Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında, Rəşid Behbudovun xatirə otağında görkəmli pianoçu və bəstəkar Vaqif Mustafazadənin anadan olmasının ildönümünə həsr olunmuş konsert-seminar proqramı təşkil olunub.
Tədbirdə Azərbaycanın tanınmış mədəniyyət və incəsənət nümayəndələri iştirak edərək Vaqif Mustafazadənin zəngin yaradıcılığı, onun Azərbaycan caz sənətinin formalaşması və inkişafına verdiyi misilsiz töhfələr barədə fikirlərini bölüşüblər.
Tədbirin əvvəlində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülviyyə Bəbirova çıxış edərək tədbir iştirakçılarını salamlamış, görkəmli bəstəkar və pianoçu Vaqif Mustafazadənin Azərbaycan musiqi mədəniyyətində xüsusi yer tutduğunu vurğulamışdır. O, Vaqif Mustafazadənin zəngin yaradıcılıq irsinin qorunub saxlanılmasının, onun sənət yolunun və caz məktəbinin gələcək nəsillərə ötürülməsinin böyük əhəmiyyət daşıdığını qeyd etmiş, bu kimi konsert-seminarların gənclərin milli musiqi irsinə marağının artırılmasında mühüm rol oynadığını bildirmişdir.
Çıxış edənlər sırasında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, Əməkdar incəsənət xadimi Rafiq Seyidzadə, Xalq artisti Salman Qəmbərov, Azərbaycanın ilk qadın caz ifaçısı Tünzalə Qəhrəman və aparıcı Tofiq Həsənsoy yer alıblar.
Konsert proqramı çərçivəsində Vaqif Mustafazadənin əsərləri gənc və istedadlı musiqiçilər: Məhəmməd Allahverdiyev, Elbəy Məmmədzadə, Əli Cəfərzadə, Etibar Ərdəbilli və Mədinə Paşayeva tərəfindən ifa olunub.
Tədbirin aparıcısı Hüseynağa Aslanov olub.
Konsert-seminar iştirakçılara Vaqif Mustafazadənin bənzərsiz yaradıcılıq dünyasını bir daha xatırladaraq, onun Azərbaycan caz məktəbinin inkişafında oynadığı mühüm rolu ön plana çıxarıb.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az





