Cəmiyyət

Şuşada əlbəyaxa döyüş zamanı 40-dan çox erməni hərbçisini məhv edən şəhidimiz Elxan Hüseynov - FOTO

16 Dekabr 2020 21:05
Baxış: 2 922
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun ən çox fərqlənən və düşmənin canına qorxu salan birliklərimizdən biri də Xüsusi Təyinatlı Qüvvələr oldu. Xüsusi təyinatlılarımız 44 günlük Vətən müharibəsində göstərdikləri əsl qəhrəmanlıq və peşəkarlıq nümunələri ilə adlarını təkcə Azərbaycanın deyil, dünya hərb tarixinə də əsl rəşadət örnəyi kimi yazdırdılar. Müharibədə ən çətin əməliyyatlara cəlb olunan və bütün döyüşlərdən üzüağ çıxan xüsusi təyinatlılarımızın sıralarından neçə-neçə igidimiz Vətən uğrunda son damla qanına qədər döyüşərək şəhidlik zirvəsinə ucaldı. Belə igidlərimizdən biri də şəhid Elxan Hüseynovdur. Otuz yeddi gün komada qalan Elxan ötən gün haqqın dərgahına qovuşub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Elxan Maarif oğlu Hüseynov 2000-ci il martın 12-də Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün Biləsuvar rayon ərazisində salınan şəhərcikdə dünyaya gəlib. Ata-baba yurdunun həsrəti ilə yaşayan Elxan hərbçi olmağı qarşısına məqsəd qoyub. O, həqiqi hərbi xidməti bitirdikdən sonra müddətli hərbi xidmətini davam etdirib. Elxanın peşəkarlığı, idmançı olması onun xüsusi təyinatlılarda xidmət etməsinə yol açdı.

Şəhidin anası Könül Xəlilova Elxan kimi övladının olması ilə fəxr etdiyini bildirib: "O, hər zaman deyərdi ki, böyüyüb torpaqlarımızın azad edilməsində iştirak edəcəyəm. Arzusuna da çatdı, Şuşaya qədər bütün döyüşlərdə iştirak etdi. Noyabrın 6-da yaralanan Elxanı hospitala apardılar. Bir neçə gün ərzində ondan xəbər ala bilmədik. Biz onu tapanda xəstəxanada komada idi. Həkim mənə oğlumun adını çağırmağımı dedi. O, komanda olsa belə səsimi eşidəndə əlimi sıxdı və "qardaşın Orxan gəlib" dedim. Onda isə əlini qaldırdı. Elxan 37 gün komada qaldıqdan sonra şəhidlik zirvəsinə ucaldı. Döyüşlər zamanı da imkan tapdıqca bizimlə əlaqə saxlayırdı. Bir dəfə zəng etdi ki, ata-baba yurdumuzu azad etmişik, Xudafərin azaddır, xəbərlərə baxarsınız. Onun ən ülvi arzusu torpaqlarımızın işğaldan azad olunmasını görmək idi. Elxan torpaqlarımızı görməklə yanaşı, bizim də 27 illik həsrətimizə son qoydu və biz doğma yurdumuzun azad edilməsinin sevincini yaşayırıq".

Şəhidin atası Marif Hüseynov deyir ki, Elxan sanki kəşfiyyatçı olmaq üçün dünyaya gəlmişdi: "Mənimlə məsləhətləşəndə bu arzusunu söylədi, mən razı olmasam da, təkidlə öz yolunu davam etdirdi. Onun döyüş yolu azad olunan bütün ərazilərimizdən keçib. Çünki onlar xüsusi təyinatlılardır. Onlar qəhrəmancasına döyüşərək torpaqlarımızı azad etdilər. Elxan Şuşa uğrunda əlbəyaxa döyüşlərdə mübarizə aparanlardan biridir. Təkcə Elxan 40-dan çox ermənini əlbəyaxa döyüşdə məhv edib. Noyabrın 6-da düşmən gülləsinə tuş gələrək yaralanıb. Onu döyüş meydanından təxliyə edən təcili yardım maşını isə minaya düşüb. Yenidən yaralanan Elxanı tapanda onun şəhid olduğunu düşünüblər. İki dəfə əməliyyat olunmasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmadı, Elxan ötən gün şəhidlik zirvəsinə ucaldı".

Şəhidin Vətən müharibəsinə könüllü yollanan böyük qardaşı Orxan Hüseynov qardaşı ilə bağlı danışarkən deyib: "Mən qardaşımla fəxr edirəm. Onlar ən öndə gedən qəhrəmanlarımızdır. Qismət belə gətirdi ki, mən qardaşımla heç zaman görmədiyimiz Cəbrayıl torpağında görüşdüm. Gülərək dedi ki, əmimin qisasını aldım. Mən də ona cavab verdim ki, mən də qisasımızı almışam. Bu, bizim sonuncu görüşümüz oldu. Telefonda sonuncu dəfə danışanda mənə dedi ki, Şuşaya əlbəyaxa döyüşlərə gedirik. O, təkcə əlbəyaxa döyüşdə 40-50 ermənini məhv edib. Vətən keşiyində dayanmaq və şəhid qardaşı olmaq həm qürurlu, həm də məsuliyyətlidir".

Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan uğrunda döyüşlərdə iştirak edən Orxan deyib ki, biz Şuşaya qardaşımgilin dəstəsindən sonra girdik və bu gün də qardaşım və bütün şəhidlərimizin bizə əmanət etdiyi torpaqlarımızın keşiyindəyik.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.