Siyasət

Hörümçək toruna düşən qarğa və ya özünü hakimiyyətə qurban verən millət

13 Dekabr 2013 00:30
0 Şərh     Baxış: 1 924
"Qarğanın hörümçək toruna düşməsi mümkünsüz məsələdir. Qarğa böyük, hörümçək kiçikdir və üstəlik, qarğa hörümçəkdən qat-qat ağıllıdır. Lakin ağlının qatlarının sayından asılı olmayaraq qarğa tamahkardır. O tamah da qarğanı bəzən elə qəfil tora salır ki, çırpınır, vurnuxur, qanad çalır, qarıldayır, qurtulmağa çalışır. Alınmır, çünki o, özünü tamahına qurban verib. Tamahın timsalı isə hörümçək, onun torudur".

Yapon yazıçısı Fuminori Nakamuranın bu sözlərini Ermənistana şamil etmək olar və bəlkə də gərəkdir.
 

Rusiya prezidenti Vladimir Putinin səfərindən sonra Ermənistanda yaranan vəziyyət hörümək toruna düşən qarğanın çırpınmasını, indiyədək sırf Moskvanın maraqlarını nəzərə alaraq fəaliyyət göstərən və Rusiyanın mənafelərinin diqtə etdiyi sxem üzrə qurulmuş sxemin aqoniyasını xatırladır.
 

Aqoniya, çırpınma üç iri layihənin uğursuzluğa düçar olmasından sonra daha aşkar göründü. Həmin layihələr Rusiyanın təklifi olmadığından Moskvanın maraqlarına qulluq edən oliqarxik qüvvələr onların Ermənistanda gerçəkləşdirilməsinə imkan vermədilər. İlk layihə Fransanın "Carrefour" supermarketlər şəbəkəsinin Ermənistanda marketlər yaratması idi. ABŞ-ın "Wal-Mart"ından sonra dünyada ikinci supermarketlər şəbəkəsi sayılan bu fransız korporasiyasının Ermənistanda fəaliyyətə başlaması ölkədə ilkin tələbat mallarının satış qiymətlərinə təsir göstərəcək, qiymətləri ucuzlaşdıracaqdı.
 

"Carrefour" 2009-cu ildə Rusiyada fəaliyyətə başlamış, Moskva və Krasnodarda iki hipermarket açmış, "Sedmoy kontinent" marketlər şəbəkəsini almağa çalışmışdı. Lakin rəqabətə sinirlənən rusiyalı oliqarxların hakimiyyət strukturlarındakı qüvvələri hərəkətə gətirməsi nəticəsində 2010-cu ildə "Carrefour" Rusiyadakı bütün marketlərini qapadaraq ölkəni tərk etdi.
 

Ermənistanın hakimiyyət dairələri də fransızların layihələrinin reallaşmasına imkan vermədilər. Səbəb sadədir: prezident Serj Sarkisyan sadiq adamlarından biri Samvel Aleksanyanın "şikayət"lərini nəzərə alaraq ölkəyə əksər ərzaq məhsullarının idxalını inhisara almış bu adamın mövqelərinin zəifləməsinə imkan verməməklə yanaşı, Fransanın böyük korporasiyasını Ermənistana buraxmadı.
 

İkinci təklif ABŞ-dan idi. Amerikalılar Vorotan su-elektrik stansiyaları kaskadını satın almaq fikrində olduqlarını demişdilər və hətta Yerevanın ilkin vədlərinə inanaraq "kaskad artıq satın alınmışdır" kimi bəyanatlarla da çıxış etmişdilər. ABŞ bu SES kaskadına təqribən 200 milyon dollar sərmayə yatırmaq, stansiyaları tamamilə yeniləmək, müasir texnologiyaları tətbiq etmək və bununla da Ermənistanda elektroenerji hasilatının maya dəyərini aşağı salmaq fikrində olduqlarını deyirdilər.
 

Yerevan Moskvadan alınan qəzəbli "Olmaz!" göstərişindən sonra amerikalıların da təklifini rədd etdi.
 

Son təklif İrandan gəlmişdi. İranlılar ermənilərə ruslarla müqayisədə daha ucuz təbii qaz təklif etmişdilər. İranın Ermənistandakı səfiri də Yerevanda keçirdiyi mətbuat konfransında bildirdi ki, Tehran ermənilərə 100 dollardan "mavi yanacaq" satmağa hazırdır. Ermənistan Rusiyanın "Qazprom" konsernindən aldığı təbii qazın hər 1000 kubmetrinə 189 dollar ödəyir.
 

Göründüyü kimi, iranlıların təklifi çox sərfəli olsa da, Ermənistan prezidenti Serj Sarkisyanın hakimiyyəti bu təklifdən imtina etdi.
 

Başqa cür ola da bilməzdi.
 

Faktiki olaraq Ermənistan vətəndaşları ərzaq məhsulları, təbii qaz və eletkroenerji üçün çox baha qiyməti ölkədə Rusiyanın maraqlarının "zədələnməməsi" üçün ödəyirlər. Moskvanın Yerevandakı təsir "agent"lərinin fəaliyyəti normal ölkələrdə dövlətə xəyanət sayılır, çünki milli maraqlarla daban-dabana ziddiyət təşkil edir.
 

Ermənistandakı müxalifət Rusiya ilə bağlı məsələlərə, daha doğrusu, ölkənin Moskvadan tam asılılığı məqamlarına ənənəvi olaraq toxunmasa da, Vladimir Putinin Yerevana səfərindən sonra aktivləşdi. Gec də olsa, Ermənistan parlamentində bu asılılıqdan danışıldı.
 

Həmin sözlər təbii qazla bağlı Moskva ilə imzalanan və Rusiyanın "Qazprom" konserninin Ermənistandakı törəmə şirkəti olan "ArmRusQazprom"un "azad" qalmış 20 faizlik səhm paketinin də "Qazprom"a satılması və bu minvalla ölkəyə təbii qaz idxalı ilə ölkdəyə "mavi" yanacağın satılmasının bütünlüklə Rusiyanın nəzarətinə keçməsi barədə anlaşmaya qədər səslənməli idi.
 

Di gəl, erməni müxalifətçilər hakimiyyəti artıq heç nəyi dəyişmək mümkün olmadığı zamanda, postfaktum tənqid etməyə alışıblar. Bundan başqa, erməni müzalifətçilər hakimiyyətə ünvanlanmış iradlarla ittihamları konkret formalaşdıraraq problemin həllinin öz variantını təklif etməyi bacarmırlar.
 

Bu da aqoniya təzahürlərindən biri sayıla bilər.
 

Ümumiyyətlə, Yerevanda "maraqlı" açıqlamaların səslənməsi davam edir. Məsələn, Qalust Saakyan məcburi yığım sisteminin həyata keçirilməsinə haqq qazandırmağa çalışaraq sakramental ifadə işlədib: "İnsanlar hətta öz gələcəklərinə inanmasalar da, hər erməni ölkə iqtisadiyyatına öz payını yatırmalıdır".
 

Bu, dövlət səviyyəsindəki reketin son mərhələsi, "hər erməni"nin, yəni adi ermənilərin son qəpik-quruşunu da alaraq pulları yerli oliqarxlara və Rusiyaya verməkdir.
 

Yerevandakı müxalifət aktivləşdiyini bəyan edir, mövcud hakimiyyətin ölkənin problemlərini həll edə bilməyəcəyini deyir və Serj Sarkisyanın dəstəsinin iqtidardan kənarlaşmasını tələb edir.
 

Zəif, sarsaq tələblərdir.
 

Ermənistan müxalifəti Serj Sarkisyan iqtidarını dövlət xəyanətində və ölkənin suverenliyi ilə müstəqilliyini Rusiyanın ayaqları altına atmaqda ittiham etməyincə deyilənlərin hamısı sırf demaqogiya təsiri bağışlayır.
 

Müxalifətçilər indi xalqı ümummilli tətilə çağırırlar.
 

Halbuki bu çağırış təbii qazla bağlı Rusiya ilə müqavilə imzalananda səslənməliydi.
 

O çağırış olmadı və bir deputat da Ermənistan parlamentində dillənmədi.
 

Siyasətçilər ən çətin anlarda susmağa, problemin köklərini göstərməməyə can atırlarsa, xalq belə adamların arxasınca getməyəcək, onlara inanmayacaq.
 

Ermənistanda müxalifət və aktiv vətəndaşlar hakimiyyətdəki dəstənin dövlətə, millətə xəyanətindən danışmalıdırlar.
 

Ən azı ona görə ki, sadalanan üç təklifdən imtina Ermənistanın sərfəli layihələrdən kənarda qalması, təcridini daha da gücləndirməsidir.
 

...Qarğanın hörümçək toruna düşməsi mümkünsüz məsələ hadisə təsiri bağışlaya bilər.

Amma qarğa tamahkardırsa, tamahının qurbanına asanlıqla çevrilə bilər.

Elçin Alıoğlu

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.