Dünya

Ötən il Yaponiyanı ziyarət edən turistlərin sayı rekord həddə çatıb

10 Yanvar 2020 22:56
0 Şərh     Baxış: 851
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanı 2019-cu ildə ziyarət edən turistlərin sayı rekord sayda artaraq 31 milyon 880 min nəfər təşkil edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə yanvarın 10-da Yaponiyanın Torpaq Ehtiyatları, İnfrastruktur, Nəqliyyat və Turizm naziri Kazuyoşi Akaba deyib. Yeddi ildir ki, fasiləsiz olaraq bu göstəricinin artdığını bildirən nazir, ötən illə müqayisədə həmin rəqəmin 2,2 faiz çoxaldığını da deyib.

Xatırladaq ki, bu, 2020-ci ildə Yaponiya hökumətinin əcnəbi turistlərin sayını 40 milyona çatdırmaq barədə qarşıya qoyduğu vəzifəni həyata keçirə bilməyəcəyi deməkdir. Buna baxmayaraq, 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunları zamanı əcnəbi turistlərin sayının artacağı ehtimal olunsa da, əvvəlki illərin təcrübəsi həmin vaxt bu yerlərdə insanların sayının həddindən artıq çoxalması və qiymətlərin kəskin artması səbəbindən bu şəhərlərə can atanların sayının azaldığını təsdiq edir.

Yaponiyanın ən böyük turizm şirkətlərindən biri olan "JTB Corp." agentliyinin proqnozlarına görə, cari ildə Yaponiyanı ziyarət edəcək turistlərin sayı 34,3 milyona çatacaq.

Turistlərin sayının azalması səbəblərindən biri kimi Yaponiya ilə Koreya Respublikası arasında davam edən gərginlik göstərilir. Belə ki, ötən ilin avqustundan başlayaraq bu ölkədən gələn turistlərin sayı 65 faizə enib. Ümumiyyətlə, Koreya Respublikasından gələnlərin ümumi turistlərin 20 faizini təşkil etdiyi bildirilir. Buna baxmayaraq, viza məhdudiyyətlərinin azalması, Çindən və Asiyanın digər ölkələrindən Yaponiyaya gələn təyyarə reyslərinin sayının artırılması keçən ilin yanvarından noyabrınadək bu ölkəyə gələn turistlərin sayının artmasına səbəb olub.

Eyni zamanda, ötən il Yaponiyada keçirilən Reqbi üzrə Dünya çempionatı Böyük Britaniya, Rusiya və digər ölkələrdən Yaponiyaya gələn turistlərin sayına təsir edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.