Siyasət

Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır

25 Sentyabr 2026 21:28
Baxış: 335

Dünyada tarixi ədalətin bərpası, müxtəlif dövrlərdə ölkələrdən çıxarılmış mədəni sərvətlərin geri qaytarılması məsələsi son illərdə beynəlxalq gündəmdə getdikcə daha çox yer tutur. Xüsusilə kolonializm dövründə Avropa dövlətləri tərəfindən Afrikadan, Asiyadan və digər regionlardan aparılmış sənət əsərlərinin və tarixi artefaktların mənşə ölkələrinə qaytarılması ilə bağlı müzakirələr yeni mərhələyə keçib.

Fransa Prezidenti Emmanuel Makron da uzun illərdir bu məsələnin tərəfdarlarından biri kimi çıxış edir. O, 2017-ci ildə Afrikaya səfəri zamanı Afrika mənşəli əsərlərin bir hissəsinin onların yaradıldığı ölkələrə qaytarılması istiqamətində iş aparılacağını bəyan etmişdi. Fransa rəhbərliyi sonrakı illərdə də mədəni irsin restitusiya məsələsini gündəmdə saxlayıb.

Burada ortaya təbii bir sual çıxır: əgər tarixi ədalətin bərpası və sahibi olan ölkəyə mədəni irsin qaytarılması beynəlxalq münasibətlərdə getdikcə daha çox qəbul edilən prinsipə çevrilirsə, bu yanaşma yalnız kolonializm dövrünün hadisələrinə münasibətdə tətbiq olunmalıdırmı?

Məsələn, Azərbaycanın Gəncə şəhərinin tarixi simvollarından biri olan və hazırda Gürcüstanda saxlanılan Gəncə qapıları ilə bağlı məsələ də məhz bu kontekstdə nəzərdən keçirilə bilər.

Gəncə qapılarının tarixi XI əsrə gedib çıxır. Qapılar 1063-cü ildə Şəddadilər hökmdarı Əbüləsvar Şavurun sifarişi ilə usta İbrahim ibn Osman tərəfindən hazırlanıb. Qapının üzərindəki kufi yazı onun hazırlanma tarixini və ustasının adını təsdiqləyən mühüm tarixi mənbədir. Azərbaycan Xarici İşlər Nazirliyinin materiallarında da Gelatidə qorunan qapının üzərində İbrahim ibn Osmanın adı və 1063-cü il tarixi qeyd olunur.

Bu fakt Gəncə qapılarını sadəcə qədim metal konstruksiya deyil, Azərbaycanın orta əsrlər sənətkarlığının və şəhər mədəniyyətinin nadir nümunələrindən birinə çevirir, lakin qapıların taleyi Gəncənin tarixində baş vermiş ən ağır faciələrdən biri ilə əlaqəlidir.

1139-cu ildə baş vermiş güclü zəlzələ Gəncəni dağıtdı. Şəhərin müdafiə imkanları ciddi şəkildə zəiflədi. Məhz bundan sonra Gürcüstan hökmdarı I Demetre Gəncəyə hücum edərək şəhəri ələ keçirdi və qapıları Gürcüstana apardı.

Beləliklə, söhbət sadəcə bir tarixi əşyanın başqa ölkədə nümayiş etdirilməsindən getmir. Burada konkret mənşəyi, hazırlanma tarixi, ustası və Gəncə şəhəri ilə birbaşa bağlılığı məlum olan maddi mədəni irs nümunəsindən söhbət gedir.

Gəncə qapılarının günümüzə qədər bir tayının çatdığı bildirilir. Qapının həmin hissəsi Gürcüstanın Kutaisi şəhəri yaxınlığındakı Gelati monastırı ilə əlaqələndirilir.

Gelati UNESCO-nun Dünya İrsi siyahısında yer alan mühüm orta əsr abidəsidir və Gürcüstanın "qızıl dövrü"nün memarlıq və mədəniyyət tarixində xüsusi əhəmiyyət daşıyır. Maraqlıdır ki, Gürcüstanın Gelati monastırının idarəetmə planında da Gəncə qapısının mövcudluğu təsdiqlənir. Sənəddə qapının Davidin oğlu Demetre I tərəfindən Gəncənin ələ keçirilməsindən sonra "hərbi qənimət" kimi monastıra bağışlandığı bildirilir. Eyni sənəddə qapının yalnız bir tayının qorunduğu qeyd olunur. 

Məhz bu məqam məsələnin mahiyyətini daha da aydın göstərir: Gəncə qapısının Gürcüstanda olması tarixi mənbələrdə də öz əksini tapır.

Burada əsas mübahisə qapının hansı şəraitdə əldə edilməsi ilə bağlıdır. 1139-cu ildə Gəncə təbii fəlakətlə üzləşmişdi. Şəhər dağıdılmış, əhali ağır itkilərlə qarşılaşmış, müdafiə imkanları zəifləmişdi. Belə vəziyyətdən istifadə edilərək şəhərin qarət olunması və qapıların aparılması tarixdə baş vermiş konkret hadisədir.

Bu səbəbdən Gəncə qapılarının taleyinə yalnız "müharibə qəniməti" anlayışı çərçivəsində yanaşmaq məsələnin digər tərəfini kölgədə qoyur. Çünki burada söhbət yalnız hərbi qarşıdurmadan sonra əldə edilmiş əmlakdan deyil, təbii fəlakətlə müdafiəsiz qalmış şəhərin mədəni irsinin sonradan başqa əraziyə aparılmasından gedir.

Müasir dünyada isə mədəni irsin qanunsuz və ya qeyri-qanuni yollarla əldə edilməsinin qarşısının alınması və mənşə ölkələrinə qaytarılması ayrıca beynəlxalq gündəm təşkil edir. BMT Baş Assambleyası hələ 1983-cü ildə mənşə ölkələrinə mədəni sərvətlərin qaytarılması və restitusiya məsələsinə dair qətnamə qəbul edib və mədəni sərvətlərin inventarlaşdırılmasının əhəmiyyətini xüsusi vurğulayıb. 

Deməli, Gəncə qapılarının qaytarılması tələbi yalnız Azərbaycan üçün əhəmiyyət daşıyan məsələ kimi deyil, daha geniş tarixi ədalət və mədəni irsin mənşə ölkəsinə qaytarılması prinsipi çərçivəsində müzakirə edilə bilər.

Azərbaycan və Gürcüstanı bu gün strateji tərəfdaşlıq və dostluq münasibətləri birləşdirir. İki ölkə regional təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlıq sahələrində mühüm layihələr həyata keçirir.

Məhz buna görə Gəncə qapıları məsələsinə də qarşıdurma predmeti kimi deyil, iki dost ölkə arasında tarixi və mədəni dialoqun nümunəsi kimi yanaşmaq mümkündür. Gəncə qapılarının Azərbaycana qaytarılması Gürcüstan üçün hansısa tarixi dəyərin itirilməsi kimi deyil, iki xalq arasında qarşılıqlı hörmətin və mədəni irsə münasibətdə yeni yanaşmanın nümayişi kimi qiymətləndirilə bilər. Üstəlik, söhbət Gürcüstanın öz milli irsindən getmir. Gelati monastırı Gürcüstanın dünya səviyyəsində tanınan tarixi abidəsidir, lakin həmin kompleksdə saxlanılan Gəncə qapısının mənşəyi Azərbaycanın Gəncə şəhərinə bağlıdır. UNESCO-nun Gelati ilə bağlı materialları da abidənin Gürcüstanın orta əsr mədəniyyətindəki rolunu təsvir edir; bu isə Gəncə qapısının ayrıca mənşə tarixinin müzakirəsinə mane olmamalıdır. 

Dünyada mədəni irsin restitutiyası ilə bağlı yanaşmalar dəyişir. Məsələ artıq yalnız muzeylərdə hansı əsərin saxlanılması deyil. Əsas suallardan biri həmin əsərin hansı şəraitdə əldə edilməsi, onun mənşəyinin harada olması və həmin mədəni sərvətin hansı xalqa və tarixə aid olmasıdır.

Bu baxımdan Fransa nümunəsi xüsusilə diqqət çəkir. Kolonial dövrün irsi ilə bağlı müzakirələr və restitusiya təşəbbüsləri göstərir ki, keçmişdə baş vermiş hadisələrə müasir dövrdə yenidən hüquqi və mənəvi qiymət vermək mümkündür. Makronun 2017-ci ildən etibarən Afrika mənşəli mədəni sərvətlərin qaytarılması istiqamətində verdiyi mesajlar da bu yeni yanaşmanın nümunələrindəndir. 

Əgər bu prinsip beynəlxalq mədəni siyasətdə getdikcə daha geniş qəbul edilirsə, onun tətbiqi konkret tarixi hadisələrlə məhdudlaşdırılmamalıdır. Gəncə qapıları da belə nümunələrdən biridir.

Bu gün Gəncə qapılarının yalnız bir tayının mövcud olduğu məlumdur. Onun harada saxlanıldığı da sirr deyil. Qapı 1063-cü ildə Gəncədə hazırlanıb, üzərində onun müəllifini və hazırlanma tarixini göstərən yazı var, 1139-cu il hadisələrindən sonra isə Gürcüstana aparılıb. Azərbaycan tərəfi uzun illərdir bu mədəni irs nümunəsinin qaytarılması məsələsini gündəmə gətirir.

Bu baxımdan məsələni bir daha gündəmə gətirmək üçün ciddi əsaslar mövcuddur. Çünki mədəni irs yalnız daşdan, metaldan, kitabdan və ya sənət əsərindən ibarət deyil. O, xalqın tarixi yaddaşıdır. Bir artefaktın mənşə ölkəsinə qaytarılması isə həmin xalqın yaddaşının müəyyən hissəsinin öz tarixi məkanına qaytarılması deməkdir.

Gəncə qapılarının Azərbaycana qaytarılması da belə bir addım ola bilər. Azərbaycan və Gürcüstan kimi dost və strateji tərəfdaş olan iki dövlət arasında bu məsələnin qarşılıqlı anlaşma və xoş niyyət əsasında həlli, şübhəsiz ki, region üçün də mühüm mesaj verərdi: dostluq yalnız bu günün maraqları üzərində deyil, tarixə və mədəni irsə qarşılıqlı hörmət üzərində də qurulur.

Dünyada kolonializm, müharibələr və digər tarixi proseslər nəticəsində mənşə ölkələrindən çıxarılmış mədəni sərvətlərin geri qaytarılması barədə müzakirələr genişlənirsə, Gəncə qapılarının taleyi də bu qlobal gündəmdən kənarda qalmamalıdır.

1063-cü ildə Gəncədə hazırlanmış, 1139-cu ilin faciəsindən sonra şəhərdən aparılmış və bu gün Gürcüstanda qorunan tarixi qapı artıq doqquz əsrə yaxın bir müddətdir ki, öz doğma şəhərindən uzaqdadır.

Bəlkə də XXI əsrdə bu tarixi yolun son nöqtəsini dəyişməyin vaxtıdır.

Gəncə qapıları Gəncəyə qayıtmalıdır.

Asif Mehman
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.