Siyasət

Tehran, sənin neçə üzün var? - İran Xankəndinə fasiləsiz yük yollayır - TƏFƏRRÜAT

11 Sentyabr 2021 15:53
8 Şərh     Baxış: 3 979

İran İslam Respublikasından olan ağırtonnajlı yük avtomobillərinin (TIR) Ermənistana, oradan da Gorus-Xankəndi marşrutu ilə hərəkət edərək, Laçın dəhlizindən keçərək Xankəndinə doğru hərəkət etdiyini dəfələrlə yazmışıq. İranın Bakıdakı səfirliyi də hər dəfə üzə durur, "bunlar iddialardır" deyirdi.

Faktlar isə tam tərsini deyir.

Aparılan müşahidələrimiz göstərir ki, iyulun 11-dən avqustun 8-dək İran İslam Respublikasına məxsus 35 ağır tonnajlı yük avtomobili Laçın dəhlizi vasitəsilə Qarabağa, Rusiyanın sülhməramlı kontingentinin nəzarətindəki ərazilərə tam 70 (!) dəfə giriş-çıxış edib.

Avtomobillərin sadəcə 4-ü yük maşını olub. 31 avtomobil isə iritonnajlı yanacaqdaşıyan maşınlar (sistern) idilər.

Dəqiq statistikaya gəldikdə isə, iyulun 11, 14, 16, 17, 20, 21, 27, 28, 29, 31-də, daha sonra avqustun isə  3, 4, 5, 6 və 7-də həmin maşınlar Ermənistandan Laçın dəhlizi vasitəsilə Azərbaycan ərazisinə, Qarabağa daxil olublar, sonra geri qayıdıblar.

Həmin avtomobillərin yüklərinin nədən ibarət olması barədə nə Ermənistan, nə də İran İslam Respublikası indiyədək rəsmi açıqlama veriblər.

Yüklərin bütünlüklə humanitar yardım, ərzaq və ya dərman preparatlarından ibarət olduğunu iddia etmək isə ən azı, sadəlövhlük olardı.

Həmin avtomobillərin hərəkətinin əks olunduğu çoxsaylı foto və videokadrlara rəğmən, rəsmi Tehran hər dəfə olayı qətiyyətlə təkzib edib, baş verənləri "İran-Azərbaycan dostluğuna və qardaşlığına qarşı yönəlmiş məqsədli dezinformasiya, əsassız şayiələr və böhtanlar" qismində dəyərləndirib.

Ötən ilin noyabrın 9-dan 10-a keçən gecə Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatla, Ermənistanın kapitulyasiyası ilə Vətən Müharibəsi başa çatandan sonra da İran İslam Respublikasından Ermənistana, oradan da Azərbaycanın hələlik rusiyalı sülhməramlıların operativ-fəaliyyət nəzarətində olan Xankəndi şəhərinə ağırtonnajlı yük maşınlarının hərəkəti dayanmadı.

Sonuncu belə olay may ayının əvvəlində qeydə alındı. İranın dövlət nömrə nişanlı yük avtomobilləri Ermənistandan keçərək Laçın dəhlizi vasitəsilə Xankəndinə yollanmışdılar.

İranlı sürücülərin idarə etdikləri bu yük maşınlarının Azərbaycan ərazisində hərəkətlərinin qeyd olunduğu foto və videogörüntülər də var.

Görüntülər yayılandan sonra İranın Azərbaycandakı səfirliyi bəyanat yayaraq bildirmişdi ki, videolar, fotolar və məlumatlar araşdırılacaq.

Bir qədər keçdi, səfirlik nəticəni açıqladı: sən demə, görüntülər və məlumatlar "dezinformasiya" imiş.

Lakin sonradan faktlar, foto və videogörüntülər yayıldı.

Avqustun 11-də İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xİn-ə dəvət olundu. Səfirə etiraz notası təqdim olundu və onun diqqəti İran İslam Respublikasına məxsus yük avtomobillərinin Qarabağa qanunsuz səfər etməsi ilə bağlı aşkar edilmiş arzuolunmaz faktlara cəlb edilib.

Notada son dövrlər dost İran İslam Respublikasına məxsus müxtəlif təyinatlı avtomobillərinin davamlı olaraq rəsmi Bakının icazəsi olmadan Azərbaycanın Qarabağ bölgəsinə giriş-çıxış etməsi ilə bağlı narazılığımız ifadə olunub.

Görüş zamanı, bu kimi narahatlıq doğuran və iki ölkə arasında mövcud yaxın dostluq və tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun gəlməyən hallara son qoyulması istiqamətində İranın yeni administrasiyası tərəfindən əməli addımların atılacağı qeyd olunub.

Notanın təqdimatından tam bir ay keçir.

İran İslam Respublikasının rəhbərliyi bəhs olunan insidentlərin qarşısının alınması üçün hər hansı əməli, effektiv tədbir görübmü? Bakının notasını ciddiyə alaraq konkret addımlar atıbmı, Xankəndinə yük daşıyan maşınlarla bağlı araşdırma aparılıbmı?

Əsla!

Tam əksinə, İran çirkin fəaliyyətini davam etdirir.

Belə ki, avqustun 11-dən dünənədək, yəni sentyabrın 10-dək Ermənistandan Azərbaycana, daha dəqiq olsaq, Gorusdan Laçın dəhlizi vasitəsilə Xankəndinə müxtəlif yüklü 58 ağırtonnajlı yük avtomobili daxil olub. Sonradan onların 55-i geri qayıdıb.

İranın bu avtomobilləri arasında yanacaq-sürtgü materialları daşıyanlar "xüsusi yer" tuturdu.

İran bu qanunsuz, Azərbaycandan gizli saxlamağa çalışdığı əməliyyatı pərdələmək üçün yük maşınlarını mimikriya etdirməyə çalışır. Belə ki, həmin yük maşınları Laçın dəhlizinə, rusiyalı sülhməramlıların postlarına çatanda onların nömrə nişanları çıxarılır, Ermənistanın dövlət nömrə nişanları vurulur. İran bu minvalla Xankəndinə yolladığı avtomobillərin sayını gizlətməyə çalışır.

Fəqət, fırıldaq alınmır, çünki Ermənistanın nömrələri İran maşınlarında təkrarlanır: bəzən 4, hətta 6 ağırtonnajlı yük avtomobili eyni nömrə nişanı ilə Xankəndinə yönəlir.

İran avtomobillərinin Laçın dəhlizi vasitəsilə Xankəndinə hərəkəti, naməlum mənşəli və ciddi-cəhdlə gizlədilən yüklərin daşınması Azərbaycanın suverenliyinin, sərhəd toxunulmazlığının və ərazi bütövlüyünün kobud şəkildə pozulması ilə yanaşı, rəsmi Tehranın ölkəmizə aşkar, nümayişkaranə şəkildə sayğısızlığıdır.

İran İslam Respublikasının Azərbaycandakı səfirliyi indi nə deyəcək? Yenə də "İran-Azərbaycan dostluğunu, səmimi qonşuluq və tərəfdaşlıq münasibətlərini inkişaf etdirməkdə Tehranın maraqlı olduğunu" bəyan edəcək?

Azərbaycan ərazilərinin 20 faizinin erməni işğalında olduğu 30 ildə İrandan işğal olunmuş ərazilərə avtomobillərin sürəkli axışdığı, ermənilərin həmin ərazilərdə talan etdikləri hər şeyi iranlıların həvəslə aldıqları, hətta azərbaycanlıların viran edilmiş evlərindəki qab-qacaqdan belə, boyun qaçırmadıqları faktdır.

Qarabağ işğalda olanda azərbaycanlıların yerlə yeksan edilən evlərinin taxta-şalbanından və daşından, şiferindən və dəmir örtüyündən tutmuş, uşaq çarpayılarınadək hər nəsnəni oraya gələn iranlıların daşıdıqları da danılmaz məsələdir.

Və İran İslam Respublikası indi, üzə duraraq, danılmaz faktları danmağa çalışaraq Xankəndinə ən müxtəlif yükləri, o cümlədən yanacaq-sürtkü materiallarını daşıyırsa, 44 günlük Vətən Müharibəsi zamanı İran maşınlarının düşmənə yük daşımadıqlarını kim deyə bilər?

Bilakəs, düşünürəm ki, müharibə günlərində ermənilərin tankları, zirehli maşınları və hərbi avtomobillərinin əksəriyyəti məhz İrandan gətirilmiş yanacaqla hərəkət ediblər.

Xatırladaq ki, bu yaxınlarda İranın Ermənistandakı səfiri Bədəxşan Zohuri Kəlbəcərlə sərhəddə yerləşən erməni hərbi hissələrinə baş çəkmişdi.

Onu İranın Ermənistandakı səfirliyinin hərbi attaşesi Bəhmən Sadegin və Ermənistan Müdafiə Nazirliyinin yetkililəri müşayiət ediblər.

Kəlbəcərlə sərhəddə yerləşən erməni hərbi hissəsinin komandiri, general-mayor Araik Harutyunyan son olaylardan bəhs edib.

Sərhədimizə Fransa və ABŞ-ın Ermənistandakı səfirlərinin "başmaq seyr"lərini anladıq. Parislə Vaşinqtonun münasibəti bəlli.

Bəs Qarabağ müharibəsi ilə bağlı "fətva"nın verildiyi, bizə "dost və qardaş" deyən İranın Ermənistandakı səfirinin Azərbaycanla sərhəddə nə işi var? O, durbinlə nəyə və niyə baxırdı?

Səfir Zohuri durbinlə mövqelərimizə elə diqətlə baxırdı ki, sanki Ermənistan-Azərbaycan sərhədində yox, İranın sərhədlərini yarmağa çalışan qüvvənin mövqelərinin qarşısında durub.

Olmaya "Ermənistan sərhədlərinin toxunulmazlığı" İran üçün öz dərdlərindən, problemlərindən daha vacibdir?

Bundan başqa, torpaqlarımızın bir hissəsinin erməni işğalında olduğu 28 il ərzində nə üçün İran belə "qayğı"nı müsəlman Azərbaycanla bağlı nümayiş etdirmədi?

Onu da xatırladım ki, avqustda İran şirkətlərindən biri ölkə vətəndaşlarını Qarabağa, rusiyalı sülhməramlıların müvəqqəti yerləşdirildikləri ərazilərə işləməyə dəvət edirdi.

Unutmuruq ki, İranın dövlət İRNA informasiya agentliyinin təşkil etdiyi onlayn müzakirələrdə tehranlı ekspertlər "İran regionda qüvvələr balansını təmin etməlidir" demişdilər. Yəni bu, Ermənistana dəstək verilməsinə açıq çağırış idi.

Və ən nəhayət, Qarabağdakı rusiyalı sülhməramlıların davranışı çox suallar doğurmağa davam edir.

Onlar ya Laçın dəhlizinə nəzarət eimirlər, ya da baş verənlərə göz yumurlar.

"Göz yumulması"nın siyasi səbəblərlə yanaşı, trivial rüşvət hesabına olduğunu da istisna etmirəm.

Rusiyalı sülhməramlılar qarabağlı ermənilərə var qüvvələri, imkanları və potensialları ilə dəstək olmağa çalışırlar.

Onlar su daşımaq, mobil rabitəni təmin etmək, üzüm yığımını "mühafizə etmək"lə yanaşı, qarabağlı ermənilərin pasportlarını yığır, onlara mənzillərini və evlərini satışa çıxarmağı yasaqlayırlar.

Qarabağlı ermənilər arasında Ermənistana köçənlər, yəni qaçanlar çoxdur. Onların Ermənistanda yaşamaq niyyətləri yoxdur: məqsəd Rusiyaya və başqa xarici ölkələrdən birinə yollanmaqdır.

Rusiyalı sülhməramlılar da bunun qarşısını almağa çalışırlar, çünki bilirlər - Qarabağda ermənilərin sayı minimuma enərsə, Rusiyanın Qarabağdakı sülhməramlı missiyasına ümumiyyətlə, zərurət olmayacaq.

İrana gəldikdə isə, Tehranın əvvəlki illərdə Qarabağda rahat, asudə davranışının zamanı keçib.

Əcəba, rəsmi Tehran bu dəfə nə deyəcək?

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.