Şou-biznes

Nura Suri: "...Onların bu hərəkəti müsəlmançılığa yaraşmır" - FOTOSESSİYA

9 Aprel 2010 09:45
Baxış: 817
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
- Hər il doğüm gününü təntənəli qeyd edən Nura bu il hansı planlar düşünür?

- Doğum günüm aprelin 15-dir. Amma həmin gün yox, aprelin 19-da təqdimat mərasimi ilə birlikdə doğum günümü qeyd etməyi düşünürəm. Mətbuat işçilərinə mənim veb-saytım təqdim ediləcək. Bir neçə saatdan sonra eyni məkanda yeni yaş günümü qeyd etməyi düşünürəm. Amma bu dəfə bir qədər fərqli olacaq. Yəni, hər il sənət dostlarımı doğum günümə dəvət edirəm. Amma bunu hər il təkrarlamaq düzgün olmaz. Bu dəfə yalnız yaxın adamlarımla kiçik çevrədə qeyd edəcəyik.

- Funda Ararın təklifi nə yerdə qalıb? Onun repertuarından ifa etdiyin "Səndən öyrəndim" mahnısını eşidib, klipini izləyəndən sonra Funda sizinlə görüşməyi təklif etmişdi.

- Əslində mən Fundanı efirdən tanıyıram. Gerçək həyatda görüşümüz olmayıb. O, efirdə mənim ifam haqqında xoş sözlər demisdi. Sonradan mənim yaxın tanışımış Türkiyəyə səfər edəndə, Funda ilə bir məclisdə olub. Türk sənətçisi dostuma mənim ondan halallıq almadığımı giley edib. Amma sonradan onunla görüşmək imkanım olmadı. Məsələyə başqa bir tərəfdən yanaşsaq, bütün dünya müğənniləri bir-birilərinin repertuarından mahnı ifa edir.  İnanmıram ki, hansısa biri bizdən halallıq alandan sonra oxuyublar. Bu, Funda Arar üçün də bir reklam idi ki, Azərbaycan tamaşaçısı onun mahnısını mənim ifamda eşidib və bəyənib. Mənə qədər mahnı burada məşhur deyildi. Əgər mən onu bərbad vəziyyətdə ifa etsəydim, iradlara da açıq olardım.

- Sizi avropasayaq müğənni adlandırırlar. Dünya ulduzlarından kiminlə səhnəni bölüşməyə cəhd etmisiniz?

- Yalandan ad çəkmək istəmirəm. Bizim şou-biznesdə olan müğənnilər dünya ulduzları ilə müqayisə ediləsi deyil. Burada söhbət istedaddan getmir. Sadəcə olaraq dünya ulduzlarının ətrafında çox güclü menecer və prodüserləri var. Ledi Qaqanı misal çəkim. Onun üzərində konkret bir imic formalaşıb. Buna uyğun mahnılar və kliplər hazırlanır. Bizdə güclü komanda olmadığından pərakəndəlikdir. Həm də bizim dünya standartlarına uyğun bir ulduz yarada biləcək şirkətlərimiz yoxdur. Müğənni hələki öz gücünə arxalanır. Mən özüm üçün həm menecerəm, həm də prodüser. Əslində, bu, düzgün deyil. Mən mahnı ifa etməliyəm. Qalan işlərlə komanda çalışmalıdır. Ona görə də, bizim vaxt, pul problemlərimiz ortaya çıxır.

- Sənətçilərin həm də sərhəddən kənara çıxmaq problemi var.

- Götürək "Eurovision"a gedən iştirakçılarımızı. Getdilər oxudular və bir çox insanlar onları tanıdı. Bəs sonra? Samirlə Elnur bizə yaxın olan Tarkan, Dima Bilandan əskik deyillər ki, artıqdırlar. Haradadırlar onlar? Hazırda onların kənara çıxmaq imkanları yoxdur. Çünki ətrafında təşkilatçı yoxdu. Dünya səhnəsinə çıxmaq müğənninin özündən asılı olan bir iş deyil. Bizdə bunu bacaran insanlar yoxdur. Burada tək maliyyədən söbət getmir. Mənim albomum hazırlananda studiyada oturub ən xırda işlərlə belə maraqlanmaq məcburiyyətində qlamışam. Əslində isə bu, mənim işim deyil. Sonda isə satışdan bir qara təpik qazana bilmirəm. Əksinə, pul xərcləyirsən.

- Eşitmişik piratlarla dostlaşmısınız?

- Yox, dostlaşmamışam. Hər bir qəliz işi xoşluqla həll etmək mümkündür. Ölkələrarası müharibəni belə sülh yolu ilə həll etməyə çalışırlar. Söz təzyiqi, hədə-qorxu ilə heç nə əldə etmək olmur. Piratlara təklif edirəm ki, "biz albomdan xeyrimizi götürəndən sonra siz sürətini çıxarıb satın". Başa düşürəm ki, piratlar da balasını dolandırmaq istəyir. Onsuz da bunun qarşısını almaq mümkün deyil. Sülh yolu ilə ortaq məcrəcə gəlmək lazımdır.

- Müğənnilər arasında gedən söz davası piratlarla mübarizəni  bir növ ikinci plana atıb. Hər gün yeni bir münaqişə ortaya çıxır, bir-birilərinin ünvanına kəskin fikirlər səsləndirirlər.

- Məndən heç kim inciməsin, müğənnilərdə günah görmürəm. Bu gün reytiq xatirinə qalmaqal mövzusu önə çəkilib. Bu, gənclərə yaxşı örnək deyil. Bu gün hansı istiqamətə doğru addımlayırıq, bəlli deyil. Dəfələrlə olub ki, öz müsahibəmə qulaq asanda, yaxud oxuyanda şoka düşmüşəm. Cümlədə fikir bitəndə, yaxud montaj ediləndə, ortaya başqa bir fikir çıxır. Kimsə özünü təsdiqləmək üçün məni ağılsız göstərməyin nə xeyri var? Bəzi gənclər özlərini bizə oxşatmağa can atırlar. Bu cür təqdimat onların təfəkkürünə də yanlış təsir göstərə bilər. Əgər hansısa bir müğənni tərbiyəsizdir, ağzının danışığı bilmir, bax onu təbliğ eləmək lazım deyil.

- Hərdən müğənnilərin gənclər üçün yaxşı örnək olmadıqları deyilir. Siz necə düşünürsünüz?

- Niyə, müğənnilərimizə nə olub ki? Bir-iki müğənnini çıxmaq şərti ilə hamısı normal insanlardır. Bizim sənətçilərə nə olub? Hərdən şou-biznesi elə təqdim edirlər ki, guya bu mühit mərifətsiz, əxlaqsız bir yerdir. Verilişlərin birində qonaqlardan birinə sual edildi ki, "müğənnini ailənə gəlin gətirərsən?". Çox pis oldum, elə bil ki, müğənni sözü "fahişə" sözü ilə bərabər tutulur. Belə çıxışlar, insanda ikrah hiss oyadır. Ümumiyyətlə, hər bir insan söz deyəndə, mahiyyətinə varmalıdır. Niyə məhz müğənni? Əgər bir insan müğənnidirsə, bu, o demək deyil ki, o, əxlaqsızdır. Bu, hər sahənin adamında ola bilər.

- Siz özünüzü həvəskar müğənni kimi təqdim etmisiniz. Sizcə bizdə peşəkar müğənnilərin sayı çoxdur?

- Bizdə peşəkar müğənni deyəndə, bilmirəm nəyi nəzərdə tuturlar. Mən peşəkar deyəndə, hazırda Sevda Ələkbərzadənin adını çəkə bilərəm. Canlı alətlərlə oxuyur və dünyanın demək olar ki, yarıdan çoxunda konsert proqramı ilə çıxış edib. Baxmayaraq ki, bizim şou-biznesdə bir çoxları onu bəyənmir və tənqid etməkdən belə çəkinmirlər. Halbuki özləri Biləcəridən o tərəfə çıxa bilməyiblər. Toyda pul qazanan müğənnilərə peşəkar deyə bilmərəm. Belə götürəndə konsertindən, albom satışından heç kim pul qazana bilmir. Əgər mənim fikrimlə razılaşmayıb, peşəkar olduqlarını sübut etmək istəyirlərsə, dünya kanalları var. MuzTv, MTV  və s. kliplərini orada yayımlasınlar və dünya xalqı Azərbaycanın sənətçisini görə bilsin. Biz hələki dünya səhnəsində caz və muğamlarımızla tanınırıq. Amma pop musiqisi ilə tanıdan yoxdur. Bunu bacaran varsa, meydana çıxsın. Kimsə özünü peşəkar adlandırırsa, dünya səviyyəli müsabiqələrə çıxsın. Məşhur və peşəkar münsiflər heyətinin qarşısında canlı ifa nümayiş etdirsinlər. Elementar Yaltada keçirilən "Novoya volna" müsabiqəsindən danışım. Bir dəfə də olsun, azərbaycanlı iştirakçını orada görə bilməmişəm.

- Buna həvəsləri yoxdur, yoxsa, sənət imkanları?

- Pul olmayan bir yerə getmək onların nəyinə lazımdır? Məsələyə ikinci tərəfdən yanaşanda, başqa nüanslar da ortaya çıxır. Müğənni həmin müsabiqəyə getmək üçün gərək, yol, otel və digər xərclərini də düşünsün. Bununla məşğul olan insanlar olsa, bəlkə həvəs də artar. Hələki müğənnilər efirdə daha çox pis tərəfdən göstərilir və bunun əvəzində bəzi verilişlər reytinq qazanır. Ümumiyyətlə, isə heç kimin qanadları yoxdur, heç kim məleykə deyil. Hamının bir səhfi var. Göz önündə olan insanın səhfini qabardıb, onunla reklam qazanmaq istəyənlər çox gülməli görünürlər. Onların bu hərəkəti müsəlmançılığa yaraşmır.  

Xədicə
Milli.Az



-------------------------------------------------------------------------------


--------------------------------------------------------------------------------
 

--------------------------------------------------------------------------------
 

--------------------------------------------------------------------------------
 

--------------------------------------------------------------------------------
 

--------------------------------------------------------------------------------
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.