Cəmiyyət

"Tövsiyə olunmayan yerlərdə çimənlər bu dəhşətli xəstəliklərə yoluxa bilərlər" - İnfeksionist

20 İyun 2022 12:30
0 Şərh     Baxış: 1 178
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda çimərlik mövsümü rəsmi qurumların suyu təmiz olmayan, buna görə bəzi çimərliklərdən istifadəyə qadağa qoyması fonunda başlayıb. Səhiyyə Nazirliyi istifadəsi qadağan edilən çimərliklərin siyahısını açıqlayıb: Şıx, Sahil, Hövsan, Türkan, Pirşağı və Sumqayıt çimərlikləri. Tibb mütəxəssisləri çirkli dəniz suyu ilə təmasın çox ağır nəticələrinin ola biləcəyini bildirir və insanlara tövsiyə olunmayan çimərliklərdən uzaq durmağı məsləhət görür. 

Amma qadağalar, xəbərdarlıqlar hər il yayın istisində sərinləmək üçün bu cür çimərliklərə üz tutanların sayına təsir etmir. Bəs, tövsiyə olunmayan yerlərdə dənizə girənlər hansı xəstəliklərlə üzləşə bilərlər və fəsadları necə aradan qaldıra bilərlər?

Çirkli su hansı xəstəliklərə səbəb ola bilər? 

Milli.Az xəbər verir ki, infeksionist Vüqar Cavadzadə BBC Azərbaycanca-ya deyib ki, tövsiyə olunmayan yerlərdə dənizə girənlər "bir sıra xəstəliklərə, o cümlədən vəba, salmonez, meningit kimi xəstəliklərə yoluxa bilərlər". Onun sözlərinə görə, dəniz suyunun çirklənməsi "əsasən sudakı patogen bağırsaq çöplərinin olması ilə" baş verir. Mütəxəssis bu törədicilərin bəzilərinin insan orqanizmində xəstəlik yarada bildiyini bildirir: "Bu törədicilər insan orqanizminə daxil olub, mədə-bağırsaq infeksiyaları yarada, orqanizmdə ağır fəsadlara yol aça bilərlər". Vüqar Cavadzadə deyir ki, bəzi patogen bağırsaq növləri insan orqanizminə düşsə, mədə-bağırsaq pozğunluğu baş verə, bəziləri bağırsağı zədələyərək ishala səbəb ola bilər: "Bu xəstəliklər nəticəsində orqanizm su itirir və bu da orqanizmdə hipobolemik şokla nəticələnir". İnfeksionist deyir ki, əlamətləri vəbaya oxşadığı üçün onu vəbayabənzər xəstəlik də adlandırırlar. Vüqar Cavadzadə çirkli dəniz suyundakı bağırsaq çöplərinin qana keçə bildiyini və bu zaman işerixiya mənşəli sepsisin əmələ gəlməsinə rəvac verdiyini vurğulayır: "Bu zaman da ölüm halı həddən artıq yüksək olur".

Həkim işerixiya mənşəli törədicilərin meningitlərə (beyin qişasının iltihabı) səbəb ola bildiyini də diqqətə çatdırır.  "Salmonellaların da müxtəlif növlərinə rast gəlinə bilir. Salmonez xəstəliyi də mədə-bağırsaq pozğunluğu ilə yanaşı, sepsislərlə nəticələnə bilər. Dəniz (çirkli) suyunda qarın yatalağına, qorxulu hesab etdiyimiz vəba xəstəliyinə də rast gəlinə bilər. Digər tərəfdən bu suda parazitar xəstəliklərin törədiciləri ola bilər. İnsan dənizə gedir ki, günəş şüası qəbul etsin. Bunun müqabilində müxtəlif bakterial, göbələk, ya da parazitar xəstəliklərə tutula bilərlər". 

Kim yoluxa, kim yoluxmaya bilər?

Amma bakterioloji çirklənmiş ərazidə çimən şəxslər həkimin sadaladıqları bakteriyalara yoluxmaya da bilər. Bunun üçün sağlam mədə-bağırsaq sisteminə sahib olmaq lazımdır: "Əgər mədə-bağırsaq sistemi qaydasında deyilsə, turşuluq azdırsa, atrofik qastritləri varsa, mədədə və ya mədə-bağırsaq sistemində vaxtilə əməliyyat edilibsə, xora xəstəliyi və ya disbakteriozu varsa, bu insanların işerixiyalara - yəni, bağırsaq çöplərinə yoluxma şansı həddindən artıq çoxdur".  

Bəs, yoluxduğunu necə anlamalı?  

İnfeksionist deyir ki, çirkli suya girən şəxslərin yoluxmasının meydana çıxmasında bir neçə şərt var. "Birincisi, yanaşı xəstəliyi olan şəxslərin yoluxma ehtimalı yüksəkdir. İkincisi, şəxsin qəbul etdiyi törədicinin miqdarıdır. Az miqdarda törədici qəbul edibsə, mədənin şirəsi hansı ki, tərkibində xlor turşusu var, onu məhv edəcək. Yox, əgər çox qəbul edibsə, mədə-bağırsağın vəziyyəti yaxşı deyilsə, şəxs xəstələnəcək. Buna inkubasiya dövr deyilir. Bu inkubasiya dövrü insandan asılı olaraq, dəyişir. Vüqar Cavadzadə deyir ki, yoluxduqdan təxminən 4-5 gün sonra xəstələrdə klinik əlamətlər başlayır. "Əsas əlamətlər qarında ağrılar, zəif istiliyin, ishalın olmasıdır. Ürəkbulanma-qusma o qədər olmur, ancaq ola da bilər. İshal isə ağır hallarda gün ərzində 20-30 dəfəyədək müşahidə edilə bilər". Həkim deyir ki, xəstəlik yaradan "patogen işerixiyalar əsasən kanalizasiya sularının töküldüyü ərazilərdə müşahidə edilir". "Bu işerixiyalar da suyun ümumiyyətlə bakterioloji çirklənmə dərəcəsini müəyyənləşdirir. Əslində dəniz suyunda bağırsaq törədiciləri - patogen törədicilər olmamalıdır. Əgər bağırsaq çöpləri aşkar edilirsə, həmin çimərliklərdə çimmək məsləhət görülmür", - infeksionist vurğulayır.

Bu əlamətləri olan şəxslər dərhal neyləməlidir?

Yoluxma hadisəsi olarsa, yoluxmuş şəxslər yaşadıqları ərazi üzrə poliklinikalarda çalışan həkim infeksionistə müraciət etməli və analizlər verməlidirlər. Mütəxəssis deyir ki, belə hallarda həkimə müraciətin gecikdirilməsi həyat və sağlamlığı təhlükə altına ala bilər. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.