Sağlam qida

Yayın ən sevilən meyvəsi təhlükə mənbəyinə çevrilə bilər - Müsahibə

24 İyun 2026 15:12
Baxış: 692
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Yay aylarının ən çox istehlak olunan meyvələrindən biri qarpızdır. Lakin hər il olduğu kimi, bu mövsümdə də qarpızdan zəhərlənmə halları ilə bağlı narahatlıqlar gündəmə gəlir.

Qida eksperti Ağa Salamov mövzu ilə bağlı Milli.Az-ın suallarını cavablayıb:

-Qarpızdan zəhərlənmənin əsas səbəbləri nələrdir?

-Qarpızdan zəhərlənmə halları bir neçə səbəbdən baş verə bilər. Ən çox rast gəlinən səbəblər məhsulun düzgün saxlanmaması, kəsildikdən sonra uzun müddət otaq temperaturunda qalması və mikroorqanizmlərlə çirklənməsidir. Bundan başqa, yetişdirmə zamanı normadan artıq azotlu gübrələrin istifadəsi nəticəsində qarpızda nitratların yüksək səviyyədə toplanması da sağlamlıq riskləri yarada bilər. Kəsilmiş qarpızın antisanitar şəraitdə satılması və ya daşınması da qida təhlükəsizliyi baxımından ciddi risk hesab olunur.

-Qarpız alarkən istehlakçılar nəyə diqqət etməlidirlər?

-İstehlakçılar bütöv, çatlamamış, əzilməmiş və xarici görünüşü normal olan qarpızları seçməlidirlər. Üzərində çürümə əlamətləri, dərin zədələr və ya kif izləri olan məhsullar alınmamalıdır. Yol kənarında toz, günəş və digər xarici təsirlərə məruz qalan qarpızların alınması tövsiyə edilmir. Kəsilmiş halda satılan qarpızların mənşəyi və saxlanma şəraiti məlum olmadığından onların alınması riskli hesab olunur.

-Qarpızdan zəhərlənmənin əsas əlamətləri hansılardır?

-Qarpızdan zəhərlənmə zamanı ürəkbulanma, qusma, qarın ağrısı, ishal, halsızlıq, başgicəllənmə və bəzən hərarət müşahidə oluna bilər. Nitratlarla əlaqəli hallarda isə zəiflik, baş ağrısı, nəfəs darlığı və dəridə solğunluq kimi əlamətlər də yarana bilər. Simptomların şiddəti qəbul olunan məhsulun miqdarından və insanın sağlamlıq vəziyyətindən asılıdır.

-Zəhərləndikdə ilkin olaraq nə etmək lazımdır?

-İlk növbədə şübhəli məhsulun qəbulu dayandırılmalıdır. İtirilən mayenin bərpası üçün bol maye qəbul etmək vacibdir. Güclü qusma, davamlı ishal, yüksək hərarət, huşun bulanması və ya vəziyyətin ağırlaşması hallarında dərhal həkimə müraciət edilməlidir. Xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəliyi olan şəxslər risk qrupuna daxildir.

-Vətəndaşlar arasında yayılmış "Qarpız avqust ayında yeyilməlidir" fikrinin əsası varmı?

-Bu fikir müəyyən qədər qarpızın təbii yetişmə dövrü ilə əlaqəlidir. Əvvəllər açıq sahədə yetişdirilən qarpızların əsas məhsul dövrü iyul-avqust aylarına təsadüf etdiyindən insanlar avqustu daha təhlükəsiz hesab edirdilər. Lakin müasir aqrotexniki üsullar, erkən əkinlər və istixana texnologiyaları nəticəsində daha erkən dövrlərdə də keyfiyyətli məhsul əldə etmək mümkündür. Buna görə məhsulun təhlükəsizliyi yalnız ayla deyil, onun yetişdirilmə və saxlanma şəraiti ilə qiymətləndirilməlidir.

-Azərbaycanda qarpızın təbii yetişmə dövrü hansı aylara təsadüf edir?

-Azərbaycanda açıq sahədə yetişdirilən qarpızların əsas yığım mövsümü adətən iyul ayından başlayır və sentyabr ayına qədər davam edir. Regiondan və hava şəraitindən asılı olaraq ilk məhsullar iyun ayının sonlarından bazara çıxarıla bilər.

-İstehlakçılar qarpızı ev şəraitində təhlükəsiz şəkildə necə saxlamalıdırlar?

Bütöv qarpız sərin, quru və günəş şüalarından uzaq yerdə saxlanmalıdır. Kəsildikdən sonra isə mütləq qida üçün nəzərdə tutulmuş örtüklə bağlanmalı və soyuducuda saxlanmalıdır. Kəsilmiş qarpızın otaq temperaturunda uzun müddət qalması bakteriyaların sürətlə çoxalmasına səbəb ola bilər. Soyuducuda saxlanılan qarpızın da mümkün qədər 2-3 gün ərzində istehlak olunması məqsədəuyğundur.

Müəllif: Mina Mikayılova (müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.