Cəmiyyət

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb - (Foto)

17 Oktyabr 2026 14:05
Baxış: 341
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Müasir İncəsənət Muzeyində rəssam Anar Hüseynzadənin "O" adlı fərdi sərgisinin açılış mərasimi olub.

Tədbirdə Alyona Əliyeva və Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov iştirak ediblər.

Müasir İncəsənət Muzeyinin müdiri Rəna Məmmədova sərginin əhəmiyyətindən danışaraq ekspozisiyada nümayiş olunan əsərlərin rəssamın təbiətə, dünyaya, insanın yaradılışına və varoluşuna dair düşüncələrini əks etdirdiyini qeyd edib. Bildirib ki, əsərlər tamaşaçılara sərbəst düşünmək, fərqli yanaşmalar formalaşdırmaq və öz yozumlarını yaratmaq imkanı verir.

Rəssam Anar Hüseynzadə çıxışında yaradıcılıq prosesinin mahiyyəti və insanın axtarışları barədə düşüncələrini bölüşüb. Bildirib ki, yaradıcı insan daim axtarışdadır. Hər kəsin öz axtarışı var: kimisi Tanrını, kimisi sevgini, kimisi isə əyləncəni axtarır. Rəssamın sözlərinə görə, əsas məsələ axtardığını tapmaq deyil, axtarış prosesinin özüdür. O, təqdim etdiyi əsərlərin də yaradıcılıq axtarışlarının ifadəsi olduğunu vurğulayıb.

Sərginin kuratoru Fəridə Əliyeva sərginin konsepsiyası və "O" anlayışının fəlsəfi mahiyyəti haqqında danışıb. Diqqətə çatdırılıb ki, bu anlayış konkret varlığı deyil, insanın əsrlər boyu axtardığı həqiqət və mənəvi anlamı simvolizə edir. Sərginin hazırlanmasında əsas məqsəd əsərlər arasında məna və fikir bütövlüyü yaratmaqdır.

Sərgidə nümayiş olunan fiqurativ rəngkarlıq nümunələri və portretlər insanın daxili dünyası haqqında düşüncələri əks etdirir. Ekspozisiyanın əsasını təşkil edən "O" anlayışı görünən və görünməyən aləmlər arasındakı əlaqəni simvolizə edir. Ədəbiyyat, tarix, əfsanələr və dini-fəlsəfi ənənələrdən ilhamlanan əsərlər insanın mənəvi axtarışlarına həsr olunub. Rəssam "O" anlayışını insanın yaxınlaşmağa çalışdığı həqiqətin ifadəsi kimi təqdim edir. Sərgi tamaşaçıları bu mövzu ətrafında düşünməyə və əsərləri öz baxışları əsasında dəyərləndirməyə dəvət edir.

Qeyd edək ki, Anar Hüseynzadənin yaradıcılığı müxtəlif mövzu və obrazlar vasitəsilə insan, yaddaş, mənəvi axtarış və varlıq məsələlərinə müraciət edir. Rəssamın əsərləri Azərbaycanla yanaşı, Böyük Britaniya, Fransa, Almaniya, İsveçrə, Avstriya, Lüksemburq, Norveç, Türkiyə, ABŞ, Kanada və Avstraliya da daxil olmaqla müxtəlif ölkələrdə şəxsi və dövlət kolleksiyalarında yer alır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.