Cəmiyyət

Xaricdə təhsil alıb, regionda işləyən müəllim - Örnək - FOTO

1 Yanvar 2020 04:30
4 Şərh     Baxış: 2 845
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Elvin Bəkirov: "Maaşım kifayət qədər yüksək idi, amma məktəbi buraxmaq istəmirdim"

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

90-cı illərdə Azərbaycanın çətinliklərini görə-görə böyüyüb. Deyir ki, uşaq vaxtı televiziyada gördüyümüz vəziyyət, ata-analarımızdan eşitdiklərimiz onu daim sarsıdıb. "İstəyirdim ki, Azərbaycanı həmişə gözəl təmsil edim və güclü görüm. Düşünürdüm ki, ölkəmizi, vətənimizi təhsil xilas edə bilər. Finlandiyalı həmkarımla söhbət edəndə, anladım ki, Sovet İttifaqından ayrılandan sonra onları ölkə kimi xilas edən təhsil sistemi olub. Yaponiyanı fikirləşin. Onları da təhsil sistemi xilas edib. Kasıblıqdan, gücsüzlükdən çıxıb, təhsillə bu səviyyəyə çatıblar. Bəlkə də balaca görünürəm, amma məqsədim böyükdür".
 
Müsahibimiz gənc müəllim Elvin Bəkirovdur.
 
Elvin 1985-ci ildə Gəncədə anadan olub. 9-cu sinfi bitirdikdən sonra Texniki Kollecə daxil olub. Kollecdə təhsilini başa vuraraq, Gəncə Dövlət Universitetinin xarici dillər fakültəsinin ingilis dili müəllimliyinə qəbul olub. Universitetin 3-cü kursunda Cənubi Qafqaz ölkələri üçün təqaüd proqramının Azərbaycanda qaliblərindən biri olub və Erasmus proqramı ilə Yunanıstanda təhsil alıb. Təhsilini bitirdikdən sonra Gəncə Dövlət Universitetində təhsilini davam etdirib. Hərbi xidmətdən qayıtdıqdan sonra isə mərkəzləşdirilmiş qaydada imtahan verib, maksimum bal toplayaraq Şəmkir rayon tam orta məktəbinə işə qəbul olunub. 3 il orada çalışdıqdan sonra yerdəyişmə ilə Gəncə şəhər 27 saylı məktəb-liseyə gəlib və həmin məktəbdə ingilis dili müəllimi işləyir.

- Adətən oğlan uşaqları polis, hüquqşünas, pilot olmaq istəyir. Siz nə üçün müəllimliyi seçib bu sahədə peşəkar təhsil almısınız?

- Təbii ki, hər bir peşəni seçəndə, insanın qarşısında öz məqsədi olur. Mənim oxuduğum fakültədə 7 oğlan, 33 qız idik. Hamımız müəllim olmağa hazırlaşırdıq. Hələ peşə seçməzdən öncə mənim məqsədim var idi. 5-ci sinifdə oxuyandan fikirləşirdim ki, öz ölkəmin həyatında mühüm rolum olmalıdır. Necə yararlı ola bilərəm - sualını özümə verir, peşələr fikirləşirdim. Düşünürdüm ki, hakim olaram, ədalətli qərarlar verərəm. Sonra 7-8-ci sinifdə oxuyarkən fikirləşirdim ki, jurnalist olsam, daha yaxşı olar. Daha sonra hərbçi olmağa qərar verdim. Ən sonda düşündüm ki, ən yaxşısı müəllimlikdir. Çünki müəllim olmaq bütün peşələrə yiyələnmək deməkdir. Ölkənin həyatında mühüm rol oynayacaq bütün peşə sahiblərini müəllimlər yetişdirir və müəllimin cəmiyyətə təsiri saydığım bütün peşələrdən çoxdur. 
 
- İndi vəziyyət dəyişsə də, bir neçə il öncəyə qədər kişi müəllimlər bu sahədə gəlirin azlığını əsas gətirərək, başqa işlərə üz tuturdu. Məhz buna görə, müəllimlik qız sənəti kimi ifadə edilirdi. Siz necə düşünürsünüz?

- İnsan öz işini yaxşı görərsə, onun maddi imkanları da yaxşı olacaq. 2011-ci ildə mənim ilk maaşım 120 manat idi, məktəbdə günortadan sonra işləyirdim. Səhər saat 6-dan günorta saat 2-yə kimi isə mebel şirkətində işləyirdim. Satınalma meneceri idim və xarici ölkələrdən həmin şirkət üçün mebel alırdım. Maaşım kifayət qədər yüksək idi, amma mən məktəbi buraxmaq istəmirdim, çünki uşaqlıqdan ideyalarım var idi. Günortadan sonra məktəbə gedir, uşaqlarla məşğul olur, onlara ingilis dili, vətənpərvərlik, müstəqil və tənqidi düşüncə öyrədirdim. Fikirlərimi onlara aşılamağa çalışırdım. Həqiqətən də görürdüm ki, uşaqlarla mənim aramda çox yaxşı münasibət, sevgi formalaşır və mən də işimdən zövq alıram. Baxmayaraq ki, mən həmin kəndə qədər 5 km yolu piyada getməli idim. Bunu sevə-sevə edirdim. Azərbaycanın tarixində iz qoymaq istəyirəm. Məncə, bunu yalnız müəllimliklə edə bilərəm.
 
- Xaricdə təhsil alıb regionda müəllim işləmək... Üstəlik, bunun ilk 3 ilini ucqar kəndə həsr etmisiniz.

- Amerikaya da, Yunanıstana da, Malayziyaya da sırf müəllimlik biliklərimi artırmaq, təcrübə qazanmaq üçün getmişdim. Mən Amerikada olarkən tək ABŞ-ın deyil, orada olan 50 ölkənin müəllimlərinin hər biri ilə tək-tək danışmağı qarşıma məqsəd qoymuşdum və hər birinin təcrübəsini, onların sistemini öyrənməyə çalışırdım. Xüsusi qeyd dəftərim var idi. Dərslərin hansı ölkədə necə keçirildiyini öyrənir, dəftərimə qeyd edirdim. Malayziyada da elə, orada 18 ölkədən müəllimlər var idi və onlarla birlikdə təcrübə keçirdik. Orda da eyni fəaliyyəti fikirləşirdim. Mənə elə gəlir ki, təhsil bütün cəmiyyətin dayağıdır. Bu təhsilin formalaşmasının da əsas dayağı müəllimlərdir. Əgər bir ölkədə müəllim ordusu güclü olarsa, o ölkə güclü olar. Mən bunu inkişaf etmiş ölkələrin müəllimləri ilə söhbət edərkən başa düşdüm. Həmçinin inkişaf etməmiş ölkələrin müəllimlərilə söhbətimdə də anladım ki, onların zəif cəhətləri təhsillərindədir.  Müəllim olmaq yerində saymaq, hər gün eyni sinfə girib dərs keçərək bununla kifayətlənmək deyil. Sən müəllim kimi daha yaxşı inkişaf etməyə çalışmalısan. Bəlkə də mənim xaricdə oxumağım, təlim keçməyim bu peşə üçün azdır. Fikirləşirəm, daha çox biliklərə, təcrübələrə malik olmalıyam ki, daha yaxşı təhsil verə, kadrlar yetişdirə bilim.

- Amerikadan iş təklifi də almısınız.

- Amerikada 80 ölkənin müəllimləri olaraq qruplara ayrılmışdıq və mən 18 nəfərin qrup lideri seçilmişdim. Onlar fikirləşirdilər ki, mənim belə bir bacarığım varsa, Amerikada qalmağa qərar verəcəyəm. Amma mənim öz ölkəmlə bağlı qarşıma qoyduğum məqsəd və planlarım var idi. Mütləq Azərbaycana qayıtmalı, təhsilimizə, cəmiyyətimizə öz töhfəmi verməli idim. 
 
- Peşənizi və şagirdlərinizi sevirsiniz. Onlarla bağlı hansı xatirənizi bölüşə bilərsiniz?

- Mənim məktəblə bağlı ən böyük xatirəm şagirdlərimdən birinin Amerikada iki aylıq təcrübə alması xəbərini eşitmək oldu. Digər bir şagirdim də əvvəl bu təcrübəni keçmişdi. Ona mən 10-cu sinifdən dərs deyirdim. Digər şagirdimi isə, lap aşağı siniflərdən gətirmişdim. O, ingilis dili bacarıqlarını məndən öyrənmişdi. Ona öz yetişdirdiyim kadr kimi baxırdım. Mənim bir neçə şagirdim keçmişdi, amma müsahibə mərhələsinə tək onu dəvət etmişdilər. Müsahibə zamanı mənə yazdı ki, müəllim, məndən xarici pasportumu istəyirlər, bu nə deməkdir? Başa düşdüm ki, o həmin proqram üçün seçilib. Demək olar ki, bu mənim həyatımda ilk uğurum idi. Özüm təcrübə proqramına seçiləndə, bu qədər sevinməmişdim. Başa düşdüm ki, mən missiyamı artıq yerinə yetirə bilirəm. Şagirdim dünya üzrə seçilən 20-25 şagirddən bir idi.  Bu mənim üçün ən böyük uğur, xatirə hesab olunur. Şagirdlərim ingilis dilində danışdıqda, öz bacarıqlarını göstərdikdə, onlara baxıb sadəcə zövq alıram və inanıram ki, gələcəkdə yüksək vəzifələrdə işləyən vicdanlı kadrlar olacaqlar. 
 
- Şagirdlərinizi xaricdə təhsil üçün hazırlaşdırır, motivasiya edirsiniz. Onlara geri qayıtmaq lazım olduğunu da deyirsinizmi?

- Həmişə şagirdlərimə deyirəm ki, mən qayıtmasaydım, sizin Elvin müəlliminiz olmazdı. Düşünün ki, indi də siz qayıtmasanız, sizə ehtiyacı olanların sizi olmayacaq. Ona görə də sizin qayıtmağınız çox mühümdür. Xaricə gedib oxuyub gəldikdən sonra da vicdanlı şəkildə işləməlisiniz. Hamısına demişəm ki, fərqi yoxdur, hansı vəzifədə işləsəniz və mən nə vaxtsa eşitsəm ki sizin işinizdən, fəaliyyətinizdən narazılıq var, gələcəyəm, qapınızı döyüb içəri girəcəyəm, özümü sizə xatırladacağam və haqqımı halal etmədiyimi deyəcəyəm. Sizdən tam vicdanlı, dürüst olmağınızı tələb edirəm. Mən bunu onlara 5-ci sinifdən deyirəm. Onlara nəinki ingilis dilini öyrədirəm, çalışıram ki, həyat bacarıqları verəm və gələcəyin vicdanlı, düzgün kadrları kimi yetişdirəm. 
 
- Elvin müəllim, "yaxşı müəllim" ifadəsini necə açardınız?

- Yaxşı müəllim olmaq üçün yaxşı münasibət qurmağı bacarmalısan. Müəyyən bir ixtisası yaxşı bildikdən sonra onu uşaqlara yaxşı çatdırmaq istəyirsənsə, sən ilk növbədə yaxşı əlaqə, ünsiyyət qurmağı bacarmalısan. Sən auditoriya, şagirdlərinlə yaxşı əlaqə qurarsansa, onlar sənin nə öyrədəcəyindən asılı olmayaraq, onu istəyərək öyrənəcəklər. Yaxud da sən onlara öyrədəcəksən. Amma mütləq bunu sonunda öyrənəcəklər. Əgər sən onlarla yaxşı münasibət qura, onların qəlbini ələ ala bilsən, onları həvəsləndirməyi, özünü, vətənini sevdirməyi bacarsan, demək ki, yaxşı müəllimsən.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.