"Sabah hansısa qəzalı bina uçsa, heç kim məsuliyyəti öz üzərinə götürməyəcək".
Milli.Az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib. Komitə sədri qeyd edib ki, ötən gün Hövsan qəsəbəsində bir qəzalı binanın balkonunun uçması nəticəsində qadın xəsarət alıb:
"Mən ötən gün Bakıxanov qəsəbəsində 170-ə yaxın qəzalı binaya baxış keçirdim. Bütün dövlət orqanlarına müraciət etdim, hamısının aktları var ki, bina qəzalıdır, hamı özünü sığortalayıb. Sabah hansısa bina uçsa, məsuliyyəti heç kim üzərinə götürməyəcək.
Halbuki sadə bir mexanizm var: sahibkar bir binanın pulunu ödəyir, dövlət büdcəsindən bir qəpik pul xərclənmir, beşmərtəbə əvəzinə doqquzmərtəbəli bina tikir, beş mərtəbədə sakinləri bir il kirayədə saxlayır, dörd mərtəbəni də satır, özü pul qazanır. Sadə mexanizmləri tətbiq etmək əvəzinə, vətəndaşın həyatının riskə atılmasının məsuliyyətini heç kim daşımır. Çünki hamının aktı var, özünü sığortalayıb".
Asya
Milli.Az





