Dünya

Roma Kolizeyinin arenası yüksək texnologiyalar əsasında bərpa olunacaq - FOTO

5 May 2021 22:35
Baxış: 1 077
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya tarixinin ən möhtəşəm abidələrindən olan Roma şəhərində yerləşən Kolizey amfiteatrında qladiator döyüşlərinin keçirildiyi arena bərpa ediləcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Milan şəhərində fəaliyyət göstərən "Milan Ingegneria" şirkəti arenanın yüksək texnologiyalar əsasında bərpası üçün elan edilmiş beynəlxalq tenderin qalibi olub. İtaliyanın mədəniyyət naziri Dario Françeskini bildirib ki, 19-cu əsrə kimi mövcud olmuş platforma bərpa ediləcək. Nazirin sözlərinə görə, smeta dəyəri 18,5 milyon avroya çatan bərpa işləri bu ilin sonunda başlayacaq və 2023-cü ildə yekunlaşmalıdır.

"Milan Ingegneria" şirkətindən bildirilib ki, asanlıqla sökülə bilən və çevik strukturlu platforma yüksək texnologiyalar əsasında hazırlanacaq. Kolizeyə baş çəkən insanların arenada hərəkəti mobil panellər üzərində mümkün olacaq və bunu təmin etmək üçün panellər heç bir mexaniki bağlantılar olmadan divar strukturları üzərinə yerləşdiriləcək. Üç min kvadratmetr sahəyə malik bu panellər sayəsində Kolizeyin arenasında hərəkət edən insanlar iki min il bundan öncə qladiator döyüşlərinin keçirildiyi bu meydan və onu əhatə edən tamaşaçı sektorları barədə daha aydın təsəvvürlərə malik olacaqlar. Ağac materialından hazırlanan panellərin bir hissəsi hərəkətli arakəsməli olacaq və bu da həm arenanın alt qatını gün işığı ilə təmin edəcək, həm də ölüm-dirim savaşına çıxmazdan öncə qladiator və vəhşi heyvanların saxlandığı kameralara baxış imkanı yaradacaq.

Qeyd edilməlidir ki, eramızın 70-80-ci illərində inşa edilən və dünyada ən böyük antik amfiteatr sayılan Kolizey və ya Flavi amfiteatrı qladiator və vəhşi heyvan döyüşlərinin, eləcə də ictimai edamlarların keçirildiyi məkan olmuşdur. Təxminən 450 il Roma sakinlərinin əsas əyləncə yerlərindən biri olan və 70 min tamaşaçı tutan Kolizey hazırda əbədi şəhərin və ümumilikdə İtaliyanın simvolları sırasında yer alır. Təkcə 2019-cu ildə Kolizeydə 7,6 milyon turist olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.