"Ukrayna son dərəcə vacib humanitar yardım almağa başladı: Rusiya Federasiyasının silahlı təcavüzündən zərər çəkmiş şəxslərə dərmanlar və tibbi avadanlıqlar verilir. Biz Ukraynaya əməli dəstəyə görə dost Azərbaycana dərin təşəkkürümüzü bildiririk".
Milli.Az xəbər verir ki, bunları Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski özünün tviterdəki hesabında yazıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Ukraynaya humanitar yardım məqsədilə təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi üçün dərman preparatları və tibbi avadanlıqlar göndərilib. Tibbi vasitələrin yükləndiyi təyyarə bu gün yola düşüb.
Tibbi vasitələrin yardımı ilə bağlı təhvil-təslim aktını Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski və TƏBİB-in İdarə Heyəti sədri vəzifəsini icra edən Vüqar Qurbanov imzalayıblar.
Milli.Az