Cəmiyyət

Qədim Gəncənin müasir rəmzi - Zəfər tağı - FOTO

4 Oktyabr 2017 07:35
0 Şərh     Baxış: 2 356
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tarixi abidələr, əzəmətli tikililər, müasir mühəndis qurğuları hər bir xalqın keçdiyi inkişaf yolunu, onun maddi mədəniyyət tarixini, eləcə də estetik zövqünü özündə əks etdirməklə yanaşı, yüksək memarlıq nümunələri kimi mövcud olduğu şəhərin vizit kartına çevrilib, çoxsaylı turistləri özünə cəlb edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, son 3 ildə Gəncədə minlərlə qonağın, xarici turistin ziyarət etdiyi və qədim şəhərin müasir rəmzinə çevrilən tikililərindən biri də Zəfər tağıdır. Əzəmətli və yaraşıqlı tikili olan bu müasir mühəndis qurğusu hazırda 450 hektarlıq sahəsi ilə Avropanın ən böyük mədəni-istirahət mərkəzi olan Heydər Əliyev Park Kompleksinin giriş hissəsində inşa edilib.

Qədim yunan-Roma arxitekturasının ənənələri ilə Şərq-müsəlman, xüsusən də orta əsrlər Azərbaycan memarlıq elementlərinin üzvi şəkildə əlaqələndirildiyi Zəfər tağının eni 20, uzunluğu 50, hündürlüyü isə 38 metrdir. Zəfər tağının üst mərtəbəsində ətrafı seyr etmək üçün 30 metr hündürlüyündə meydança var. Buradakı meydançada quraşdırılan müşahidə qurğusu vasitəsilə parkın ərazisini, eləcə də daha geniş panoramda şəhəri seyr etmək mümkündür. Meydançaya Zəfər tağının birinci mərtəbəsindəki girişdən daxil olaraq pilləkənlərlə, yaxud liftlə qalxmaq lazımdır. Məhz Gəncədəki Zəfər tağı üçün düşünülmüş bu cür mühəndis həlli onu həm də Avropada antik və orta əsrlərin bütün dövrlərində inşa olunan memarlıq abidələrindən əsaslı şəkildə fərqləndirir.

Səhərlər əzəmətli görkəmi, axşamlar isə işıqlar altında bərq vuran yaraşıqlı mənzərəsi ilə görənləri heyran edən Zəfər tağı 15 iyun - Azərbaycan xalqının Milli qurtuluş gününün rəmzi olaraq ucaldılıb. Zəfər tağı park kompleksindəki xiyabanı Heydər Əliyev Mərkəzi ilə birləşdirən yüksək mühəndis layihələndirməsidir. Gəncədəki bu tikilinin layihələndirilməsində Avropada antik və orta əsrlərdə inşa olunmuş Zəfər tağlarının təsiri aydın hiss olunur. Bununla belə, tikilidə Avropadakı Zəfər tağlarına xas təmtəraq müşahidə olunmur. Lakin abidənin ölçüləri - eni, uzunu, xüsusən də hündürlüyü ondakı əzəmətli görkəmi təmin edir.

Gəncədəki Zəfər tağı Avropada antik dövrün məbəd tikintisində geniş istifadə olunan sadə stereobat və stilobatı təşkil edən tava daşlar üzərində tikilib. Tağ iki - şərq və qərb fasadlarından ibarətdir. Fasadların üzərində hər hansı barelyef, yaxud karelyeflərdən istifadə olunmayıb. Tağın fasadındakı mərkəzi hissəsi aşağıdan yuxarıya doğru şüşələrlə, onların üzəri isə Azərbaycan memarlıq məktəbinin ən gözəl nümunələrindən olan həndəsi ornamentlərlə bəzədilib. Məhz tikilinin inşasında bu cür Şərq elementlərindən istifadə olunması Zəfər tağının ümumi formasına xeyli millilik statusu qazandırıb. Zəfər tağının divarlarının hər yandan qarşısını, ümumilikdə, 24 kolon əhatə edib. Kolonların baza hissəsi dor sütunlardakı sadə altlıqlardan və oturacaqlardan ibarətdir. Zəfər tağının qövsşəkilli yuxarı hissəsində (bilavasitə damının altında) nəbati görkəmli rozetlər yerləşir. Tağın yuxarı hissəsini antik memarlıq ənənələrinə uyğun olaraq antabliment davam etdirir. Bu hissədə arxitrav, friz və karnizlər müşahidə olunsa da, bunlar da digər tarixi zəfər tağlarından fərqli olaraq sadə görkəmlidir. Tağın friz hissəsində metopları sadə lövhələr, triqlifləri isə pəncərələr əvəzləyir. Nəhayət, Zəfər tağının yuxarı hissəsini forma və elementlərin aşağı mərtəbələrdəki bənzəri olan fronton tamamlayır. Lakin tikilinin bu hissəsində də digər tarixi abidələrdə olduğu kimi, əlamətdar günün əzəmətini özündə əks etdirən heykəllər, simvollar, eləcə də digər arxitektura elementləri müşahidə olunmur.

Zəfər tağı son illər Gəncədəki iqtisadi-sosial, mədəni inkişafı əks etdirən və şəhərə gələn xarici qonaqları, turistləri özünə cəlb edən, eləcə də bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərin, yürüşlərin və marafonların keçirildiyi məkan kimi şöhrət qazanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.