Cəmiyyət

Batumidə yazılan tarixin qəhrəmanı - Portret - FOTO

26 Yanvar 2020 20:25
0 Şərh     Baxış: 1 836
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən ili böyük qayıdışla əlamətdar edən kiçik Məmmədyarova, hələ son sözünü deməyib

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Şahmat, Azərbaycanda sevilən, xüsusi diqqət və qayğı ilə yanaşılan idman növüdür. Bunun nəticəsidir ki, dünyanın ən mötəbər turnirlərindən gələn parlaq qələbə soraqlarına adət etmişik. Müxtəlif yaş qrupları üzrə DÇ və AÇ-lərdə birincilik artıq adi hal alıb. Ötən il tamamilə şahmatçılarımızın aktivinə yazıldı desək, yanılmarıq. Teymur Rəcəbov tarixdə ilk dəfə ölkəmizə Dünya Kubokunu gətirdi, Aydın Süleymanlı 14 yaşadək şahmatçılar arasında dünya çempionu oldu, qadınlardan ibarət millimiz 27 illik aradan sonra komandalararası qitə çempionatının bürünc mükafatını qazandı. Beləliklə, yerli idman qurumları tərəfindən keçirilən ənənəvi il yekunu sorğularında zəkalar müvafiq nominasiyalar üzrə digər növlərdəki həmkarlarını qabaqladı. Bir sözlə, 2019-cu il digər növlərdə nisbi enişlə müşahidə olunsa da, şahmatın təntənəsi kimi tarixin yaddaşına köçdü. Çox güman, hələ uzun müddət xatirələrdə yaşayacaq, təkrar-təkrar səhifələnəcək. Biz isə bu gün Batumidə baş tutan AÇ-nin qəhrəmanlarından birinin həyat hekayəsini diqqətinizə çatdıracağıq.

Əslində, o, çoxları üçün yad sima deyil. Ən azından, soyadı idmanla yaxından maraqlanan hər kəsə tanışdır.
 
İlk müəllim: Özü ağırlıqqaldıran olsa da...
 
Əslən Zəngilan rayonundan olan məşhur Məmmədyarovlar ailəsinin ən kiçik üzvü Türkan, 7 avqust 1989-cu ildə Sumqayıtda dünyaya gəlib. "Gənclik şəhəri"ndə böyüyüb boya-başa çataraq, buradakı 23 saylı orta məktəbi bitirib. Gözünü açandan ətrafında şahmat sevdalılarını görən Türkanın ağ-qara fiqurlarla ilk məşqi cəmi 5 yaşında olarkən baş tutub. Dərslər üçün evdən kənara çıxmağa ehtiyac yox idi. Belə ki, özü ağırlıqqaldırma üzrə respublika çempionu olmasına baxmayaraq, şahmatı dərindən bilən Həmid Məmmədyarov, böyük övladları Zeynəb və Şəhriyar kimi Türkana da sirli lövhə üzərində cərəyan edən qədim oyunun əlifbasını öyrədib. Kiçik Məmmədyarovanın doğma mühitdən irəli gələn həvəsi, özünü erkən büruzə verən zehni potensialı, "ailədə daha bir şahmatçı yetişir" demək üçün artıqlaması ilə kifayət edirdi. Çox keçmir ki, söylənənlər təsdiqini tapır. Səkkiz yaşında zona yarışının qalibi olan Türkan, iki il sonra 10 yaşlı qızlar arasında ölkə çempionatının qızıl medalını qazanır. Beləcə, uğurlar çox sürətlə, muncuq kimi bir-birinin ardınca düzülür.

16 ildir dəyişməyən rekord və ya üç qrossmeysterli ailənin "ən"i
 
İki il sonra 12 yaşadək qızların mübarizəsində ölkənin ən yaxşısı olursa, bundan bir il keçməmiş 14 yaşlılar arasında qitə çempionatının qızıl medalını qazanır. 2003-cü ildə, 14 yaşında 20 yaşadək qızların respublika çempionatının qalibi olan, böyüklər arasında isə üçüncü nəticə göstərən Məmmədyarova, həm də olimpiadada iştirak edəcək qadınlardan ibarət milli komandanın heyətinə salınır. Ardınca 14 yaşında Azərbaycan çempionatında qələbə sevinci yaşayan Türkan, bununla, tarixi göstərici müəyyənləşdirir. Üstündən 16 ildən çox vaxt keçsə də, heç kim onun adı ilə bağlı olan ən gənc ölkə çempionu rekordunu təzələyə bilməyib. Dünya çempionatlarındakı nailiyyətlərinə gəlincə, 2003-cü ildə liderdən yarım xal geri qalaraq, Yunanıstanda keçirilən mundialın gümüş mükafatını ailənin zəngin kolleksiyasına əlavə edən qəhrəmanımız, daha aşağı yaş qrupları üzrə beynəlxalq yarışlara qatılmayıb.
 
Uşaq və yeniyetməlik dövrünə təsadüf edənlər arasında bir məqamı xüsusi qeyd edir: "2002-ci ildə keçirilən Avropa çempionatında sonuncu turadək bütün favoritlərlə oynamışdım. Axırıncı rəqibim zəif Türkiyə şahmatçısı olsa da, gedişatda məğlub duruma düşdüm. Oyunun ortasında çox pis vəziyyət aldım, bir piyadam da əskik idi. Hətta oyun vaxtı göz yaşlarımı saxlaya bilməmişdim. Fikirləşirdim ki, artıq çempionluq əldən getdi. Açığı, sonda bəxtim gətirdi. Rəqibin böyük səhvindən istifadə edərək qalib gəldim".

Türkan, Sloveniya olimpiadasında 13 yaşında debüt etmişdisə, komandalararası AÇ-lərdə ilk dəfə 14 yaşında, Bolqarıstanda lövhə arxasında yer alıb. Yeniyetmə yaşına rəğmən, sonrakı illərdə keçirilən qitə yarışlarında da davamlı iş başında olub. Bundan əlavə, 2011 və 2012-ci illərdə ardıcıl, respublika çempionatının zirvəsində qərarlaşıb. Ümumiləşdirsək, üç qrossmeysterli yeganə Azərbaycan ailəsində potensialını ən erkən açan məhz kiçik Məmmədyarovadır.

Kiçik Məmmədyarovanın böyük qayıdışı
 
2014-2018-ci illər Türkanın karyerasının eniş dövrü kimi yadda qalır. Əslində, bunun obyektiv səbəbləri vardı. Belə ki, analıq məzuniyyətinə çıxan Batumi qəhrəmanımız, şahmata əvvəlki kimi vaxt ayıra bilmirdi. Həmin arada yeganə qatıldığı komanda mücadiləsi "Bakı-2016" olimpiadası olur ki, Türkan burada əsas deyil, ikinci komandanın heyətində yer almışdı. 2019-cu il həm də kiçik Məmmədyarovanın böyük qayıdışı kimi qələmə verilməlidir. "Batumi-2019" komandalararası qitə çempionatından əvvəl o, apreldə Türkiyədə təşkil olunan şəxsi Avropa çempionatındakı nəticəsi ilə karyerasında ilk dəfə Dünya Kubokuna vəsiqə qazandı. Qadınların Dünya Kuboku yarışı bu ilin sentyabrında Belarusun paytaxtı Minskdə keçiriləcək.

"Mən bundan sonra konkret hədəflər haqqında danışmaq istəmirəm" deyir. Səbəblərini də belə açıqlayır: "Son zamanlar qərara gəlmişəm ki, hədəf müəyyənləşdirmək mənə düşmür. Maksimum yaxşı hazırlaşıb, mümkün qədər irəli getmək prinsipi seçmişəm. Məsələn, bu, keçən il mənə çox faydalı oldu".
 
Yeni davamçı?
 
Üç azyaşlı uşaq anası olan Məmmədyarovanın karyerasını davam etdirməsi, özlüyündə kifayət qədər təqdirli haldır. Təbii ki, həyat yoldaşının dəstəyi də əhəmiyyətli şərtdir. Söylədiklərinə əsaslanaraq, bu mənada ailəni nümunə göstərmək olar: "Orman, şahmata davam etməyim üçün əlindən gələni edir. Xarici səfərlərə gedəndə əmin oluram ki, uşaqlar sarıdan heç bir narahatlıq yaşanmayacaq. Həyat yoldaşımın özü də şahmatı çox sevir, məndən əvvəl də böyük marağı olub. Telefonda olsa da, məndən çox oynayır. Tez-tez məsləhətlər verir, hansısa səhvimi görüb gileylənir. O qədər narazılıq edir ki, axırda deyirəm, elə bil burda şahmatçı mənəm ey, bir sus (gülür)".

Yeri gəlmişkən, ailədə daha bir şahmatçı yetişir, deyəsən. Belə ki, Türkanın böyük oğlu Atillanın bu oyuna qarşı ciddi həvəsi var. Anasının söylədiklərindən belə qənaətə gəldik ki, böyük ənənənin davamı üçün yetərincə zəmin mövcuddur.

"Fikirləşmir ki, o, Şəhriyardır, mən Türkan"
 
Məmmədyarovlardan danışarkən, əlbəttə ki, ilk yada düşən Şəhriyardır. Dünyaca məşhur, bütün zamanların reytinqində altıncı sırada olan elit qrossmeysterin bacısı olmaq hər xanım şahmatçıya nəsib olmur. İlk addımlarında daha çox Zeynəbdən bəhrələnən Türkan, son vaxtlar yarışlara Şəhriyarla birgə hazırlaşdığını deyir. Lakin qardaşı ilə bağlı gileyləndiyi məqam da yox deyil: "Hövsələsiz adamdır. Bir xoş söz eşitməzsən. Nəyisə tapmayanda özündən çıxır ki, axı niyə bilmirsən? Hamını özü ilə bir ölçür. Daha fikirləşmir ki, o, Şəhriyardır, mən Türkan".

Bir ara şahmatdan uzaqlaşmaq niyyətində olduğunu gizlətmədi. Lakin ötən il ərzində qazandığı uğurlar, tarixi nəticədə pay sahibi olmaq Türkanı yenidən böyük şahmata bağlayıb. Təbii ki, bunda ictimaiyyətin hədsiz diqqətinin də rolu danılmazdır. Dediyinə görə, hazırda heç vaxt olmadığı qədər həvəslidir.
 
Portret
 
Düşünmək olar ki, kiçik Məmmədyarova hələ son sözünü deməyib. Ortada əzmkarlıq kimi önəmli faktor varsa, niyə də olmasın?! Bizi, bütün şahmatsevərləri lap kiçik yaşlarından qələbələrə alışdıran Türkan, həyatının ikinci gənclik çağını da böyük şahmat uğurları ilə əlamətdar etmək gücündədir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.