Siyasət

Prezidentə yazırlar: Təxribatın qarşısının alınmasında ordumuzun gücünə bir daha şahid olduq

16 İyul 2020 08:20
Baxış: 1 376

Azərbaycan Prezidenti İlham Əliyevə respublikamızın bütün guşələrindən vətəndaşlar məktublar ünvanlanır. Milli.Az Prezidentin saytına istinadla məktubların daha bir neçəsini təqdim edir:

Siyəzəndən Bəxtiyar Seyidov: "Cənab Ali Baş Komandan. Məlum olduğu kimi, iyulun 12-də erməni silahlı qüvvələri Azərbaycanın mövqelərinə ağır artilleriya qurğuları ilə atəş açıb təxribat törətmişlər. Bunun qarşılığında Azərbaycan Ordusu adekvat cavab verərək düşməni susdurub şəhidlərimizin qisasını aldı. Məhz Sizin Azərbaycan Ordusuna, Azərbaycan əsgərinə göstərdiyiniz xüsusi diqqət və qayğının nəticəsi olaraq bu gün düşmənə layiqli zərbə endirməyə qadir olan güclü Azərbaycan Ordusu var. Bunun üçün Sizə dərin minnətdarlığımı bildirirəm.

Cənab Ali Baş Komandan, YAP-ın Gənclər Birliyinin Siyəzən rayon Təşkilatının üzvü olaraq Sizin əmrinizlə düşmənlə üz-üzə dayanıb, rəşadətli bir Azərbaycan əsgəri kimi döyüşməyə hazıram".

Qaxdan Tələt Abbasov:  "Hörmətli cənab Ali Baş Komandan. Milli Ordumuz çətin pandemiya dövründə belə öz xalqı ilə maraqlanmayan, təcavüzkar, faşist ideologiyalı Ermənistanın son günlər Tovuz rayonu istiqamətində törətdiyi növbəti təxribatlarına Sizin rəhbərliyinizlə layiqli cavab verməkdədir. Biz Sizin Qarabağ münaqişəsində tutduğunuz qətiyyətli mövqe və igid vətən oğullarının şücaəti ilə daim fəxr edirik!

Hörmətli Ali Baş Komandan, Yeni Azərbaycan Partiyası gənci olaraq Sizin əmrinizi gözləyir, ölkəm uğrunda döyüşməyə hazır olduğumu bildirirəm. Yaşasın müstəqil Azərbaycan! #hərbirimizəsgərik".

Xaçmazdan Aybəniz  Ədilova: "Hörmətli cənab Prezident, Ali Baş Komandan! Sizin rəhbərliyiniz altında ordumuz bu gün dünyanın ən güclü orduları sırasında yer alır. Ordumuzda olan ruh yüksəkliyi, peşəkarlıq, müasir hərbi texnikalar hər an torpaqlarımızı azad etməyə imkan verir. Biz YAP gəncləri olaraq daim Sizin yanınızdayıq, Sizin əmrlərinizi gözləyirik! Allah Sizi qorusun!".

Zaqataladan Vüsal Ramazanov: "Hörmətli cənab Ali Baş Komandan. Bu gün Azərbaycan Ordusu ölkəni istənilən təcavüzdən qorumağa və hər an torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Hər bir vətəndaşımız yaxşı bilir ki, Azərbaycanın güclü dövləti, güclü ordusu var. Cənab Ali Baş Komandan, döyüş təcrübəsi olan zabit və əsgərlərimiz hər zaman Sizinlədir. Biz Sizə inanır və güvənirik. Əmrinizi gözləyirik, cənab Ali Baş Komandanımız!".

Masallıdan Məmmədqulu Həsənov: "Hörmətli cənab Prezident! Sizin fəaliyyətiniz daim xalqımızın rifahının yüksəlməsinə, insanlarımızın qayğı və problemlərinin yerində həll olunmasına yönəlib. Xalqımızın firavan yaşayışı naminə atdığını addımlar öz bəhrəsini verir. Bu günlərdə kəndimizdəki köhnə, sıradan çıxmış elektrik dirəkləri yeniləri ilə dəyişdirildi. Bununla da işıqla təminatımız xeyli yaxşılaşdı, fasiləsiz işıqla təmin olunduq.

Cənab Prezident,

Azərbaycan xalqının qayğısına qalaraq onların problemlərinin həlli istiqamətində gördüyünüz əməli tədbirlərlə bağlı Sizə dərin təşəkkürümüzü bildirir və gələcək işlərinizdə uğurlar arzulayırıq".

Bərdədən Nəsibə Kərimova: "Hörmətli cənab Prezident, cənab Ali Baş Komandan! Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatın qarşısının alınmasında ordumuzun gücünə bir daha şahid olduq. İgid əsgərlərimiz 2016-cı il Aprel döyüşlərindəki kimi bizi bir daha qürurlandırdılar. Məhz onların sayəsində biz sabit, təhlükəsiz həyat yaşayırıq. Bilirik ki, bizi, ölkəmizi qüdrətli bir ordu qoruyur. Bizə qürur yaşadan güclü ordumuzun Ali Baş Komandanı Sizsiniz, cənab Prezident. Ali Baş Komandanımız kimi Sizə bildirmək istəyirəm ki, hər zaman əmrinizi gözləyirik. Torpaqlarımızın işğaldan azad olunması istiqamətində apardığınız siyasəti bəyənir, bir gənc olaraq Sizə səmimi qəlbdən öz təşəkkürümü bildirirəm".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.