ŞKTC-də keçirilən prezident seçkilərinin ilk turunda səslərin hesablanması başa çatıb. Rəsmi olmayan nəticələrə əsasən, Cümhuriyyətçi Türk Partiyasının (CTP) sədri Tufan Erhürman seçkilərdə 62,76% səs toplayaraq ölkənin yeni prezidenti seçilib. Müstəqil namizəd və hazırkı prezident Ersin Tatar isə 35,81% səs əldə edib.
Tufan Erhürman 1970-ci ildə Lefkoşa, ŞKTC-də dünyaya gəlib. 1988-ci ildə Ankara Universiteti Hüquq Fakültəsinə daxil olub, həm magistr, həm də doktorantura təhsilini orada tamamlayıb.
1995-2001-ci illərdə Ankara Universiteti, ODTÜ və Hacettepe Universitetində dövlət hüququ üzrə dərs deyib.
2001-2006 və 2008-2013-cü illərdə isə Doğu Akdeniz Universitetində dərs deməyə davam edib. 2006-2008-ci illərdə Yakın Doğu Universitetində müəllimlik edib.
1999-2004-cü illərdə Türkiyə Ədliyyə Nazirliyində çalışıb və Ombudsmanlıq sisteminin yaradılması üçün fəaliyyət göstərib.
2008-2010-ci illərdə prezident Mehmet Ali Talatla birlikdə Kipr probleminin həlli üzrə danışıqlarda iştirak edib.
2013-cü ildə Lefkoşa dairəsindən deputat seçilib.
Konstitusiyada 23 maddəlik dəyişiklik paketi üzərində işləyib, lakin 2014 referendumunda təklif rədd edilib.
2016-cı ildə CTP-nin və ana müxalifətin lideri seçilib.
2018-ci ildə partiyası parlamentdə yer itirsə də, yenidən deputat olub.
2018-2019-cu illərdə dörd partiyalı koalisiya hökumətinin baş naziri kimi çalışıb. 22 may 2019-da postu Ersin Tatara təhvil verib.
İngilis dilini yüksək səviyyədə bilir. Evlidir və bir övladı var.
Lalə Qüdrətova
Milli.Az