Türkiyənin "Qalatasaray" futbol komandasının baş məşqçisi Okan Buruk Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşması çərçivəsində "Liverpul"la keçiriləcək oyun öncəsi açqlamasında UEFA tərəfindən "sarı-qırmızılı" azarkeşlərə tətbiq edilən cəzaya sərt reaksiya göstərib.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Buruk azarkeşlər üçün ayrılan sektorun rəqib komandaya verilməsini qəbulolunmaz adlandırıb.
"Bu cəza ədalətli deyil. "Qalatasaray" azarkeşlərinə məxsus tribunanın "Liverpul"a verilməsi doğru deyil. Başqa şəxslərin səhvinə görə günahsız insanlar cəzalandırılır. Bu qərar nə haqdır, nə də doğru. Biz harada olmağımızdan asılı olmayaraq bizi dəstəkləyən azarkeşlərimiz üçün oynayacağıq", - deyə baş məşqçi söyləyib.
Rəqib barədə də danışan baş məşqçi komandasının fiziki hazırlığına güvəndiyini bildirib:
"İndiyə qədər "Liverpul"la iki oyun keçirmişik və hər ikisində lazımi atletizmi nümayiş etdirmişik. Onlar fiziki cəhətdən çox güclüdürlər, lakin biz də bu mübarizəyə hazırıq. Heyətimizdə Davinson Sançes kimi mühüm itki olsa da, onu əvəzləyəcək hazır oyunçularımız var".
Okan Buruk hədəfinin növbəti mərhələ olduğunu vurğulayıb:
"Tək xəyalım turu keçməkdir. Rəqibi öz meydanımızda iki dəfə məğlub etsək də, indi səfər faktorunu nəzərə almalıyıq. Futbolçularıma inanıram, bu gecə türk futbolu üçün tarixi bir an ola bilər".
Qeyd edək ki, "Qalatasaray"ın "Liverpul"la qarşılaşması bu axşam Bakı vaxtı ilə saat 23:59-da start götürəcək.
Milli.Az





