Cəmiyyət

"Bəzi duyğuları sözlə tərif etmək mümkün olmur" - Bloger İradə Qədirova ilə müsahibə

12 May 2022 12:28
Baxış: 529

Həmsöhbət rubrikamızın budəfəki qonağı tarixçi, səyahətçi və fotoqraf İradə Qədirovadır. Sosial media və ictimaiyyət arasındakı əsl Azərbaycan xanımı obrazı yaradan bu xanım milli geyimli, savadlı açıqlamalrı ilə diqqəti çəkir. İradə deyir ki, "kənardan həqiqətən belə obraz yaratmağım hiss olunursa, nə xoş mənə".

- Necə oldu ki, öz bloqunu sosial mediaya daşıdın?

- Əslində elə başdan sosial şəbəkələrlə başladım. Sadəcə səyahət fotolarımı paylaşıb qısa mətnlər yazırdım. Zamanla izləyicilər tərəfindən bəyənildi, nəticədə mətnlər böyüdü, fəaliyyət genişləndi, sonda "travel-blogger" adını aldım.  

- Azərbaycanın təbiəti, turizm potensialı sənin obyektivindən tam fərqli görünür. Daha gözəl, daha macəralı... Bu qədər kəşf olunmayan yerləri necə tapırsan?

- Bir az xasiyyətdən də qaynaqlanır. Fərqli, özüm olmağı seçdimişəm hər zaman. Təkrarcılıq, kimisə kopyalamaq yox, yeni bir şeylər ortaya çıxarmaq istəyim ilə əlaqəlidir. Hətta arxeoloq olmaq istəyirdim 16 yaşımda. Düşünürdüm torpaq qazıb yeni şəhər ortaya çıxaracam (gülür). Arxeoloq olmadım, amma o xüsusiyyəti bütün fəaliyyətimə yansıtdım. Bir sözlə, araşdırmağı sevirəm.

- Hər ilin yazında səni harasa gedən görürük. Naxçıvan, Qazax, Gəncə, Gədəbəy. Həmişə eyni yerlərə gedirsən, yoxsa fərqli yerlər olur?

- Bu qeyd etdiyin bölgələrin xüsusi vaxtı var. Əsasən yaz aylarında oraları seçirəm. Amma gedərkən fərqli yerlərini seçirəm, növbəti səfərdə hara gedəcəyimi də müəyyən edirəm. Elə daha maraqlıdır, ilk növbədə elə özüm üçün.

- Bəs dağlar? Sən eyni zamanda dağlara da çıxırsan. Ölkəmizin ən hündür zirvələrində olmusan. Zirvə sənə nə qazandırır?

- Özümü. Təbiətin necə gözəl və əsrarəngiz olması duyğusunu. Möhtəşəm gündoğuşları və günbatışları. Əvəzsiz fotolar. Və dostlar.

- Şuşada, Ağdamda, Füzulidə, Zəngilanda oldun, Xudafərin körpüsü, Şuşa qalası, İmarət sarayını gördün, Füzuli aeroportuna təyyarə ilə endin. Hisslərini necə ifadə edə bilərsən?

- İlk növbədə 28-30 il nələrdən məhrum olduğumuzu başa düşdüm. Vətənin bütövləşməsi əvəzsiz hissdir. Elə bil evimizə qayıdırdıq uzun zaman sonra. Bax tam da o duyğu! Bəzi duyğuları sözlə tərif etmək mümkün olmur.

- Sənin anan, Elmira xanım Instagram ulduzudur. Düşünürəm ki, Instagram istifadə edən elə bir ev xanımı yoxdur ki, Elmira xanımı tanımasın. Ana-bala kimi münasibətləriniz necədir? Sənin səyahətlərinə necə yanaşır?

- Münasibətimiz yaxşıdır. Səyahətə gələndə korlanır arada. Çünki narahatlığı araya düşür. Amma sonra barışır. Nəticə gözü önündə olur. Əvvəllər başa düşməsəm də zamanla narahatlığını və bundan doğan iradlarını idarə etməyi öyrəndim.

- Fevral ayında Dubayda oldun. Dünyanın ən böyük sərgisi olan EXPO2020-nin qonağı idin. Hansı ölkənin stendini bəyəndin? Hansı ölkənin stendini görəndən sonra dedin ki, bu ölkəyə getməliyəm.

- Çox stendi gəzə bilmədim. Ayağımda ağrılar var idi və Dubayın iqlimi ağrıları çoxaltmışdı. Ona görə çox aramla növbəsiz olanlara girdim. Amma stenddən sonra Pakistan və Mərakeşə getmək istəyim netləşdi.

- Qazaxıstana da səfər etdin. Xəzərin bu tayı və o tayı arasında nə fərq var?

- Detallara girmədən qısa deyəcəm: Bir ananın 2 övladı arasındakı fərq kimidir fərqimiz.

- Bəs Hindistan sevgin hardan qaynaqlanır? Ora səfər edərkən gözləntilərin özünü doğrultdu?

- Hərdən deyirəm, mən bu sevgi ilə doğulmuşam yəqin (gülür). 4 yaşımda yataq örtüyündən sari düzəldirdim özümə, güzgü önündə hərlənirdim.

Sonrasında tarix ixtisası və Şərqin tarixi və mədəniyyəti ilə yaxından tanışlıq bu sevgini daha da dərinləşdirdi. Üç dəfə olmuşam orada. Hər dəfəsində beynim "dəli" olur orada. Qoyub gəlməyə tələsirsən, sonra isə dəhşətli dərəcədə darıxırsan.

- İstanbulu isə bitməyən sevgi də adlandırırlar. Səndə necədir?

- O , mənim üçün bitməyən bir ruhu və hekayəsi olan sevgilidir. Küçələrində gəzişib tarixini, özünü hiss etməyi çox sevirəm.

- Hər dəfə gedəndə ilk ziyarət etdiyin və ya daddığın nədir?

-Razamanda getdiyim yer İstanbulun Balat rayonu idi. Çox möhtəşəm ab-havası var. Bir də daddığım çay mənə gözəl hisslər yaşadır.

- Kənd turizmi baxımından Azərbaycana gələn qonağa nə təklif oluna bilər?

- Bu sahə hələ inkişaf etdirilməlidir deyə düşünürəm. Potensial geniş saydadır, amma yeni sfera olduğundan gərəkli səviyyəyə qaldırılmalıdır.

- Turist kimi, təklifin nədir? Nə dəyişməlidir?

- Yanaşma! Bizdə kənd turizmi anlayışı dəqiq başa düşülmür. Bu, ilk növbədə kənd evlərində qalma, o həyatla yaxından tanış olmaq, yeri gələndə təsərrüfatda çalışmadır. Bizdə məsələn şəhərdən kəndə getmək istəyənlər komfort istəyir orada, ev sahibləri ilə bir evdə qalmaq istəmir. Yəni əslində elə hotel axtarırlar. Kənd turizmi isə başqadır. O, turistlərin cəlb edilməsi ilə yolu həm kənd əhalisinin məsələn yaşamının yaxşılaşmasına təkan verməli, qarşı tərəf isə rahat təbiətdə, kənddə dincəlib qayıtmalıdır.

- Müxtəlif yerlərdə olursan, yeni turizm marşrutları kimi hansı rayonları təklif edə bilərsən?

- Mütləq Naxçıvanının bütün rayonlarını  gəzməyi tövsiyə edirəm. Zaqatala-Balakən-Qax gəzilməlidir. Gədəbəy də eləcə. Bəzən yol uzaqdır deyib gözdən iraq salmışıq. Amma təbiət, tarix, qastronomiya baxımdan möhtəşəm istiqamətlərdir. 

- Sən eyni zamanda Azərbaycan Turizm Blogerləri Assosiasiyasının baş katibisən. ATBA-da işlər necə gedir? Planlarınız nədir?

- ATBA ustad səyahətçi Azər Qəribin sədrliyi ilə yarandı və düşünürəm maddi dəstəyimiz olmadan bu bir ildə bacardığımız mühüm işlərə imza atdıq. Planlarımız yerimizdə dayanmamaq, əməkdaşlıqları genişləndirmək və ana dilimizdə səyahət bloqları resursunu genişləndirməkdir. 

- Maraqlı müsahibə üçün təşəkkür edirik. Həmişə gəzməkdə!

AviaTravel

Turizm və aviasiya haqqında daha çox məlumat - www.aviatravel.az

40 000 AZN-dək krediti ONLAYN sifariş et!

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics