Azərbaycanın yunan-Roma güləşçiləri Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirinin son günündə daha iki medal qazanıblar.
Milli.Az xəbər verir ki, bu barədə federasiyadan məlumat verilib.
Yarışın sonuncu günündə yunan-Roma güləşi üzrə millimizin bir neçə üzvü mübarizə aparıb.
60 kq
Nihat Məmmədli koreyalı Seunqhak Kimə (9:0), özbəkistanlı Mehrac Bəhramova (4:0) və serbiyalı Georgi Tibilova (3:2) qalib gələrək finala yüksəlib. Nihat həlledici görüşdə hindistanlı Sumit Sumit üzərində inamlı qələbə (5:1) qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bu çəkidəki digər təmsilçimiz İlkin Qurbanov 1/8 finalda qazaxıstanlı Qalim Kabdunassarova müqavimət göstərə bilməyib - 1:9.
63 kq
Ziya Babaşov təsnifat mərhələsində özbəkistanlı Asiya çempionu və dünya üçüncü İslamcan Bəhramova sonuncu xal prinsipinə əsasən (3:3) məğlub olub.
67 kq
Fərid Xəlilov koreyalı Byeonqqi Seonu (6:0) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda gürcüstanlı dünya və Avropa çempionu Leri Abuladzeyə ilk xal prinsipinə əsasən (1:1) məğlub olub.
77 kq
Sənan Süleymanov serbiyalı Aleksa İliçə (4:0) və moldovalı Aleksandrin Qutuya (8:0), özünü ilk dəfə bu çəkidə sınayan Ülvü Qənizadə isə xorvatiyalı Antonio Kamenyaseviçlə (1:1) koreyalı Hyeonjin Kanqa (3:3) qalib gələrək 1/4 finala yüksəliblər. Milli üzvləri bu mərhələdə qarşılaşmalı olsalar da, Ülvü xalçaya çıxmayıb və Sənan yarımfinala vəsiqə qazanıb. Süleymanov finalın bir addımlığında rusiyalı Sergey Kutuzova (6:8), bürünc medal görüşündə isə macarıstanlı Levente Levaya (2:3) məğlub olub.
82 kq
Qurban Qurbanov zədələndiyi üçün təsnifat mərhələsində moldovalı Mixail Bradu ilə görüşə çıxmadı və yarışdan çəkildi.
97 kq
Murad Əhmədiyev türkiyəli Abdulkadir Çebiyə (3:1), serbiyalı Uros Krstinə (9:0) və gürcüstanlı Giorgi Katsanaşviliyə (8:0) qalib gələrək yarımfinala adlayıb. Murad yarımfinalda gürcüstanlı Giorgi Meliaya 1:5 hesabıyla uduzub. Ancaq bürünc medal uğrunda mübarizədə rusiyalı İliya Yermolenkodan güclü olub - 8:4.
Onun çəki yoldaşı Arif Niftullayev hindistanlı Niteş Niteşə (9:0) və qazaxıstanlı Yussuf Matsiyevə (2:2) qalib gəlsə də, 1/4 finalda gürcüstanlı Giorgi Meliaya (tuş), təsəlliverici görüşdə isə rusiyalı İliya Yermolenkoya (3:3) məğlub olub.
Beləliklə, son yarış günündə "klassiklərimiz" 1 qızıl və 1 bürünc medal qazanıb. Yunan-Roma güləşi üzrə milli ilin son reytinq yarışını 4 medalla başa vurub. Xatırladaq ki, ötən gün Ruslan Nurullayev (72 kq) və İslam Abbasov (87 kq) üçüncü yeri tutub.
Milli.Az