Cəmiyyət

Düşmənin 6 əsgərini məhv edərək şəhadətə ucalan cəsur əsgər - FOTO

15 Noyabr 2021 23:05
0 Şərh     Baxış: 1 655
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şanlı Zəfərimizlə bitən Vətən müharibəsinin qəhrəman şəhid oğullarından biri də biləsuvarlı Fariz Hüseynlidir. Fariz müharibənin 6-cı günü mövqelərinə hücum edən düşmən kəşfiyyatının planlarını ürəyində qoyub. Üzərində olan F-1 qumbarasını səngərdə partladaraq, düşmənin 6 əsgərini məhv edib, özü isə şəhadətə ucalıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Fariz Hüseynli Masallı rayonunda usta ailəsində doğulub. Lakin onun uşaqlıq və gənclik illəri Biləsuvarla bağlıdır. Məskən saldıqları Biləsuvarın Əsgərabad kəndində usta övladının göz oxşayan əl işləri indi doğmaları üçün ən ülvi xatirəyə çevrilib.

Fariz dörd ay idi ki, həqiqi hərbi xidmətə yollanmışdı. Hərbi hissələrin birində təlim və kurslar keçmiş, sərbəst atıcı kimi püxtələşmişdi. O, Vətən müharibəsinin ilk günündə Talış kəndi istiqamətində döyüşlərə qoşulmuşdu.

"Döyüşlərin birində ermənilərlə üz-üzə gəlib. Tək olub. Güllə atmağa imkan tapmadığı üçün üzərindəki qumbaranı partladıb. Komandirinin dediyinə görə, 6 erməni öldürmüşdü, özü də şəhid olmuşdu", - deyə şəhid atası Dadaş Hüseynov bildirib.

Nazqayıt ana ötən bir il ərzində övladının qoxusunu indi onun iki körpə övladından alır: "Yaxşı ki, Fariz tez-tez yuxularıma gəlir. Bir dəfə gördüm, səngərdə uzanıb yatıb. Dedim Fariz quru yerdə niyə yatıbsan? Dedi ki, ana, bura bizim torpağımızdır. Bir dəfə də gördüm məni çağırır. Ana, namazın vaxtıdır, dur... Mənə görə narahat olma, salamat qal. Onun yoxluğu ilə barışa bilmirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin".

Şəhidin həyat yoldaşı Fatimə Hüseynova Farizlə sonuncu dəfə sentyabrın 30-da danışıb. "Dedi ki, bir-birinizdən, uşaqlardan muğayat olun. Atama-anama yaxşı bax, anam xəstədir. Çox xatirələri var... İki övladımız var, onları Farizin adına layiq böyüdüb tərbiyə edəcəyəm. Qoy, atalarının adını qürurla, ləyaqətlə daşısınlar", - deyə o söyləyib.

Əsgərabad kənd qəbiristanlığında dəfn olunan şəhid Fariz Hüseynli Tərtərin Talış kəndi, Laçın və Füzuli rayonları istiqamətində döyüşüb. Müharibənin 6-cı günü şəhadətə ucalıb. Ölümündən sonra "Vətən uğrunda", "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.