətləndirərək mənəvi ziyana görə yarım milyon dollar ödənilməsini tələb etmişdi. Lakin məhkəmə bu tələbi yumşaldaraq "Peterburq teatr jurnalı"ndan 1 rubl, baş redaktordan isə min rubl ödənilməsi qərarını qəbul etmişdi. SVE-nin təmiri üçün vəsaitin hələ 2006-cı ildə ayrılmasına baxmayaraq, 2010-cu ilin baharına qədər təmir-bərpa işləri hələ də başlamamışdı. SVE-nin direktorunun sözlərinə görə TXİ tərəfindən həmin vəsaitin yarısının xərclənməsi ilə bağlı prokurorluq orqanlarına dəfələrlə edilmiş müraciətlər heç nə ilə nəticələnməyib. 2010-cu ilin dekabrında isə SVE-nin binası Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə üzrə "qara siyahı"sına salınıb.
A.Kalyagin təkcə Rusiyada yox, Parisdə, Klivlenddə, Ankarada tamaşalar qoyub. A.Kalyaginin səsləndirmə diskoqrafiyası da zəngindi. Həm də bu zənginlik daha çox cizgi filmlərinə aiddi. O, "Pişik Leopold haqqında" silsilə cizgi filmlərində Leopoldu səsləndirməkdən savayı həmin cizgi filmində Leopoldun mahnısını da oxuyub.
A.Kalyagin iki dəfə SSRİ Dövlət mükafatına (onlardan biri 1981-ci ildə Rüstəm İbrahimbəyovun ssenarisi əsasında Rasim Ocaqovun "Azərbaycanfilm" kinostudiyasında çəkdiyi "İstintaq" ekran əsərində Seyfi Qəniyev obrazını canlandırdığına görə verilib), III və IV dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordenlərinə, "Qızıl maska" və digər mükafatlara layiq görülüb.
"ULDUZLAR SÖNMÜR" NƏRİMAN NƏRİMANOV, "MƏHƏBBƏTİM MƏNİM, KƏDƏRİM MƏNİM" LOĞMAN
Teatr və kino aktyoru, SSRİ xalq artisti, iki dəfə SSRİ Dövlət Mükafatı laureatı, bir sıra teatr və kino mükafatlarının sahibi Vladimir Samoylov (1924-1999) Odessada dünyaya gəlib. Böyük Vətən Müharibəsinin iştirakçısı olub. 1945-ci ildə Odessa Teatr Məktəbinə daxil olub. 1968-ci ildə Odessanın, Kemerovonun, Qorkinin bir sıra teatrlarında çalışıb. 1968-ci ildə V.V.Mayakovski ad. Moskva Akademik Teatrına dəvət edilib. 1992-ci ilə qədər burada çalışıb. 1992-ci ildə N.V.Qoqol ad. Moskva Dram Teatrının truppasına qəbul edilib.
Teatr səhnələrində 250, kinoda isə 100-dən çox rol ifa edib. V.Samoylovun Əjdər İbrahimovla sıx əməkdaşlığı olub. Onun "Azərbaycanfim" və "Mosfilm" kinostudiyalarında çəkdiyi filmlərdə ("Ulduzlar sönmür"da Nəriman Nərimanov, "Məhəbbətim mənim, kədərim mənim"də Loğman, "Narahat adam"da Birulin) maraqlı obrazlar yaradıb. V.Samoylov "Kral Lir" tamaşasının məşqləri zamanı dünyasını dəyişib.
"BƏXTİYAR" DMİTRİ VERXOVSKİ
Azərbaycan SSRİ-nin xalq artisti Konstantin Myakişev (1910-1990) Bakıda anadan olub. 1929-cu ildə Bakı Teatr Məktəbini bitirib və S.Vurğun adına Rus Dram Teatrında çalışmağa başlayıb. Bu teatrın səhnəsində Çatski, Arbenin, Ferdinand, Vaqif kimi personajları ifa edib. 1951-ci ildə İ.Qasımovun "Xəzər üzərində şəfəq" əsərinin tamaşasındakı neft zavodunun direktoru rolunun ifasına görə Dövlət Mükafatına layiq görülüb. Myakişev S.Vurğun adına teatrın səhnəsində bir neçə klassik və müasir müəllifin əsərinə quruluş da verib. 1960-cı ildən ömrünün sonuna kimi o, Moskvanın Malıy Teatrında çalışıb.
"DƏDƏ QORQUD" ARUZ, "KOROĞLU" GÜRCÜ OĞLU
Gürcüstanın əməkdar arristi, teatr və kino aktyoru Givi Toxadze (1922-2010) Potidə anadan olub. Rustaveli adına Teatr İnstitutunu bitirəndən sonra Ş.Rustaveli adına Tiflis Dövlət Dram Teatrının truppasına qəbul edilib. 1956-cı ildən "Gürcüstan-film" kinostudiyasının aktyoru olub.
"DƏDƏ QORQUD" QAZAN XAN, "QARA GÖLÜN CƏNGAVƏRLƏRİ" QULU, "ƏZABLI YOLLAR" QARAYEL
Sovet və tacik teatr və kino aktyoru, teatr rejissoru, yazıçı, Tacikistanın və SSRİ-in xalq artisti, Tacikistanın və SSRİ-nin Dövlət Mükafatları laureatı Həşim Qadoyev 1937-ci ildə Tacikistanın Küləb şəhərində anadan olub. Moskvada Dövlət Teatr Sənəti İnstitutunun aktyorluq və rejissorluq fakültələrini bitirib. Kino karyerası ilə təxminən eyni vaxtda A.Laxuti adına Tacikistan Akdemik Teatrının aktyoru və rejissoru olub, tacik və əcnəbi rejissorların filmlərində çəkilib. Onun fəlsəfi pritçaları isə uzun illər "Çarxi qardun" həftəliyində nəşr olunub. Həşim Qadoyev 11 kitabın müəllifidir.
"Rüstəm və Söhrab" filmində Söhrab rolunu yaradarkən H.Qadoyev rola o dərəcədə girmişdi ki, Firdovsi dövrünə aid ədəbiyyatı, memarlığı, heykəltəraşlığı, qədim pul nümunələrini öyrənməklə yanaşı, kostyumları yenidən tərtib etmişdi. Bundan savayı idmanla ciddi-cəhdlə məşğul olaraq fiziki hazırlığını o dövrün insanlarına uyğunlaşdırmağa nail olmuşdu. Bu film indiyə qədər sovet dövrünə aid tacik kinosunun ən yaxşı nümunəsi hesab olunur. A.Laxuti adına teatrda qoyulan eyniadlı tamaşanın nümayişində iştirak edən İran şahı Məhəmməd Reza Pəhləvinin xanımı Şahbanu Fərəh Pəhləvi H.Qadoyevin və onun tərəf-müqabillərinin oyunundan elə təsirlənibmiş ki, ağlayaraq huşunu itirib.
Tacikistanın Azərbaycandakı səfirliyindən Milli.Az saytına bildirdilər ki, H.Qadoyev bu gün də A.Laxuti adına teatrdakı aktyorluq və rejissorluq, həmçinin A.Tursunzadə adına Tacikistan Dövlət İncəsənət İnstitutunda pedaqoji fəaliyyətini davam etdirir, çoxlu tələbələri var, bir neçə il öncə tələbələri ilə birgə həmin teatrın səhnəsində "Spartak" əsərini tamaşaya qoymaq cəhdi alınmasa da, H.Qadoyev ruhdan düşmür, yaradıcılıq axtarışlarını davam etdirir, eyni zamanda qələmini də yerə qoymayıb, memuarları artıq 35 cildi ötüb. Onun tələbələrindən biri, Tacikistanın xalq artisti Ortik Kodirov isə bu yaxınlarda Gəncə Dövlət Dram Teatrında qoyulan tamaşada Nizami Gəncəvinin obrazını canlandırıb.
"DƏLİ KÜR" ÇERNYAYEVSKİ, "İŞARƏNİ DƏNİZDƏN GÖZLƏYİN" MATVEYEV
Vladislav Kovalkov 1957-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirib. Daha çox əcnəbi filmlərin səsləndirilməsi və dublyajı ilə məşğul olan aktyor kimi tanınır. İlk dəfə kinoya 1958-ci ildə, sonuncu dəfə isə 1995-ci ildə çəkilib.
"UZAQ SAHİLLƏRDƏ" KARRANTİ, "İSTİNTAQ DAVAM EDİR" XOUK-MARTINOV
Lev Bordukov 1933-1941-ci illərdə Moskva Bədaye Teatrının (MXAT) aktyoru olub. 1940-cı illərin sonu 50-ci illərin əvvəllərində Tambov teatrında çalışıb. 1941-66-cı illər ərzində altı filmə çəkilib. Əsasən, hərbi, macəra və dram janrlarının aktyoru kimi tanınır.
"MÖCÜZƏLƏR ADASI" KAMRAN, "QARACA QIZ" YUSİF, SƏN NİYƏ SUSURSAN?" NƏCƏF, "YAŞAMAQ GÖZƏLDİR, QARDAŞIM!" İSMAYIL, "ULDUZLAR SÖNMÜR" ÇOTAY
Teatr rejissoru və aktyoru, "Romen" Moskva qaraçı musiqili-dram teatrının rejissoru Rusiya Federasiyasının əməkdar artisti, Şimali Osetiya Respublikasının xalq artisti Oleq Xabalov (1933-2013)
1958-ci ildə Şimali Osetiyada B.V.Şukin adına Ali Teatr Məktəbini, daha sonra Moskvada Dövlət Teatr Sənəti İnstitutunun rejissorluq fakültəsini bitirib. Bir neçə pyesin müəllifidi.
O.Xabalovla "Sən niyə susursan?" filmində tərəf-müqabili olmuş kinoaktrisa Rəna Səlimova Milli.Az-ın əməkdaşı ilə söhbətində bildirdi ki, Həsən Seyidbəyli filmlərinə əcnəbi aktyorları dəvət edəndə onların xarici görünüşünün azərbaycanlılara uyğun olmasına fikir verirdi. R.Səlimova: "Ünsiyyətdə çox xoşagələn insan idi. Güclü zahiri görkəmi ilə davranışı bir-birinə uyğun idi. "Sən niyə susursan?" filmində məni və Xəyalı (Rasim rolunun ifaçısı Xəyal Axundov-red.) boğduğu epizodda məni usdufca, Xəyalı isə amansızlıqla boğurdu. Yadımdadı ki, Xabalovun simasını bir az da azərbaycanlaşdırmaq üçün bizim qrim ustaları onun qaşlarını çatma eləmişdilər".
"QANUN NAMİNƏ" MEHMAN
Sovet və Rusiya teatr və kino aktyoru, RSFSR-in xalq artisti, Tacikistanın və Şimali-Osetiyanın Dövlət Mükafatları laureatı, Şimali Osetiya-Alaniya Respublikasının mədəniyyət naziri (1994-2000) Bimbolat Vatayev (Bibo Vatayev) (1939-2000) Şimali Osetiya-Alaniya Respublikasının Yeni Batako kəndində dünyaya gəlib. Şukin adına Teatr Məktəbini (Y.Lyubimovun kursu -red.) bitirib. 1959-cu ildən Şimali Osetiya Musiqili - Dram Teatrının aktyoru, 1964-65-ci illərdə "Taqanka" teatrının aktyoru olub. 1969-1975-ci illərdə "Tacikfilm" kinostudiyasının aktyoru, bir neçə televiziya filminin rejissoru olub. Kinoda 50-dən artıq obraz yaradıb. "Rüstəm haqqında dastan" trilogiyasındakı roluna görə Panama kinofestivalında "Ən yaxşı kişi roluna görə" nominasiyasının qalibi olub. Dünyasını Vladiqafqazda dəyişib və Şərəf Xiyabanında torpağa tapşırılıb. Vladiqafqazda, Yeni Batako kəndində və Beslanda onun adına küçələr var.
B.Vatayevlə "Qanun naminə" filmində tərəf-müqabili (Züleyxa obrazı) olmuş Azərbaycanın xalq artisti Flora Kərimova Milli.Az-ın əməkdaşı ilə söhbətində təəssüflə bildirdi ki, o filmin çəkilişlərindən, konkret olaraq, Bimbolat Vatayevlə bağlı xatirəsində heç nə qalmayıb. F.Kərimova: "Məni o filmə aldadıb çəkmişdilər. Demişdilər ki, epizodik Balış roluna çəkiləcəksən, ona görə razılaşmışdım. Sonra Balış roluna çəkmək üçün Bimbolat öz nişanlısını (K.Sədiyeva-red.) gətirdi. Sonralar mən Bimbolatı bir özbək filmində gördüm, onda bir qədər kökəlmişdi, onu görə yalnız uşaq saflığını andıran təbəssümündən tanıdım. Və ifa etdiyi obrazı necə təbiiliklə canlandırmasına heyran qaldım".
"TÜTƏK SƏSİ" CƏBRAYIL
Teatr və kino aktyoru, teatr rejissoru, SSRİ xalq artisti, Moldovanın və Rusiyanın Dövlət Mükafatları laureatı Mixay Volontir 1934-cü ildə o vaxtkı Rumıniya Krallığında, Bessarabiyada, Qlijenı kəndində (indiki Moldova ərazisi) anadan olub. Rumıniyanın və Moldovanın vətəndaşıdı. 18 yaşında kənd məktəbində dərs deməyə başlayıb. 1955-ci ildə Pedaqoji Məktəbi bitirdikdən sonra kənd klubunun rəhbəri vəzifəsində çalışmağa başlayıb. Özfəaliyyət dərnəklərinin respublika baxışından sonra Beltsı şəhərinin musiqili-dram teatrının tədris qrupuna dəvət edilib, daha sonra isə həmin teatrın aktyoru olub və bugünədək o teatrda çalışır.
M.Volontirin kinodebütü 1968-ci ildə baş tutub. 1976-cı ildə tarixi-bioqrafik film olan "Dmitri Qantəmir" filmində canlandırdığı əsas obraza görə Moldovanın Dövlət Mükafatına layiq görülüb. Geniş tamaşaçı rəğbətini isə 1979-cu ildə teleekranlara çıxan "Qaraçı" çoxseriyalı filmində yaratdığı Budulay rolu ilə qazanıb. Bu film böyük uğur qazandığına görə 1985-ci ildə "Budulayın qayıtması" adlı davamı çəkilib. Lakin ümumittifaq rəğbətinə baxmayaraq M.Volontir doğma şəhəri Beltsını tərk etməyib və teatrdakı fəaliyyətinə də son qoymayıb. Maraqlıdır ki, Rasim Ocaqovun "Azərbaycanfilm" kinostudiyasında çəkdiyi "Tütək səsi" (1975) filmində Cəbrayıl roluna M.Volontir bu gurultulu uğurundan əvvəl dəvət olunub. M.Volontir diabet xəstəsidi və bu xəstəlik onun gözlərinə fəsadlar verib. 1990-cı illərin sonlarından başlayaraq o, bir neçə cərrahiyyə əməliyyatı keçirib. Sağlıq durumunu qoruyub-saxlamaqda sənətkara Moldova Respublikasının hökuməti, Moldovadakı və Rusiyadakı həmkarları, pərəstişkarları kömək edirlər. Hazırda M.Volontir Beltsıda yaşayır və Aleksandri adına teatrın tamaşalarında iştirak edir. M.Volontir 2000-ci ildə XX əsr moldav kinosunun ən yaxşı aktyoru elan edilib. 2009-cu ildə Moldova Elmlər Akademiyası tərəfindən ona "Doctor Honoris Causa" fəxri adı verilib.
M.Volontirlə "Tütək səsi" ekran əsərində tərəf-müqabili olmuş (Tapdıq obrazı) filologiya elmləri üzrə fəlsəfə doktoru, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri, publisist Akif Əli sənətkarla bağlı parlaq təəssüratlarını, məmnuniyyətlə, Milli.Az-a danışdı: "Mixay Volontir o vaxtlar hələ Budulay roluna çəkilməsə də, SSRİ miqyasında ən tanınmış və sevilən aktyorlardan biri idi. Cəbrayıl roluna bir neçə aktyor, o cümlədən mərhum böyük aktyor Şahmar Ələkbərov da sınaq çəkilişindən keçmişdi. Rasim Ocaqov çox istəyirdi ki, o rola məhz Şahmarı çəksin. Amma iş elə gətirdi ki, kimsə Rasim müəllimə Mixay Volontiri də sınaq çəkilişlərinə dəvət etməyi məsləhət gördü və nəticədə onun namizədliyi bəyənildi. Amma Rasim müəllim Şahmara dedi ki, bu rolu tamamilə sənsiz qoya bilmərəm, Cəbrayılı sən səsləndirəcəksən. Şahmar Ələkbərovun Mixay Volontirin əvəzinə danışması o qədər təbii alınıb ki, adama elə gəlir Mixay Volontir azərbaycanca danışır. O cür mükəmməl səsləndirmə, dəqiq diksiya, artikulyasiya incəlikləri Şahmarın tapıntılarıdır. Şübhə yoxdur ki, Mixay Volontirin ifasında Cəbrayıl obrazını Azərbaycan tamaşaçısına sevdirən həlledici amillərdən biri də Şahmarın mahir səsləndirmə istedadıdı. Filmin çəkilişləri Qusarda aparılırdı. Mixay Volontirlə mənim oynadığım Tapdıq obrazı əsas personajlar olduğundan onların birgə epizodları çoxdu. Biz mehmanxanada da bir otaqda qalırdıq. Buna görə onu müşahidə etmək imkanım kifayət qədər idi. Görürdüm ki, bu insan nəinki adi həyat situasiyalarında, sənətdə də istənilən məqamı öz iradəsinə tabe etməyi bacarır. Çünki həm fiziki, həm mənəvi-intellektual cəhətdən möhkəm, güclü və zəngin insandı. Öküzlərlə tarlanı şumlama epizodunun çəkilişində görürdük ki, o, həqiqətən, öküzlərə güc gəlməyə çalışır. Fasilələrdə hamı istirahət edəndə o, yaxınlıqdakı telefon danışığı məntəqəsinə gedib Beltsı şəhəri ilə, ailəsi ilə danışıq sifariş verirdi. Bir dəfə də qayıdanda soruşdum ki, nə oldu, danışa bildin? Cavab verdi ki, əlaqə gecə saat 4-də alınacaq. Dedim, ay Mixay, qoy sonraya qalsın, yorğunsan, yatıb dincəlməlisən, onsuz da, həmin saatda oyana bilməyəcəksən. Dedi, yox, beynimi elə tənzimləyəcəm ki, 4-ə qalmış oyanacam. Mən səhər oyananda o, artıq gedib danışıb qayıtmışdı. Hər bir moldovan kimi şərabı çox sevirdi və hər çəkilişdən əvvəl mütləq bir qədəh şərab içməliydi. Təbiətcə çox sakit, mülayim adamdı. Əksər obrazlarındakı çılğınlıq, ya da Cəbrayılı oynayarkən nümayiş etdirdiyi qəddarlıq onun təbiətində yoxdu. Mən yeri düşdükcə bunu söyləyirəm və zaman keçdikcə qənaətim daha da qətiləşir ki, Mixay Volontiri Cəbrayıl roluna çəkilməklə məhz bizim kinematoqrafa öz töhfəsini verdi. Cəbrayılı sırf azərbaycanlı obrazı olaraq yaratdı. Çünki o, şovinist deyil və sənətə ciddi münasibəti olan aktyordu. Axı bəzən olur ki, azərbaycanlı obrazını canlandırmaq üçün dəvət edilmiş aktyor, ya aktrisa öz ölkəsinin, öz millətinin təzahürlərini qabardır və bu ekranda dərhal duyulur. Məsələn, Sayalı rolunun ifaçısı oyununu uğursuz hesab edirəm. Sadəcə, orada yataq səhnəsi oduğu üçün bizim aktrisalar bu rola çəkilməkdən imtina etmişdilər. Ya da Kalyaginin bizim filmlərdəki bəzi işləri barədə də, demək olar ki, həmin rolları öz aktyorlarımız da oynaya bilərdilər və həmin filmlər bundan daha çox udardı. Volontir haqqında isə bunu demək olmur. O mənada ki, öz aktyorumuz da bu səviyyədə, ya da bundan yaxşı oynaya bilərdi, amma Volontiri o rola təsdiq etməklə də kinomuz yalnız qazanıb. Təbii ki, burada ssenari müəllifi İsa Hüseynov qələminin və quruluşçu rejissor Rasim Ocaqov kinematoqrafiyasının ustalığı da az rol oynamayıb."
"DƏRVİŞ PARİSİ PARTLADIR" MÜSYÖ JORDAN, "ŞİR EVDƏN GETDİ" ZALIM OVÇU, EKSKURSİYA BƏLƏDÇİSİ, QAROVOLÇU, "BİR AİLƏLİK BAĞ EVİ" DİREKTOR, "QORXMA, MƏN SƏNİNLƏYƏM!" POLİS PRİSTAVI
Rejissor, ssenari müəllifi, RSFSR-in xalq artisti, "Vətən qarşısındakı xidmətlərinə görə" III və IV dərəcəli ordenlərin, bir sıra kino mükafatlarının sahibi Sergey Yurski 1935-ci ildə Leninqradda (indiki Sankt-Peterburq), Moskva sirkinin bədii rəhbəri Yuri Yurskinin ailəsində anadan olub. (Belə bir yanlış fikir yayılıb ki, "Yurski" aktyorun əsl soyadı yox, təxəllüsüdü. Əslində isə bu, onun atası Y.S.Jixaryovun təxəllüsüdü. Bu təxəllüsü o, hələ gimnaziya dövründə tamaşalarda iştirak etdiyi vaxtlarda götürüb).
S.Yurski A.A.Jdanov adına Leninqrad Universitetinin hüquq fakültəsində oxuduğu vaxtlarda universitetin teatr-studiyasının tamaşalarında iştirak edib. Hüquq fakültəsinin üçüncü kursundan sonra o, A.N.Ostrovski adına Leninqrad Teatr İnstitutuna daxil olub. Teatr İnstitutunun ikinci kursundan sonra M.Qorki adına Böyük Dram Teatrına dəvət edilib. 1960-cı illərin ortalarından Tovstonoqovun truppasının ən yaxşı aktyorlarından biri kimi tanınıb. Onun rejissor debütü də həmin vaxtlara təsadüf edir (M.Bulqakovun əsəri üzrə "Molyer" tamaşası). 1978-ci ildə Moskvaya köçüb və Mossovet adına teatrın aktyoru, daha sonra isə rejissoru kimi fəaliyyət göstərməyə başlayıb. 1991-ci ildən "Müasir pyes məktəbi" teatrının aktyoru və rejissorudu.
S.Yurski 1959-cu ildən kinoya çəkilir. S.Yurski ilə "Şir evdən getdi" filmində tərəf-müqabili olmuş kinoaktrisa Rəna Səlimova (Zebr obrazının ifaçısı) onun haqqındakı təəssüratlarını Milli.Az-a danışdı: "Yurski həm tərəf-müqabili, həm də dostluq, yoldaşlıq münasibətlərində ən gözəl təəssürat qoymağı bacaran insanlardandı. Hər il bayramlarda mənə təbrik yollayırdı."
"ŞİR EVDƏN GETDİ" ŞİR
Yuri Senkeviç 1955-ci ildə anadan olub. Ötən əsrin səksəninci illərində Riqa Gənc Tamaşaçılar Teatrının truppasında çalışıb. 1990-cı illərin sonuna qədər kinoda kifayət qədər intensiv fəaliyyət göstərib - "Su pərisi", "Birisigün, gecəyarısı", "Sizə teleqram var", "Lev Tolstoy" və digər filmlərdə çəkilib, bir neçə filmin prodüseri olub. Y.Senkeviçin sonrakı taleyi barədə məlumat əldə etmək mümkün olmadı.
"ALMA ALMAYA BƏNZƏR" ÜÇ MÜTƏXƏSSİS
Sovet komediya aktyoru, RSFSR-in xalq artisti Sergey Filippov (1812-1990) Saratovda fəhlə ailəsində dünyaya gəlib. Orta məktəbdə pis oxuyub, yuxarı siniflərdə isə hətta xuliqan adı ilə tanınıb və məktəbdən xaric edilib. Bu hadisədən sonra S.Filippov incəsənətə aidiyyəti olmayan bir neçə peşəni sınaqdan keçirib. Axırda balet studiyasına gəlib çıxıb. Buradakı məşğələlər gənc Sergeyi elə cəlb edib ki, bir neçə həftədən sonra ən yaxşı tələbə kimi tanınmağa başlayıb. 1929-cu ildə müəllimlərinin məsləhəti ilə Filippov Moskvaya, "Bolşoy" Teatrın nəzdindəki balet məktəbinə imtahan verməyə yollanıb. Lakin nəinki Moskvadakı, həm də Leninqraddakı qəbul imtahanlarına gecikib. Buna görə də sənədlərini yenicə açılmış estrada-sirk texnkumuna verib və qəbul olub. Müəllimləri onun parlaq balerin gələcəyinin olacağını deyirmişlər. Və 1933-cü ildə S.Filippov Opera və Balet Teatrının truppasına qəbul olub. Lakin onun balet karyerası çox qısa sürüb - növbəti tamaşaların birində Filippovun halı pisləşib, həkimlər ona baletlə vidalaşmağı məsləhət görüblər.
Bundan sonra Filippov estrada teatr-studiyasına daxil olub. 1935-65-ci illərdə Leninqrad Komediya Teatrının, 1965-ci ildən isə "Lenfilm" kinostudiyasının aktyoru olub, bir sıra kinokomediyalardakı rolları ona geniş tamaşaçı rəğbəti qazandırıb. Teatrda işlədiyi dövrdə məşqləri tez-tez buraxsa da, rəhbərlik belə intizamsızlığı ona bağışlayırdı, çünki əmin idi ki, Filippov hər bir obrazı birinci dəfədən canlandırmağa qadirdi. Maraqlı zahiri görünüş, plastik olmaq bacarığı, dərin müşahidə qabiliyyəti və bu müşahidələri, insanların davranışındakı qüsurları ən sərrast, ən amansız şəkildə tamaşaçılara çatıdrmaq keyfiyyəti onun aktyorluq potensialının əsasını təşkil edirdi. İfasındakı qrotesk, karikatura tərzi ona hər bir rolun öhdəsindən ən üzvi şəkildə gəlməkdə mane olmurdu. Ötən əsrin 40-60-cı illərində Filippov keçmiş SSRİ-də ən populyar aktyorlardan biri idi. Lakin adamayovuşmaz xarakterə malik olan aktyor çox tez bir zamanda öz populyarlığından, hər yerdə onu tanıyıb, salamlayan pərəstişkarlarından bezib, hətta belə münasibəti ələsalma kimi qəbul edib. Etiraf etmək lazımdır ki, ölməz Arif Babayevin "Azərbaycanfilm" kinostudiyasında çəkdiyi "Alma almaya bənzər" filmindəki üç müxtəlif mütəxəssis obrazı Filippovun yaradıcılığında fərqli yer tutur. Bütün SSRİ-ni güldürən aktyorun son günləri yumşaq desək, ürəkaçan olmayıb.
Y.Morqunovun xatirələrinə görə, həyat yoldaşının vəfatından sonra tək-tənha qalan və xərçəng xəstəliyinə tutulan aktyorun qonşuları yardım üçün "Lenfilm"ə müraciət etsələr də, kinostudiyanın rəhbərliyi aktyorun taleyinə etinasızlıq göstərib, Filippovun dəfninə heç bir vəsait ayırmayıb. Və onda sovet kinosunun Şuriki kimi tanıdığımız Aleksandr Demyanenko təqaüdçü aktyorlara müraciət edərək onların maddi köməkliyi sayəsində Filippovun dəfnini təşkil edib.
"GÜNLƏRİN BİR GÜNÜ" VASİF
Rusiyanın xalq artisti Semyon Lvoviç Farada (əsl soyadı Ferdman) (1933-2009) Moskva yaxınlığındakı Nikolsk kəndində Jitomir yəhudlərinin ailəsində anadan olub. N.Bauman adına Moskva Dövlət Texniki Universitetini bitirdikdən sonra mühəndis vəzifəsində çalışıb. 1970-71-ci illərdə estrada artisti, 1972-ci ildən isə "Taqanka" dram və komediya teatrının aktyoru kimi fəaliyyət göstərməyə başlayıb. 1968-ci ildən kinoya çəkilir. Yüzdən çox filmə çəkilən Farada epizodik rolların ustası kimi tanınır. 1996-cı ildən N.Kryuçkov adına "100 rol" aktyor klubunun rəhbəri idi. 2000-ci ildən insult nəticəsində nitq qabiliyyətini itirdiyi üçün filmlərə çəkilməyib. S.Faradanın həyat yoldaşı Mariya Poliseymako, oğlu Mixail Poliseymako da aktyordurlar. S.Farada 1976-cı ildə "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Günlərin bir günü", Mixail Poliseymako isə Murad İbrahimbəyovun "Qaçmağı düşünürəm" və "Üç qız" filmlərində çəkilib.
"AD GÜNÜ" ƏLİ
David Uplisaşvili 1946-cı ildə anadan olub. 1968-ci ildən Ş.Rustaveli adına Tiflis Dövlət Dram Teatrının aktyorudu. 1976-cı ildən kinoya çəkilsə də, filmoqrafiyasında cəmi yeddi film var. 1977-ci ildə "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan (qur. rej. Rasim Ocaqov) "Ad günü" filmində əsas obrazlardan biri olan Əli roluna çəkilib.
"ŞİR EVDƏN GETDİ" ZOOPARK GÖZƏTÇİSİ
Sovet və Rusiya teatr və kino aktyoru, dublyaj ustası Vsevolod Abdulov (1942-2002) Moskvada, Rusiyanın xalq artisti, sovet uşaq radio teatrının yaradıcısı Osip Abdulovun ailəsində anadan olub. Zavadski, Ranevskaya, Plyatt, Maretskayanın həmkarı olan atasının sayəsində Vsevolod kiçik yaşlarından teatra və kinoya məhəbbət ruhunda böyüyüb. Gümüş əsrin sonuncu mogikanları olan valideynlərinin evdə yaratdıqları ab-hava onun bütün davranışına təsir göstərdiyi üçün müasirlərindən fərqlənib. Onu əvvəlcə gələcəyin Mosartı kimi görürdülər. Lakin 6 yaşı olanda atası Vsevolodu studiyaya, mikrofonun qarşısına gətirib və bundan sonra onun kadrarxası aktyorluq karyerası başlanıb. 1953-cü ildə atası vəfat edəndən sonra ailənin maddi vəziyyəti çox çətinləşib. Radiodan savayı Vsevolod həm də dublyaj studiyasında çalışaraq 12 yaşına kimi əməlli-başlı təcrübə qazanmışdı.
1960-cı ildə o, Moskvanın bütün teatr məktəblərinə sənəd verir, lakin B.Şukin adına Teatr məktəbinə və Dövlət Teatr Sənəti İnstitutuna qəbul olunsa da, daha çox ürəyincə olan Moskva Bədaye Teatrının (MXAT) nəzdindəki Məktəb-studiyaya qəbul olunmaq hələ alınmırdı. Məsləhətləşmələrin birində V.Abdulov yuxarı kursda oxuyan Vladimir Vısotski ilə tanış olur. Vısotski ona bəzi keyfiyyətlər aşılayır və nəticədə V.Abdulovu həmin məktəb-studiyaya qəbul edirlər. Vısotski ilə Abdulovun dostluğu isə getdikcə möhkəmlənir, hətta ölməzdən əvvəl dostuna bir neçə mahnı da həsr edir. Vısotskinin vaxtsız vəfatı Abdulova çox ağır təsir göstərib, o, dostu üçün möhkəm darıxırmış.
Teatr və kino fəaliyyəti ilə yanaşı, V.Abdulov qiraət ustası və radiotamaşaların iştirakçısı kimi də tanınır. Moskva Dövlət Bədaye Teatrına Oleq Yefremov baş rejissor təyin olunana qədər Abdulov üzdə olan aktyorlar sırasında olub.
1977-ci ilin payızında V.Abdulov Bakıdan, "Şir evdən getdi" filminin çəkilişlərindən (o, Rasim İsmayılovun bu filmində Zooparkın gözətçisi rolundadı -red.) qayıdarkən Yefremov şəhəri yaxınlığında onun yol getdiyi maşının qabaq təkəri partlayıb, maşın özü isə 6 dəfə çevrilib. Ağır zədələr və beyin silkələnməsi diaqnozu ilə o, xəstəxanaya yerləşdirilib və 21 gün huşsuz vəziyyətdə olub. Bahara yaxın aktyorun vəziyyəti yaxşılaşsa da, bu qəza onun həyatına və yaradıcılığına öz ağır təsirini göstərib. Abdulov artıq əvvəlki intensivliklə teatrda oynaya bilmirdi, son illər isə yaddaşı tamam zəifləmişdi, kinoya çəkilməkdən imtina edirdi. Özünü bütünlüklə radioya həsr etmişdi. V.Abdulov teatrda, kinoda, radioda oynadığı müxtəlif rollarla yanaşı, çoxlu sayda Rusiya və digər ölkələrin cizgi filmlərini, "Şokolad", "Drakula" və s. kimi ekran əsərlərini səsləndirən və dublyaj edən aktyorlardan biri kimi də tanınır. O, həm də "Altı xəbər" və "Sənədli detektiv" verilişlərinin "səsi" olub.
Samirə Behbudqızı
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.