Siyasət

"Atam erməniyə əsir düşməməyimiz üçün maşına qumbara qoydu" - Məşhur aparıcı XOCALI FACİƏSİ BARƏDƏ...- FOTO

26 Fevral 2020 13:27
4 Şərh     Baxış: 5 442

Tanınmış aparıcı Məhsəti Şərif Özyürək Xocalı faciəsi zamanı ailəsinin başına gələn hadisələrdən danışıb.

Milli.Az xəbər verir ki, ANS-in keçmiş aparıcısı atasının faciədən öncə işi ilə bağlı Xocalıya təyinat aldığını bildirib.

Məhsəti Şərif Xocalı faciəsinin dəhşətini atasının timsalında yaşadığını deyib:

"Atamı Xocalı bankına müdir göndərirdilər. Ağdamdakı işində təslimat işləriylə məşğul olurdu. Biz də onla bərabər Xocalıya köçəcəkdik bir müddət sonra. Xocalı evimiz olacaqdı. Bir gün evdə oturmuşduq. Atam tələm-tələsik evə girdi. Rəngi ağappaq idi. Anama Xocalıda hamını qırıblar dedi. Vəziyyət ağırdı, isti geyim və yun ədyallar aldı evdən. Anama evdə hazır çay və sup olsun deyib 1 saata dönəcəyini bildirdi. Gəldi termoslarda çay və yemək apardı. Gözləri ağlamaqdan şişmişdi. Getdi və 2 gün evə gəlmədi. Ağdam məscidinə gələn meyitləri daşıyırdılar. Məsciddən gələn ağlaşma və fəryadlar bütün şəhərdə eşidilirdi. Maşınıyla neçə canı xəstəxanaya aparmışdı. Maşının içi qan idi. Atam o hadisədən sonra 2 dəfə infarkt keçirdi. Sonra Ağdam işğal olundu. Hər tərəf mühasirədəydi. Əmimqızıyla mən maşındaydım. Yandımda, əl qumbarasını maşına qoydu. Dedi "Əsir düşsəniz, çəkin qumbaranı. Xocalıdakını yaşamayaq". Ağdamın işğalından sonra isə 3-cü infarktında dünyasını dəyişdi. Bu dərd atam kimi məni də aparacaq".

Xatırladaq ki, bu gün Xocalı soyqırımından 28 il ötür. Hələ 1991-ci ilin oktyabr ayından şəhər tamamilə Ermənistan silahlı qüvvələri tərəfindən mühasirəyə alındı. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalının işğal etdilər. İşğalçılar Xocalını darmadağın edərək xüsusi amansızlıqla onun dinc əhalisinin soyqırımını törətdilər.

Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər əhalisi deportasiya olundu, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qaldı (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu, 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərdən hər ikisini itirdi, 613 nəfər, o cümlədən 63 uşaq, 70 qoca, 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürüldü.

Təhməz Təkin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.