Mədəniyyət

"Ötən ilin son gecəsi" - 30

26 Dekabr 2013 02:00
3 Şərh     Baxış: 12 849
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bayram ərəfəsinin, xüsusən də Yeni təqvim ili ərəfəsinin yazılmamış ənənələrindən biri möcüzənin baş verməsinə, arzuların çin olmasına inanmaqdı. Möcüzə "illüziya" anlayışı ilə, "illüziya" isə kino və televiziyanın imkanları ilə çox yaxındı. Azərbaycan kino və televiziyası belə illüziyalar sarıdan o qədər də zəngin olmasa da, qış fəslinin əsas bayramının ovqatını yaradan filmlərimiz yox deyil. Onlardan biri "Ötən ilin son gecəsi" ekran əsəridir. Bu il əsərləri bütöv bir nəslin dünyagörüşünün, zövqünün zənginləşməsində əhəmiyyətli rol oynamış ədiblərdən biri, xalq yazıçısı Anarın hekayəsi və ssenarisi əsasında mərhum kinorejissor Gülbəniz Əzimzadənin (1947-2006) çəkdiyi filmin ekranlara çıxmağından 30 il ötür. Mərkəzi Televiziyanın sifarişi ilə çəkilmiş filmin quruluşçu operatoru Valeri Kərimov (1945-1998), quruluşçu rəssamı Mayis Ağabəyov, bəstəkarı Aqşin Əlizadədir.

Milli.Az olaraq "söz vaxtına çəkər" kəlamına "həm də səbəbinə çəkər" əlavə edib Yeni il ərəfəsində və yubiley ildönümündə "Ötən ilin son gecəsi" filminin yaranma tarixçəsinə nəzər saldıq. Yaradıcı heyətin bəzi ifaçı üzvləri çəkiliş məqamları ilə bağlı xatirələrində yaşayan duyumları, məmnuniyyətlə, oxucularımızla bölüşdülər.

Filmdə Dilarənin uşaqlığını canlandırmış yazıçı-publisist Günel Anarqızı:

- 12-13 yaşında idim, Dilarənin uşaqlığını oynamağı həvalə etmişdilər. Foto və kino sınaq çəkilişləri oldu. Böyük qardaş Rüstəmin uşaqlığını dayım oğlu Yusif Səfərov oynayıb. Yeni il bayramının əhvalını təsvir etməli idik. O uşaqlardan ancaq Ayan aktrisa oldu...

- Görünür, həvəsiniz olub aktyorluq sənətinə? Yəqin ki, çəkiliş meydançası, kinokamera ilə bağlı sizdə xoş təəssürat qaldığına görədi?

- Ciddi şəkildə həvəsim olmasa da, çəkiliş prosesi mənə çox maraqlı görünürdü - dublların sıralanması, film hazır olandan sonra ekranda özünü görüb təəccüblənmək kimi təəssüratlar məndə çox xoş xatirə kimi qalıb. Hətta vaxtilə kinoya çəkilən adamlara qibtə edirdim, fikirləşirdim ki, onlar dərhal məşhurlaşırlar.

- Əsərin ovqatının həyatınızda hansı yeri olub? Ötən ilin son gecəsi sizin üçün nə deməkdi, adətən bu bayramı necə keçirmisiniz və keçirirsiniz?

- Təbii ki, bu əsər mənim üçün çox doğmadı. İnsan yaşa dolduqca, bu hekayənin və filmin ruhunu daha dərindən anlamağa, nəsillər arasındakı münasibətlərin incəliklərini daha aydın qavramağa başlayır. İndi mən artıq bu əsərə personajlar arasındakı münasibətləri izləmək nöqtəsindən yox, ananın mövqeyindən yanaşıram, çünki özüm də anayam. Mən dəyişdikcə əsərin qayəsinə, oradakı hadisələrə münasibətim də dəyişir. Anlayıram ki, bir gün gələcək, indi hər yeni ili mənimlə qarşılayan övladlarımın öz yuvaları olacaq. Təbii ki, mənim də müəyyən yaş dövründə yeni il axşamını dostlarımla keçirdiyim vaxtlar olub, amma gecə saat 12-yə az qalmış mütləq valideynlərimizin başına toplaşmışıq. Bu ənənə indi də davam edir.

Filmdə Həmidə rolunu ifa edən xalq artisti Elmira Şabanova:

- Bu, mənim kinoda ən böyük rolumdu. Anarın bu hekayəsi o vaxt keçmiş sovet məkanında geniş yayılmışdı. Və baş rolda Zərnigar Ağakişiyeva olmaqla 78-ci ildə Azərbaycan televiziyasında tamaşaya qoyulandan sonra (quruluşçu rejissorlar Ramiz Həsənoğlu və Tariyel Vəliyev (1944-2012) - red.) Moskva televiziyası da bu hekayənin teletamaşa versiyasını hazırlamışdı. Baş rolda da Vaxtanqov adına teatrın aktrisası Lyudmila Selikovskya çəkilmişdi. Tamaşa o qədər də uğurlu alınmasa da, Azərbaycan ədibinin əsərinin Mərkəzi Televiziyada tamaşaya qoyulması bir fakt kimi, əlbəttə, çox önəmlidi. (Yeri gəlmişkən, Mərkəzi Televiziyanın çəkdiyi K.Qoldoninin "Mehmanxana sahibəsi" komediyasının tamaşası da Azərbaycan Televiziyasının həmin əsər üzrə teletamaşa versiyasına nəzərə çarpacaq dərəcədə uduzur - S.B.) Demək istəyirəm ki, əsər çox bəyənildiyi üçün onu televiziya filmi şəklində də ekranlaşdırmaq qərarına gəlmişdilər.

Bu filmin çəkilişini mənim kinokaryeramın başlanğıcı da hesab etmək olar. Məsələ burasındadır ki, üçüncü kursda ailə quranda həyat yoldaşım, kinorejissor Rüfət Şabanov (1922-1998) aktrisalıq fəaliyyətimi yalnız 40 yaşından sonra davam etdirməli oluduğumu istədiyini dedi. Mən təbii ki, ailə həyatını aktrisa karyerasından üstün tutdum. Yalnız pedaqoji fəaliyyətlə məşğul oldum. Uzun fasilədən sonra kinoda ilk işim elə yoldaşımın çəkdiyi "Gəmi saatının sirri"(1983) filmində oldu. "Ötən ilin son gecəsi" filmi çəkilməsi məsələsi qərara alınanda rəhmətlik Gülbəniz Əzimzadə dedi ki, madam, kişi artıq icazə verir, bu filmdə baş rolu sənə təklif edirəm. Mən tanımadığım, iş prinsipinə, potensialına bələd olmadığım rejissorun təklifini qəbul etmirəm. Gülbənizə isə bələd idim və inanırdım.

- Sınaq çəkilişi oldu, yoxsa sınaqsız çəkildiniz?

- Yox, sınaq çəkilişi oldu. Sınaq çəkilişində Anar məni çox bəyəndi, qucaqlayıb öpdü. Özü də məşqlərin əksəriyyətində iştirak edirdi. Bu obrazı ekranda canlandırmaq mənim üçün o qədər də çətin deyildi - Həmidə ilə yaşlarımız uyğun idi, ailəsinin xətrinə müğənni olmaq arzusundan əl çəkmişdi. Ona görə talelərimizdə uyğun cəhətlər az deyil. Qəzənfər rolunu çox təbii canlandıran rəhmətlik Şahmarla (aktyor və kinorejissor Şahmar Ələkbərov (1943-1992) - red.) tərəf-müqabili olmağım çox ürəyimcə idi. Hayıf ki, Şahmarın rolunun həcmi az idi. Film ekranlara çıxan kimi uğur qazandı. SSRİ xarici işlər naziri Qromıkonu filmin mövzusu elə tutubmuş ki, televizorla nümayişin başa çatmasını gözləməyə hövsələsi çatmayıb, mədəniyyət məsələləri üzrə məsul şəxs olan Lakinə zəng vurub Həmidənin övladlarının ata ocağına qayıdıb-qayıtmamalarını xəbər alıb. Süjetə görə onlar qayıtmırlar, amma Gülbəniz xanım filmin finalını bir qədər ümidverici tərzdə çəkib.

- Filmin çəkilişindən o dövrə xas olan ən xarakterik cəhət kimi yadınızda nə qalıb?

- O illərdə defisit idi. Ona görə çəkiliş üçün hazırlanmış süfrənin düzənini günlərlə pozmamağa  çalışırdıq (gülərək əlavə edir). Hətta kimsə süfrədən nəsə götürüb yemək istəyəndə çəkiliş qrupunun belə işlərə cavabdeh şəxsləri icazə vermirdilər. Doğrudur, o vaxt mağazalar ağzına qədər dolu deyildi, amma az da olsa, tapılan hər şey təbii idi, bəlkə elə buna görə insanlar arasındakı münasibətlər daha səmimi idi.

Çəkilişlər avqust ayında aparılıb. İstidən "bişirdik". Amma filmin rəssamı Mayis Ağabəyovun və operatoru mərhum Valeri Kərimovun ustalığı sayəsində "Torqovı"da qış ab-havası yaradılmışdı. Mənzil həqiqi mənzil deyil, kinostudiyanın pavilyonudu. Həmidənin nəvəsini yatızdırmaq epizodu bir az çətinliklə, bir neçə dubla çəkildi. Uşaqlarla işləmək asan deyil axı. Həmin uşaq yuxulamalı idi, amma yuxulaya bilmirdi. Onu da deyim ki, laylayı özüm oxumuşam. Nəhayət, hansısa dublda uşaq yuxuya getdi. "Stop, çəkildi" deyəndə ayılıb, çox dilxor oldu, dedi ki, mən yatmaq istəyirəm.

Ayan Mirqasımovanın oynadığı Dilarənin dalınca gələn sinif yoldaşlarının rolunda rəhmətlik Şahmar Ələkbərovun qızları İzulətlə Ləmanın çəkilməyinin təşəbbüskarı isə mən oldum, dedim ki, Şahmar, qoy qızlar çəkilsinlər, kino tarixində qalsınlar. Çox yaxşı qızlardı...

Bu rolumu çox istəyirəm. Özü də sizə deyim ki, filmə birinci dəfə baxanda özümü qətiyyən bəyənməmişdim. Amma zaman keçdikcə ən ürəyimcə olan roluma çevrildi. Yadımdadı, premyeradan sonra yoldaşımla Moskvaya getmişdik, demək olar ki, hamı məni tanıyırdı, artıq yoldaşım da mənimlə fəxr edirdi, məni kiməsə təqdim edəndə bu filmdəki rolumu da xatırladırdı.

Dilarə rolunda çəkilən əməkdar artist Ayan Mir-Qasım:

- Biz Gülbəniz xanımla "Təkcə adanı özünlə apara bilməzsən" filmindən tanış idik. Uşaqlarla işləməkdə onun xüsusi qabiliyyəti var idi. Uşaqlar onun isti, səmimi münasibətini dərhal hiss edirdilər. Bu isə çox vacib şərtdi. Çünki yalnız belə olanda dərhal etibar yaranır. Etibar olmadan isə heç bir iş baş tuta bilməz. Məhz bu qarşılıqlı etibarın sayəsində əvvəlki filmdən fərqli olaraq "Ötən ilin son gecəsi" filmindəki Dilarə roluna mən yeganə namizəd idim. Yalnız foto sınaq çəkilişim oldu. Onu da deyim ki, mən bu əsərlə hələ 8 yaşında olanda tanış olmuşdum. Bir dəfə Azər Paşa Nemətov bizə gəlmişdi. Məndə isə o yaşda artıq aktrisalıq əlamətləri müşahidə olunurdu - kətilin üstünə çıxıb deklamasiya eləməyi, nəyisə, kimisə təsvir, təqlid etməyi sevirdim. Azər Paşa müəllim də mənim kütləyə belə açıq uşaq olduğumu görüb atama demişdi ki, indi Gənc Tamaşaçılar Teatrında Anarın "Ötən ilin son gecəsi" hekayəsini tamaşaya qoyuram, orada mənə belə bir uşaq lazımdı. Atam da, məmnuniyyətlə, razılıq verdi.

- Filmə çəkiləndə tamaşadakı təəssüratlarınızdan hansısa üzə çıxmırdı ki?

- Demək olar ki, yox. Çünki əsərlə o tamaşadakı təmasımla filmdəki təmasım arasında fərq az deyil - filmə çəkiləndə mən artıq yeniyetmə idim. Həm də o teatr idi, bu isə kino, rejissorlar da bir-birindən çox fərqlidirlər. Bu, elə əsərlərdəndi ki, burada ötəri personaj yoxdu, hər bir personajın ayrıca missiyası var. Mən bu filmə bir neçə il bundan əvvəl nə tələbkar tamaşaçı, nə özü o filmdə çəkilmiş aktrisa kimi yox, sırf ana kimi baxdım. Və bu tamam başqa rakurs oldu.

- Nə gördünüz bu rakursdan?

- Bütün diqqətim məhz ana obrazında cəmləşdi. Atalar və oğullar mövzusu əbədi mövzu olduğu üçün istər ədəbiyyat, istərsə də teatr və kino tarixində buna aid çoxlu nümunələr var. Anar bu mövzuya humanizm nöqteyi nəzərindən yanaşıb. Hər kəs müxtəlif məqsədlə dünyaya uşaq gətirir. Bəziləri hamı kimi olmaq üçün, bəziləri ahıl yaşına çatanda kiminsə qayğısına ehtiyac duyacaqlarını fikirləşdikləri üçün. Və yalnız az qism insanlar bu məsələyə daha dərindən yanaşaraq yeni bir insanı xoşbəxt etmək ovqatına kökləndikləri üçün valideyn olmağa can atırlar. Bu əsərdəki ideya sonuncu ovqatı qabardır, ordakı valideynlər məhz bu cürdürlər. Burada Azərbaycan ailəsinə xas bütün cəhətlər var. Atanın monoloqu ananın xarakterini tamamlayır. Əlbəttə, Şahmar Ələkbərov buradakı Ata obrazı üçün əvəzsiz namizəd idi. Onun qızları isə mənim sinif yoldaşlarım rolunda son dərəcə təbii və sevimli idilər. Və şübhəsiz ki, Elmira Şabanova Şahmar müəllimə ən layiqli tərəf-müqabili idi. Filmdə çəkilən uşaqların hamısını Elmira xanım birləşdirirdi. Kamera, kino sənəti onu çox sevir. Ana obrazı üçün isə bu aktrisada hər şey var. Biz uşaqlar bunu çox aydın hiss edirdik.

- Sizin kiçik qardaşınızı və bacınız oğlunu oynayan uşaqlarla sonra görüşmədiniz ki?

- Təəssüf ki, yox. Kiçik qardaşım Tofiqi oynayan Elman Allahverdiyevlə çoxlu sınaq çəkilişlərimiz olmuşdu, amma o vaxtdan onunla rastlaşmamışam. Yalnız bir dəfə, on il bundan əvvəl 25-30 yaşlarında bir oğlan mənə adımla müraciət edərək salamlaşdı. Gördü ki, mən onu tanımadım, dedi ki, "Ötən ilin son gecəsi" filmində birlikdə çəkilmişik. Bu, filmdə mənim bacım oğlu Vaqifi oynayan Zaur Cəbiyev idi. Məlum oldu ki, incəsənət sahəsini seçməyib. Onunla rastlaşmağım mənim üçün gözəl sürpriz oldu.

Teatr və kino aktyoru, filmdə Qəzənfər obrazını canlandıran Şahmar Ələkbərovun təqdimata xüsusi ehtiyacı olmasa da, xatırladaq ki, teatr və kino aktyoruluğu, ssenari müəllifliyi, kinorejissorluq, dublyaj sahələrində özünün solmaz dəsti-xətti qalan Ş.Ələkbərov 140-dan çox filmdə çəkilib, "Sahilsiz gecə", "Qəzəlxan", "Yük" filmlərinin quruluşçu rejissoru olub.

Filmdə Süleyman rolunu ifa edən teatr və kino aktyoru, rejissor, xalq artisti Rafiq Əliyevin filmoqrafiyasında 50-yə yaxın film var.

Filmdə Gülarə rolunda çəkilən Mayya İsgəndərova haqqında müəyyən məlumatı yalnız A.Mir-Qasımla söhbət əsnasında əldə edə bildik. A.Mir-Qasım: "Mayya xanım "VQİK"də (ÜDKİ -red.) bizə Azərbaycan dilində səhnə danışığı fənnindən dərs deyib. O, özü də vaxtilə Yevgeni Matveyevin tələbəsi olub. Çox güman ki, indi də Moskvada yaşayır və daha çox pedaqoji fəaliyyətlə məşğuldur. Doğrudur, bəzi titrlərdə onun adı "Mahirə İsgəndərova" kimi yazılır, amma biz ona "Mayya xanım" deyə müraciət edirdik."

M.İsgəndərova C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan "Anlamaq istəyirəm", "Birisigün, gecəyarısı...", "Üzeyir ömrü", "Ötən ilin son gecəsi", "Hədiyyə", "Qətl günü" filmlərində çəkilib.

Filmdə Rüstəm rolunda çəkilən Kamil Zöhrabov hazırda ABŞ-da yaşayır. "Ötən ilin son gecəsi" onun debütüdü. Bundan savayı "Gümüşgöl əfsanəsi", "Bircəciyim", " İşarəni dənizdən gözləyin", "Özgə ömür", "Alman klinikasına şəxsi səfər", "Boş yer", "Yapon" və yaponiyalı" filmlərində çəkilib.

Filmdə ayrıca məna yükü olan Poçtalyon obrazının yaradıcısı mərhum aktryor Dadaş Kazımov epizodik rolların ustası olan ifaçı kimi tanınır. "Axırıncı aşırım", "İstintaq" filmlərindəki rolları daha çox yadda qalıb. 60-dan çox filmə çəkilib.
 

Samirə Behbudqızı
Milli.Az

 

Azərbaycanın kino incilərindən:

Aktyorlarımızın vokal imkanları - ARAŞDIRMA

Kinomuzun əcnəbi cəngavərləri - ARAŞDIRMA - FOTO

"Belə gənclərin qədrini bilmək lazımdır..."

Əməkdar incəsənət işçisi: "Yaşar Nuri, Fuad Poladov, Fəxrəddin Manafov kimi aktyorlarla..." - FOTO

"Fuad Poladov, Həsənağa Turabov, Səməndər Rzayev, Yaşar Nuri, kimi aktyorlarla..."


"Sehrli xalat"ın sehrinə düşənlərdən birinin xatirələri - FOTO


Azərbaycanın məşhur aktyoru: "Sonra bəyəndiyim qızla ailə həyatı qursaq da..."


Ekrandakı jurnalist və ya Müxtəlif qadınlarla xəyanət...


Eyzenşteynlə Kozintsevin tələbəsi Bakıda qısqanclıqla qarşılaşıb - FOTO


"Çəkilişlərdə məzəli bir hadisə olmuşdu..." - FOTO - MÜSAHİBƏ


Ramiz Əzizbəyli: "Məni öldürmək istəyirdilər..." - MÜSAHİBƏ


"Kinostudiyanın yanından keçəndə o tərəfə baxmıram" - FOTO


"Babamı qınayanlar haqlı deyillər" - FOTO


Cəbiş müəllim damdan niyə yıxılıb?


Ürəyini səsinə verən müğənninin oğlu: "Atamla şəhərə çıxıb iki addım getmək mümkün deyildi" - FOTO


Artistlik etməyən Aktyor: gülə-gülə ölən Əliağa Ağayev son filmində niyə ağlamışdı? - FOTO


Üç dəfə ailə quran Barat Şəkinskaya hər ayrılığında qızına sadəcə... "hazırlaş, köçürük" deyib - FOTO

"Dəli Kür" filminin Rus Əhmədini erməni öldürüb - FOTOSESSİYA

"Əhməd haradadır"ın Ceyranı: "Bakıda aldığım travma mənə ömürlük bəs etdi"- FOTO-VİDEO

Rəna Səlimova: "Aktrisa olduğum üçün həyat yoldaşımın ailəsi məni qəbul etmirdi" - FOTO 

"Yeddi oğul istərəm"in Qəqənisi: "İçimdəki "ağlamaq mexanizmini" işə saldım və ..." - FOTO 

"Asif, Vasif, Ağasif" filminin Asifi: "Xristianlığı qəbul edəndə ailəm şoka düşdü" - FOTO 

Tamara Ağamirova: ""O olmasın, bu olsun" filmini tənqid еdənlər sırasında mənim gələcək həyat yoldaşım da var idi" - FOTOSESSİYA 

Bəstəkar Emin Sabitoğlunun qızı: "Atamın Xədicə Abbasova ilə evlənməsini yaxşı qarşılaya bilməzdik" - FOTO

Fuad Poladov: "Təlxək rolunu oynayana "xalq artisti" adı verdilər, o da Qacarı yaratmış aktyora - Hamletə "sağ əlim sənin başına" deyirdi"

Qara Qarayevin oğlu Fərəc Qarayev: "Evə gələndə üst-başı qan içində idi..." - FOTO

Bəstəkar Nazim Mirişli: "Futbolun ucbatından Bethovenin konsertini ifa etməkdən məhrum oldum" - FOTOSESSİYA

Bakı nostaljisi: Azərbaycan yəhudiləri haqqında film çəkiləcək - FOTO 

Azərbaycanın cizgi filmlərini hansı məşhurlar səsləndiriblər?

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.