Azərbaycanda istehsalçı-istehlakçı münasibətlərində "köhnə hamam, köhnə tas"dır."Bakond"u necə cəzalandırdılar?
Qonşumuz Afət soyuducu alıb. Zəmanət talonunu gətirdi ki, bəlkə, mən ondan nəsə başa düşüm. Bu zəmanət talonunda Rusiyanın vilayətlərində olan servis mərkəzlərinin telefonları və adresi yazılıb. Rusca tərtib olunmuş kitabçanın axırıncı səhifələrində malın modeli, seriyası, alınma tarixi və "Baku Electronics"in tərsinə vurulmuş bir möhürü, üstündə oxuna bilinməyən telefon nömrələri var. Nə malın adı qeyd olunub, nə zəmanət müddəti, nə qiyməti, nə də satanın öhdəlikləri. Rusiya qanunları ilə tərtib olunmuş talonda zəmanət müddəti bir il göstərilib. Kitabda satıcı-alıcı öhdəliklərini şirkətdə özlərinə zəhmət verib tərcümə edərək zəmanət talonu hazırlamayıblar. Indi bu xanımın aldığı mal xarab olsa nə edəcək? Dedim ki, əgər zəmanət talonu onun hüququnu özündə əks etdirmirsə, qanunvericiliyi əsas götürəcək.
6 ayda 3 dəfə təmir olunan mala mağaza sahib çıxmadı
Ümumiyyətlə, bizdə zəmanət talonları qanunlara uyğunlaşdırılmır. Ona görə də istehlakçı-satıcı arasında əbədi bir mübarizə var. Bəzən aldığınız hər hansı əşya xoşunuza gəlmir, ya da qüsurlu olur. Di gəlin bunu dükandakına sübut edin. Mən də evə bir məişət əşyası almışdım. Fikirləşdim ki, Mərkəzi Univermaqdan, həm də 6 ay zəmanətlə alınan elektrik avadanlığı üçün çox risq etmiş olmayacam. Amma, bir-iki istifadədən sonra avadanlıq xarab oldu. Zəmanət müddətinin bitməsinə xeyli vardı. Onu aldığım dükana götürdüm. 3 həftə sonra təmir edib geri verdilər. Bir-iki istifadədən sonra yenə eyni qaydada işləməkdən "imtina etdi". Onda mən satıcıya onu başqası ilə dəyişməyi təklif etdim. Bunun üçün də "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunu əsas gətirdim. Amma, dükan sahibi mənim sözlərimə o vaxt gülmüşdü. Əlqərəz, avadanlığı yenə təmirə götürdülər, yenə xarab oldu. Sahibkar isə onu dəyişmək niyyətində deyildi. Qüsurlu mal aldığıma görə evdə xəcalət çəkirdim, axı pulunu mən verməmişdim. Zəmanət müddəti də bitirdi. Onda mən səhvimi düzəltməyə, ədaləti bərpa etməyə qərar verdim. İqtisadi İnkişaf Nazirliyi Yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (ASİHMDX) müraciət etdim. Xidmətin ekspertləri sağolsunlar, məhsulu geri qaytardılar, mən də ödədiyim pulu aldım. Dedilər ki, zəmanət müddətində məhsul artıq ikinci dəfə təmirə gedirsə, deməli, qüsurludur. 6 ayda 3 dəfə təmir olunan malı satıcı geri götürmədi. Amma, biz onu qanunun gücü ilə geri verdik, pulumuzu aldıq. Şadlıq elədik, çaldıq, oxuduq, elə buildik ki, oğuz elinin qadalı-balalı günləri qurtarıb getdi. Nə biləydik ki, müsibətli günlərimiz qabaqdaymış...
Hər fəsildə "özündən gedən" kondisionerimiz
Evə kondisioner alanda yenə özümü ortaya atdım, dedim "Panasonic"ə gedək, nə olsun bahadır, deyirlər keyfiyyətlidir. "Bakond" şirkətinə aid mağazadan CS - A12HKD model split tipli kondisioneri 5 illik zəmanətlə 790 manata götürdük. Zəmanət müddəti də məni cəlb eləmişdi. Ancaq məhsulunun keyfiyyətinə güvənən şirkət ona bu qədər zamin dura bilər. Mağazadan tövsiyə edildiyi kimi elektrik sıçramaları ilə kondisionerin sıradan çıxmaması üçün dəyəri 120 manat olan "Orient Walth" markalı cərəyan stabilizatoru (voltage regulator) da alındı. Tənzimləyicinin qoşulması mağazanın zəmanət kartının 12-ci maddəsində tövsiyə edilirdi. Cərəyan stabilizatorunu da Servis Mərkəzininin əməkdaşlar özləri qoşdular. Istehlakçı kimi üzərimizə düşən öhdəliyi, mağazanın da əsas tələbini yerinə yetirmişdik. Mövsümdə kondisioneri işlətdiyimizdə problemli olduğu ortaya çixdi - qızdırmaq əvəzinə soyudurdu. Servisə müraciətdən bir neçə gün sonra gəlib çıxdılar. O da mənim israrlı zənglərimdən sonra. Gəlib guya təmir elədilər. Kondisioner qışda istilik, yayda sərinlik vermirdi. İldə ən az 2 dəfə, yəni fəsil dəyişəndə servisə müraciət edirdik. Kondisioner dəfələrlə təmirə məruz qalmışdı, amma onun sadəcə 4-ü zəmanət kartında qeydə alınmışdı, çünki kartda yer qalmamışdı. Məhsulu yenisi ilə əvəz etmələri xahişində bulundum. Sözümü yerə saldılar, təmirlə kifayətləndilər. Bir dəfə xarici bloku söküb Servis Mərkəzinə götürdülər, təmir edib qaytardılar. Hətta bir dəfə də kondisioner bir ay ara ilə iki dəfə təmirə məruz qaldı.
Təmir edə bilməyib yapışkanladılar
Günlərin bir günü yay mövsümündə kondisioner ümumiyyətlə işləmədi, evdə yerləşən daxili bloku çatlayıb, içəri su ötürürdü. Servisin əməkdaşları daxili bloka yeni korpus sifariş verəcəklərini dedilər. Çatlayan hissəni isə yapışkanla "həll etdilər". Yenə malı dəyişməyi təklif etdim. Ama nə korpusu dəyişdilər, nə kondisioneri. Yayı birtəhər başa vurduq, qışı da qızdırıcı radiatorla keçirdik. Servisdən çağırışlarımıza artıq gəlmirdilər. Ustalar bezmişdilər. Bu avadanlıq da mənim günahım ucbatından alınmışdı. Telefonla "Bakond" şirkətinə şifahi müraciət elədim. Mağazadan zəng vurub yenə təmir təklif etdilər - rəsmi olaraq 5-ci, qeyri-rəsmi bəlkə də 15-ci dəfə. Artıq təmirdən imtina etdim, məhsulu geri verib ödədiyim vəsaiti qaytarmalarını istədim. Zəmanət müddəti də bitirdi. Qüsurlu malı nə edəcəkdik? Azərbaycanda sahibkarlar istehlakçıları nəzərə almırlar. "Bakond"un mövqeyi belə idi ki, istehlakçı 800 manat zərərə düşə bilər, amma onun malı geri qayıtmamalıdır. Mən demirəm ki, şirkətin bütün məhsulları zaydır. Qüsurlu mal hər yerdə ola bilər və sahiblkar zay məhsuluna sahib çıxmalıdır, onu istehlakçıya zorla sırımamalıdır. 5 illik zəmanət müddəti bitəndən sonra hər mövsüm dəyişəndə biz kondisioner üçün servisdən pullu xidmət almalı olacaqdıq.
4 il işlənmiş kondisioneri özünə qaytardılar
Məcbur qalıb ASİHMDX-ə müraciət etdim. Qeydiyyat yeri qalmayan zəmanət kartı da deməyə əsas verirdi ki, istehlakçı tələbimiz qanunidir. Mağazanın bizimlə imzaladığı "Zəmanət öhdəlikləri"nin 14-cü maddəsində yazırdı ki, "əgər malın qüsuru aradan qaldırıla bilinməyən qüsurdursa və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxarsa, alıcı öz seçimi ilə alqı-satqı müqavilsənin icrasından imtina edə və mal üçün ödədiyi pul məbləğinin qaytarlmasını, ya da lazımi keyfiyyətli olmayan malın müqaviləyə uygun keyfiyyətli malla əvəz olunmasını tələb edə bilər". Bizim aldığımız malın da bir qüsuru aradan qaldırılır, sonra başqası üzə çıxırdı. Servisin əməkdaşı da malın "brak" olduğundan şikayətlənirdi. 14-cü maddə tamamilə problemimizi əks etdirir və alıcı olaraq tələbimdə haqlı olduğumu təsdiqləyirdi. Bizdə bir neçə ildir "Beko" kondisioneri də var. Bir dəfə də olsun servisə ehtiyacı yaranmayıb. Təşkilata ünvanladığım şikayəti bu dəfə də xidmətin əməkdaşları araşdırdılar. Doğrudur, bir ara mənə şirkətin müqaviləsini əsas gətirdilər. Onda mən dedim ki, qanunun 6-7-ci maddələri istehlakçının hüquqlarını qoruyur. Qanun üstün hüquqa malik olduğu halda, biz nə üçün hansısa bir mağazanın daxili sənədini əsas götürürük? Sağolsun, dediklərim, deyəsən, onun da ağlına batdı. Xidmətin peşəkar əməkdaşlarının zəhməti ilə şikayəti istehlakçının xeyrinə təmin elədilər. Özümün də rolum az olmadı. Çünki onlara qanunvericiliyi araşdırmaq üçün iş qoymamışdım, bütün arqumentləri təhlil edib məktubda yazmışdım. Onlara, sadəcə, şirkətə zəng vurub, məsuliyyətlərini başa salmaq qalırdı.
"Music Gallery"nin də müqavilə şərtləri qanunu pozur
Bu yaxınlarda "Music Gallery" mağazasından bir notebook almışdıq. Adətən zəmanət talonuna satıcı da, alıcı da imza atır. Bu dəfə imzalama mərasimi olmadı. Eləcə avadanlığın zəmanət talonu və instruksiyanı qutusuna qoymuşdular. Evdə maraqlandım, görüm alıcı hansı öhdəlikləri götürüb. Nə yaxşı ki, möhürü vurmağı yaddan çıxartmayıblar və qiyməti də qeyd olunub. Amma, talonda satıcının imzası yoxdur, adı var. Müştərinin isə adı, soyadı olan bölmə boşdur. Imza ona görədir ki, malda qüsur olmadığını tərəflər təsdiqləyir. Indi onlar sübut eləsinlər ki, mən bu malı sağ-salamat təhvil götürmüşəm. Axı imzam yoxdur. Talonda yazılır: "zəmanət xidmətinə istehsalçı zavodun müəyyən edilmiş istismar qaydalarına riayət edilmə şərtləri ilə istehsalçının günahından əmələ gəlmiş nasazlıqların pulsuz aradan qaldırılması aid edilir". Yəni, yararsız olduğu təqdirdə zəhmət çəkib malın qaytarılacağına ümid etməyin, servis sadəcə təmir üçündür. Yenə "Bakond"da qüsurlu məhsulun geri qaytarılması ilə bağlı heç olmasa müddəa vardı. Baxmayaraq ki, sonradan şirkətin yeni zəmanət talonunda o da çıxarılıb. "Music Gallery"nin müqavilə şərtlərində 12 maddədən 4-ü satıcının öhdəlikləridir. Yerdə qalanlar isə "təminat verilməyən" məqamlardır. 8-ci maddədə "təmir müddəti 14 iş günündən artıq olduqda zəmanət müddəti artırılır" və 9-cu "təmiri mümkün olmayan avadanlıqların dəyişdirilməsi servis mərkəzinin rəyi əsasında həyta keçirilir" müddəası qanunvericiliyə ziddir. İndi soruşan ola bilər, müqaviləyə niyə mağazada baxmadınız ki? Mən də qarşılıqlı sual verərəm: baxsaydıq nə dəyişəcəkdi? Şirkət bir mənim sözümlə zəmanət talonunu yenidən yazmayacaq ki! Müqavilələrə nəzarət üçün Azərbaycanda müvafiq qurum var. Yuxarıda da adını dəfələrlə çəkdim.
7-ci maddəni mütləq oxuyun!
Əlimdə olan "Soliton", "Beko"nun zəmanət talonlarında da satıcı öz öhdəliklərini azaldır. "Soliton"un möhürsüz müqaviləsində zəmanət şərtlərinə aid 6, aid olmayan isə 12 müddəa var. Məhsulun dəyişdirilməsi və ya geri qaytarılması halları ilə bağlı müqavilədə öhdəlik yoxdur. Üzərində "Beko" yazılmış, "Soliton"un möhürü olan digər müqavilədə satıcı çox "uzağa" gedib, qanunu lap ayağının altına alıb: "zəmanət ehtiyyat hissələrinin pulsuz dəyişdirilməsini nəzərdə tutur, şərtlərə əsasən satılmış məmulat dəyişdirilmir və qaytarılmır". "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunun 6-cı, "zəmanət öhdəlikləri" maddəsinin 4-cü bəndinə görə, zəmanətli təmir aparılarkən malın zəmanət müddəti onun təmirdə olduğu müddət qədər uzadılır. Göstərilən müddət istehlakçının qüsurları aradan qaldırmaq tələbini irəli sürdüyü gündən hesablanır. Mal dəyişdirildikdə zəmanət müddəti dəyişdirilmə günündən etibarən yenidən hesablanır. Qanunun 7-ci, "qüsuru olan mal satılarkən istehlakçının hüquqları" maddəsinin 6-cı bəndində isə yazılır ki, istehlakçı malın qüsurunun əvəzsiz olaraq aradan qaldırılmasını tələb edərsə, qüsur 14 gün ərzində və ya tərəflərin razılığı ilə başqa müddətdə aradan qaldırılmalıdır. Istehlakçının tələbi ilə satıcı məişət texnikasının və nəqliyyat vasitələrinin təmir edildiyi və ya dəyişdirildiyi müddət üçün ona əvəzsiz olaraq, evinə çatdırmaq şərtilə oxşar mal verməlidir. Təmir, dəyişdirilən müddət üçün oxşar malı vermək tələbinin yerinə yetirilməsi (14 gün) ləngidildikdə satıcı istehlakçıya mal verməklə bir vaxtda, müəyyən edilmiş müddətin ötürüldüyü hər gün üçün ona malın satış qiymətinin bir faizi məbləğində dəbbə pulu ödəyir. 7-ci maddə tamamilə istehlakçının tərəfindədir. Maddənin 1-ci bəndinə görə, istehlakçı zəmanət müddəti ərzində aldığı malda qüsur və saxtalaşdırma aşkar edərsə, satıcıdan onu lazımi keyfiyyətli mala dəyişdirməyi, qüsurun satıcının hesabına aradan qaldırılmasını, ya da müqavilənin ləğvini və çəkdiyi xərcin geri verilməsini tələb edə bilər. Qüsurlu mal lazımi keyfiyyətli, eyni tipli mala dəyişdirilərkən qiymət dəyişərsə, istehlakçı qiymət fərqini ödəmir.
Avropada aldığınız malı 1 ay müddətində geri qaytara, ya da dəyişdirə bilərsiz. Heç sizi sorğu-sual da eləməyəcəklər ki, niyə malı geri verirsiz. Cavab verə bilərsiz ki, keyfim belə istəyir. Bizdə isə mağazaların əksəriyyətində elan asılır ki, "alınan mal dəyişdirilmir və ya geri qaytarılmır". Mən xidmətə təşəkkür məktubumda zəmanət müddəti ilə bağlı ölkəmizdə bir qayda yaratmaqlarını rəisdən xahiş edəcəkdim. Xidmətin əməkdaşı məsləhət görmədi. Dedi ki, əgər məktubda bunu qeyd eləsəm, şikayətimlə bağlı məsələ açıq qalacaq, onların əlavə olaraq zəmanət müddəti ilə əlaqədar mənim yeni müraciətimlə məşğul olmaq öhdəliyi yaranacaq. Ona görə də "biz özümüz məşğul olarıq", dedi. Mən də yazmadım. Amma, nahaq. Bizdə istehsalçı-istehlakçı münasibətlərində yenə köhnə hamam, köhnə tasdır.
"Bizim Yol" qəzeti