Siyasət

"Paşinyan dərk etməlidir ki, ölkəni bu vəziyyətdə idarə etmək olmaz"

10 Sentyabr 2020 16:55
Baxış: 956

"Nikol Paşinyanın Ermənistanda reytinqinin rekord həddə aşağı düşməsinin səbəbi də bəllidir, aqibəti də".

Bunu Milli.Az-a açıqlamasında "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə Ermənistanda Nikol Paşinyanın reytinqinin rekord həddə aşağı düşməsi məlumatını şərh edərkən deyib. 

Politoloq bildirib ki, Paşinyan hakimiyyətinə inamı itən Rusiyada yaşayan varlı ermənilər də bu ölkəyə yatırımlar etməyi dayandırıblar, vəsaitlərini də geriyə çevirməyə başlayıblar:

"Qeyri-professional, ölkəni idarə etmək eşqi ilə küçədən hakimiyyətə gələn səriştəsiz bir adam ölkənin real vəziyyətini dərk etmədən, maliyyə resursları, inzibati resursları zəif olduğu bir halda Ermənistanı idarə etməyə başladı. Eyni zamanda pandemiya vaxtı yeni risklər, yeni təhdidlər meydana çıxıb ki, bu vəziyyətdə əlbəttə ki, idarəetmə qeyri-effektiv olub. Ondan başqa da Ermənistan yeni risklərlə üzləşib. Yəni ənənəvi tərəfdaşlar, xüsusilə də Rusiya, ənənəvi maliyyə donorları olan Rusiyada yaşayan varlı ermənilər bu ölkəyə yatırımlar etməyi dayandırıblar, eyni zamanda Ermənistana yatırdıqları sərmayəni, vəsaitlərini də geriyə çevirməyə başlayıblar. Bir il ərzində Paşinyan yalnız köhnə elita nümayəndələrinin mülklərini müsadirə edərək qeyri-qanuni qazancdan əldə olunmuş maliyyə resurslarını ələ keçirərək bunu dövlət büdcəsinə qaytarmaqla və digər şəkildə vəziyyəti idarə edə bilirdi. Amma artıq onlar da tükənib, qurtarıb, onlar da yoxdur.

Bir yandan da pandemiya

İnvestisiya reytinqi onsuzda aşağı idi, ondan da aşağı enib. Belə vəziyyətdə Ermənistanın iqtisadiyyatı demək olar ki, çöküb, sosial problemlər artır. Bir məsələ də var. Qabaqlar normal durumda insanlar köç edirdilər, heç olmasa bu yolla vəziyyət stabilləşirdi. Yəni, narazı olan kütlə, maddi cəhətdən təmin olunmamış insanlar çıxıb başqa ölkələrə gedirdilər. İndi bu sərhədlər bağlanıb və bu narazı kütlə Ermənistanın daxilində qalıb. 

Müharibə riskləri...

Belə bir vəziyyətdə, onsuz da gün-güzəran yaxşı deyil. Bundan başqa müharibə riskləri də çoxalıb. Yəni, hamı başa düşür ki, vəziyyət daha da pisləşə bilər. Amma müharibə perespektivləri göz önündədir. Paşinyanın bu siyasəti Ermənistanı müharibəyə aparır. Ona görə, ölkənin normal düşüncəli sakinləri bunları götür-qoy edirlər və haqlı olaraq da narazılıq artır, bu da göz önündədir. İlk öncə Paşinyan özü dərk etməlidir ki, ölkəni bu vəziyyətdə idarə etmək olmaz.

Bir məsələ də var 

Məlumatlar sızdırılır ki, Ermənistanın baş naziri, onun həyat yoldaşı, ailəsi sürətlə zənginləşməyə başlayıblar, müxtəlif biznesə əl atamağa başlayıblar. Yəni ki, köhnə elitanın etdiyi səhvləri bunlar təkrar edirlər və yaxud da onların yolu ilə gedirlər. Belə olduğu halda narazılıq daha da artacaq, nəticədə Ermənistanda yeni siyasi böhran qaçılmaz olacaq".

Qeyd edək ki, ABŞ-ın Ermənistandakı səfirliyinin keçirdiyi sorğunun nəticələrində deyilir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın reytinqi rekord həddə aşağı düşüb. Keçirilmiş 3 ayrı rəy sorğusu N.Paşinyanın reytinqinin kəskin azaldığını göstərib. Sorğulardan birinin nəticəsinə, əsasən respondentlərin 17,2 faizi baş nazirə etimad göstərdiyini bildirib. Məlumatlara əsasən, bu cür aşağı göstəricilər hökumət daxilində narazılıqlara yol açıb. Xüsusilə də Milli Təhlükəsizlik Xidmətinin aşağı reytinqi olan baş nazirin istəklərini yerinə yetirməkdə həvəssiz olduğu bildirilir.

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.