Siyasət

Heydər Əliyevin xarici siyasət kursu: dünya sisteminin yenidən qurulması kontekstində

24 Aprel 2013 10:36
Baxış: 8 719
XX əsrin 90-cı illərində Azərbaycan müstəqilliyini bərpa etdiyi zaman dünya miqyasında mürəkkəb və ziddiyyətli geosiyasi proseslər baş verirdi. Belə bir şəraitdə müstəqil dövlət qurmaq son dərəcə müdrik, yaradıcı və çevik yanaşma tələb edirdi. Müstəqillik və suverenlik anlayışları yeni məzmun çalarları kəsb etməyə başlamışdı. Hər bir ölkənin müstəqilliyi onun ətraf aləmlə qarşılıqlı münasibətlərinin xarakteri və məzmunu ilə sıx bağlı olurdu. Qlobal güclərin dünyanı bir-birindən "qarşılıqlı asılı olan" dövlətlər sistemi kimi qəbul etməsi bir tərəfdən əməkdaşlıq imkanlarını artırırdısa, digər tərəfdən bir sıra siyasi-ideoloji və geosiyasi modellərin ixracı üçün əsas hazırlayırdı. Bu səbəbdən müstəqilliyinə qovuşmuş dövlətlər xarici təsirlərlə daxili potensiallarını uyğunlaşdırmaq məcburiyyəti qarşısında qalmışdılar. Müstəqil dövlət quruculuğunun uğurlu olması üçün bunun mühüm əhəmiyyəti vardı. O cümlədən, daxili siyasətlə xarici siyasət bir-birini tamamlamalı idi. Azərbaycan 1993-cü ildən başlayaraq bu vəzifənin öhdəsindən gəlməyə başladı.

Ümumilikdə isə bu vəzifə milli, regional və qlobal maraqları uzlaşdıran inkişaf strategiyasının tərkib hissəsi idi. Təcrübə göstərdi ki, bu strategiya həm müstəqil demokratik dövlət quruculuğunu uğurla aparmağa, həm Cənubi Qafqazın aparıcı dövlətinə çevrilməyə, həm də regional lider olmağa imkan yaratdı. Bu prosesdə xarici siyasət kursunun xüsusi yer tutduğunu etiraf etmək gərəkdir.

Keçən əsrin 90-cı illərinin əvvəllərində dünya miqyasında baş verən gərgin, dinamik və sürətli geosiyasi proseslər Azərbaycana da təsir etdi. Lakin təəssüf ki, həmin dövrdə ölkəyə rəhbərlik edən şəxslərin yarıtmaz siyasəti ucbatından Azərbaycan geosiyasi baxımdan təcrid olunmuş siyasi həyat yaşayırdı. Yerli siyasi qrupların məhdud maraqları bütün digər faktorları kölgədə qoymuşdu. Bəzi dairələr Ermənistan vasitəsilə 1993-cü ilin əvvəlində Qarabağda işğal əməliyyatlarını genişləndirir, Azərbaycanın içərilərinə doğru ekspansiya siyasətinə əl atırdılar.

1993-cü il iyunun 15-dən situasiya dəyişməyə başladı. Bu, Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət edildiyi gün idi. Heydər Əliyev qarşısında duran vəzifələri həll etmək üçün yalnız siyasi-diplomatik üsula üstünlük verdi. Ən çətin anlarda belə, Heydər Əliyev danışıqlar, diplomatiya yolunu seçdi. Əvvəla, bununla o,  cəmiyyətimizin fərqli cəhətlərini nəzərə alaraq gələcək düşmənçiliyin yaranmasına imkan vermədi, ikincisi, xarici düşmənlərin bundan yararlanmaq şansını əldə etməsinin qarşısını kəsdi, üçüncüsü, Azərbaycanın siyasi səhnəsində diplomatik fəaliyyət mədəniyyətinin yerini möhkəmləndirdi, dördüncüsü, növbəti nəsil siyasətçilərə nümunə oldu.

Heydər Əliyev bu kimi gedişlərlə faktiki olaraq xarici siyasətin də ümumi cizgilərini və əsas metodlarını yaratdı. O, daxili problemləri həll etmək üçün tətbiq etdiyi siyasi və diplomatik məharətə əsaslanan üsulları xarici siyasi fəaliyyətə proyeksiyaladı. İndi hər kəsin haqqında danışdığı "balanslaşmış xarici siyasət kursu"nun rüşeymləri o vaxtlarda formalaşdı.

Heydər Əliyev Azərbaycanın düşdüyü konkret geosiyasi və tarixi şəraiti nəzərə alaraq xarici siyasət kursunun əsas istiqamətlərini müəyyənləşdirməyə başladı. Əvvəlcə, nəzərə alındı ki, qlobal səviyyədə geosiyasi mühit Qərbin xeyrinə ciddi surətdə dəyişib. İkincisi, Rusiya ilə əlaqələri kəsmək çox təhlükəli və tarixi gerçəklik baxımından perspektivsizdir. Üçüncüsü, Türkiyə məlum səbəblərdən bölgədə strateji tərəfdaş olmalıdır. Dördüncüsü, İran böyük qonşumuz və ortaq tarixə malik olduğumuz cəmiyyət kimi xarici siyasətdə ciddi yer almalıdır. İranla əməkdaşlıq xətti seçilməlidir. Beşincisi, strateji istiqamət olaraq Qərbə inteqrasiya xətti götürülməlidir.

Heydər Əliyev bu konsepsiyanın fonunda Azərbaycanın regionda olan digər dövlətlərə yönəlik xarici siyasət kursunu müəyyənləşdirdi. Bununla da, balanslaşmış xarici siyasət dərin təhlil əsasında dəqiq hesablanmış siyasi proqnozlara uyğun olaraq qurulurdu. Bu siyasətin mərkəzində güclü Azərbaycan dövləti və demokratik cəmiyyət yaratmaq dururdu. Onun əsas vəzifələrindən biri ölkənin pozulmuş ərazi bütövlüyünü təmin etmək idi. Çünki ərazi bütövlüyü təmin edilməyən dövlətin tam mənada davamlı inkişaf etməsi mümkün deyildi. Hər an münaqişə amilindən yararlanıb, Azərbaycana istədiklərini qəbul etdirməyə cəhdlər edərlər. Bunu böyük güclər daha yaxşı bilirlər, elə bu məqsədlə də Azərbaycanın səylərinə baxmayaraq, keçən əsrin 90-cı illərinin ortalarından Dağlıq Qarabağ münaqişəsi donduruldu. Nə BMT-nin qətnamələri yerinə yetirildi, nə də Ermənistanı sözdə deyil, əməldə işğalçı elan edib, müvafiq addımlar atıldı.

Əksinə, təcrübə göstərdi ki, böyük güclər zaman-zaman Ermənistanın başına sığal çəkmək, ona silah satmaqla sürətlə inkişaf edən Azərbaycan üçün təhlükə mənbəyinin qaldığını nümayiş etdirdilər. 1993-1995-ci illərdə erməni qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasına çalışmaq əvəzinə, Bakıda dövlət çevrilişi planları hazırlayıb, ölkəni yenidən xaosa sürükləməyə cəhd edildi. Bu çevrilişlərin ssenariləri xaricdə hazırlanırdı. Görünür, hələ keçən əsrin 50-ci illərində Fridrix Avqust fon Hayekin dediyi "biz (avropalılar) etiraf etməliyik ki, çox səhvlər buraxmışıq və davranışımızı dəyişməliyik" tövsiyəsini nəzərə almayanlar az deyil. Bəziləri hələ də öz gözündə tiri görməyib, başqasının gözündə tük axtarmaq vərdişindən əl çəkmək istəmir. Hər bir halda, Azərbaycanın çətinliklərindən istifadə edib ona təzyiq göstərmək, sözəbaxan hakimiyyət formalaşdırmaq işi heç bir siyasi əxlaq normasına sığmır. Azərbaycanı əhatə edən böyük dövlətlərin, hətta min kilometrlərlə uzaqda olanların öz ambisiyaları vardı. Onlar bilirdilər ki, Azərbaycana nəzarət etmək bütövlükdə Cənubi Qafqaza nəzarət etmək demək idi.

Bunun səbəbi, Hafiz Paşayevin fikri ilə ifadə etsək, Azərbaycanın "G üçlüyü" (Geography, Geology, Geopolitics) ölkəsi olmasıdır. "3G" müasir tarixi şəraitdə ölkənin coğrafi yerinə, geoloji zənginliyinə və geosiyasi mövqeyinə uyğun olaraq çox əhəmiyyətli olduğunu ifadə edir. Bu xüsusiyyətlərinə görə Azərbaycan həmişə böyük dövlətlərin maraq mərkəzində olub. Bu fikir Heydər Əliyevin XXI əsrin və üçüncü minilliyin gəlişi ilə bağlı Azərbaycan xalqına etdiyi müraciətdə elmi-nəzəri-praktiki cəhətdən dəqiq əsaslandırılıb.

Azərbaycan müxtəlif sivilizasiyaların kəsişmə məkanı, fərqli dinlərin və mədəniyyətlərin yanaşı yaşadığı yer olub. Müasir tarixi mərhələdə enerji daşıyıcılarının əhəmiyyətini nəzərə alsaq, böyük dövlətlərin ölkəmizə olan maraqlarını tam təsəvvür edə bilərik. Məlumdur ki, enerji siyasəti XX əsrin ikinci yarısından dünya geosiyasətinin əsas prioritetlərindən biri və bəzən birincisi hesab olunur. Azərbaycanın zəngin neft və qaz ehtiyatlarına malik olması böyük dövlətlərin diqqətini çox çəkirdi. Lakin onların bir böyük səhvi vardı - onlar bu zənginlikdən yararlanmaq üçün onun sahibi olan Azərbaycanın müstəqilliyini, sərbəst qərar vermək, kiminlə istəsə, onunla əməkdaşlıq etmək haqqını tanımaq istəmirdilər.

Görünür, tarixdə baş verən bəzi hadisələr də onlarda müəyyən təsəvvür formalaşdırmışdı. Çünki 300 il əvvəl Azərbaycan parçalanandan sonra burada fəaliyyət göstərmək üçün Bakıdan heç nə soruşmurdular. Nə Nobel qardaşları, nə də onlardan sonra gələnlər neft çıxarmaq icazəsini Azərbaycandan almadılar. Bununla da, belə təəssürat yarana bilərdi ki, kim bacarırsa, bu ölkənin sərvətlərini talan edə bilər, razılıq almağa isə ehtiyac yoxdur. Geosiyasi müstəvidə cərəyan edən proseslərin ümumi istiqaməti isə burada vəziyyəti daha da mürəkkəbləşdirdi.

Məsələ, Z.Bjezinskinin qeyd etdiyi kimi, geosiyasi "qravitasiya mərkəzinin Qərbdən Şərqə meyillənməsi" prosesi ilə bağlı idi. Deyirlər ki, Hitlerdən ad günündə dünyanın xəritəsi olan tortun hansı hissəsindən pay istədiyini soruşanda Azərbaycanı göstəribmiş.

Bu gün Azərbaycan çox mühüm ölkədir. O, Cənubi Qafqazda həlledici geosiyasi oyunçudur. Azərbaycan həm də Şərqə və Mərkəzi Asiyaya açılan "geosiyasi pəncərə"dir. Cənubi Qafqazın başqa bir ölkəsinin coğrafi, geoloji və geosiyasi xarakteristikalarına görə bu funksiyanı yerinə yetirməsi imkanı yox dərəcəsindədir.

Bütün bunlar onu göstərir ki, qlobal səviyyədə gedən geosiyasi proseslərin ümumi məntiqi, postsovet məkanının geosiyasi xüsusiyyətləri, Cənubi Qafqazda yaranmış ümumi vəziyyət və Azərbaycanın öz daxili siyasi mühitinin ziddiyyətləri sistem halında ölkənin strateji seçimini xeyli çətinləşdirmişdi. Bu cür iyerarxik maraqlar sistemini nəzərə almadan ümumi inkişaf strategiyası və onun tərkib hissəsi olan xarici siyasət kursu seçilə bilməzdi.

Heydər Əliyev bu mürəkkəb vəziyyətdə xarici siyasətin qarşısında duran vəzifələri və onun prioritetlərini dəqiq müəyyənləşdirdi. Yığcam şəkildə həmin vəzifələr barədə ulu öndər 1993-cü il oktyabr ayının 10-da Prezident seçilməsi ilə bağlı keçirilən andiçmə mərasimində danışmışdır. Ulu öndər bəyan edirdi: "Respublikamızın qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yeridilməsidir. Qarşıda böyük vəzifələr durur. Bizim xarici siyasətimiz birinci növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir". Bunun üçün önəmli vəzifə kimi ümummilli lider bərabərhüquqlu əlaqələr yaratmağı qarşıya qoyurdu. Bu tezisin geosiyasi mənası dərindir. Mərkəzə dövlətin müstəqilliyinin təmin edilməsi gətirilir. Bu o deməkdir ki, Azərbaycan bundan sonra müstəqilliyini qətiyyətlə qoruyacaq.

Azərbaycanın xarici siyasəti son məqsəddə güclü dövlətlə güclü cəmiyyət modellərinin harmoniyasını təmin etməkdən ibarətdir. Bu yolda bütün xarici tərəfdaşlarla balansı həmişə saxlamaq mümkün olmaya bilər. Müasir tarixi mərhələdə bu, əsas şərt deyil. Çünki geosiyasi və geoiqtisadi proseslər o dərəcədə sürətlə dəyişir ki, hər hansı statik durumun formalaşmasına ehtiyac yoxdur. Bu məntiqlə balans modeli də yeniləşməlidir. Burada əsas şərt əməkdaşlığa daim açıq olmaq və əlaqələr sistemini sivil qaydalar daxilində formalaşdırmaqdan ibarətdir. Həmin mənada balans dinamik, çevik və tarazlı münasibətlər sisteminin qurulması anlamına gəlir. Güclü dövlətlə güclü cəmiyyətin bir-birini tamamlaması məhz bu dinamizmdə öz təsdiqini tapır. Olduqca maraqlı, aktual və vacib bir müddəadır. Xarici siyasəti dövlət quruculuğu və cəmiyyətin inkişaf fəlsəfəsi ilə mükəmməl əlaqələndirməyin nümunəsidir. Qarşıya bu vəzifə qoyulursa, qətiyyətlə Azərbaycanın diplomatik xidmət sahəsini, diplomatiyanın metodlarını inkişaf etdirmək və onu daxili inkişafın tempinə uyğunlaşdırmaq lazım gəlirdi. Bunun üçün ilk növbədə, xarici siyasətin daha konkret səviyyədə vəzifələrini aydınlaşdırmaq lazım idi.

Bu vəzifələr içərisində ilk sırada Azərbaycanın müstəqilliyinə və suverenliyinə təminat almaq dururdu. Münaqişələr və Dövlət Quruculuğu üzrə London İnformasiya Şəbəkəsinin (LİNKS) icraçı direktoru Dennis Sammut qeyd edir ki, 1990-cı illərin ortalarında xarici siyasətin iki əsas məqsədindən biri Azərbaycana suveren dövlət kimi təminatlar almaqdan ibarət idi. 1993-1995-ci illərdə Azərbaycanda baş verən siyasi hadisələrə nəzər yetirsək, bu vəzifənin nə qədər çətin olduğunu anlaya bilərik. O zaman daxildə qanunsuz hərbi qruplaşmalar xaricdən aldıqları dəstək sayəsində Azərbaycanın müstəqilliyinə və suverenliyinə ciddi ziyanlar vurmaq yolunu seçdilər. Bir-birinin ardınca dövlət çevrilişinə cəhdlər oldu. Bu hadisələrin arxasında Azərbaycanın "Əsrin müqaviləsi"ni imzalaması və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsinə qərar verməsinin durduğu indi hər kəsə məlumdur. Həmin dövrü Azərbaycanın suverenliyi və müstəqilliyinin təmininin ən böhranlı mərhələsi adlandırmaq olar. Ölkəmiz müəyyən mənada "suverenlik və müstəqillik imtahanı verirdi".

Bu məqamda Heydər Əliyevin siyasi-diplomatik peşəkarlığı ilə böyük rəhbər və insan kimi güclü iradəsi həlledici rol oynadı. Azərbaycanı yolundan döndərmək mümkün olmadı. Ölkə beynəlxalq aləmdən suverenliyinə və müstəqilliyinə təminat ala bildi və iki istiqamətdə strateji dividend əldə etdi. Birincisi, Qərblə strateji əməkdaşlığa hazır olduğuna dünyanı inandırdı. İkincisi, bu strateji əməkdaşlığın imkanlarından yararlanaraq öz iqtisadiyyatının gələcək inkişafını təmin etmək imkanı qazandı. 1995-ci ilin martında növbəti dövlət çevrilişi cəhdinin qarşısı alınandan sonra Qərblə əməkdaşlıq sazişlərinin bağlanması yolları tam açıldı. 1995-1998-ci illərdə Heydər Əliyev Avropa İttifaqının böyük dövlətləri, o cümlədən Böyük Britaniya ilə (1997-ci il) strateji xarakterli sənədlər imzaladı. Həmin sənədlərdə iqtisadi əməkdaşlıq şərtləri Azərbaycanda siyasi islahatlar və demokratik təsisatların yaradılmasına yardım proqramları ilə yanaşı dururdu. Yəni ulu öndər peşəkar səviyyədə iqtisadi infrastrukturun yaradılmasını siyasi islahatlar proseslərinin dinamikası ilə uyğunlaşdırdı.

Məlumdur ki, həmin illərdə neft müqavilələri sahəsində danışıqlar prosesinə o zaman ARDNŞ-in birinci vitse-prezidenti olan İlham Əliyev rəhbərlik edirdi. Sonralar o günləri xatırlayan İlham Əliyev deyirdi, "...neft müqavilələrini imzalayarkən mən, ilk növbədə, geosiyasi məsələləri qaldırır, yalnız bu sahədə anlaşma əldə olunandan sonra texniki-iqtisadi problemlərin təhlilinə keçir, hər bir məsələni konkretləşdirməyə başlayırdım". Azərbaycan rəhbərliyinin bu gedişləri yalnız taktiki xarakter daşımırdı. Bəlkə də həmin dövr üçün mühüm əhəmiyyəti olan maliyyə gəlirindən çox, gələcək üçün prinsipial məna kəsb edən tərəfdaş kimi etimad qazanmaq daha önəmli idi. Azərbaycan həmin illərdə peşəkar diplomatik və siyasi-iqtisadi gedişləri ilə etibarlı tərəfdaş imicini qazandı.

İndi Ermənistan siyasətçiləri və diasporu Azərbaycanın enerji siyasətinin Dağlıq Qarabağı ermənilərin əlindən almaqda olduğunu açıq deyirlər. Məsələn, Avropanın erməni assosiasiyaları forumunun rəhbəri Aşot Qriqoryan 2012-ci il mayın 22-də keçirdiyi mətbuat konfransında bu haqda birmənalı fikir söyləyib. O, təşvişlə deyir: "Təəssüf ki, Azərbaycanın neft faktoru getdikcə daha həlledici olur və bunun fonunda biz məhv olduğumuzu görürük...". 1993-1995-ci illərdə atılan addımlar, formalaşdırılan xarici siyasət və diplomatik gedişlər bu günün uğurları naminə edilirdi.

Enerji faktorunu xarici siyasətin aktual məsələsinə çevirməklə Azərbaycan özünün təhlükəsizliyini regional və beynəlxalq təhlükəsizlik sistemi ilə sıx əlaqələndirirdi. Həmin bağlantını yaratmaq Azərbaycanın xarici siyasəti üçün olduqca əhəmiyyətli idi. Çünki torpaqlarının müəyyən hissəsi işğal edilmiş ölkənin ərazi bütövlüyünü təmin etmək şansı əldə etməsi üçün bütövlükdə dövlət kimi təhlükəsizliyinə təminat lazım idi. Bu təminatı real olaraq regional və beynəlxalq təhlükəsizlik sistemində Azərbaycanın yerini dəqiq müəyyənləşdirmək hesabına almaq mümkün idi. Burada konkret mexanizm çərçivəsində enerji faktorundan istifadə etmək əvvəlcədən düşünülmüş qərar idi. Çünki dünyanın bütün inkişaf etmiş ölkələrinin enerjiyə böyük ehtiyacı vardı və onu daha etibarlı yolla nəql etmək zərurəti keçən əsrin 90-cı illərində daha aydın dərk edilirdi. Azərbaycan enerji amilini xarici siyasətinin əsas elementlərindən birinə çevirməklə regional və qlobal səviyyədə cərəyan edən geosiyasi və geoiqtisadi proseslərin mahiyyətini dəqiq qiymətləndirdiyini sübuta yetirdi. Bu məqam indi də xarici siyasətdə güclü bir vasitə kimi öz pozitiv rolunu oynamaqdadır.

Yuxarıdakı mülahizələrdən görünür ki, Azərbaycan suverenliyini və təhlükəsizliyini təmin etmək üçün xarici siyasət vasitəsi ilə regional və qlobal səviyyədə uyğun siyasi mühit yaratmalı idi. Bu məqsəd geniş spektrli və şaxəli xarici siyasət yeritməyi qarşıya vəzifə kimi qoyurdu.

Xarici siyasətin vəzifələrini bir neçə qrupda birləşdirmək olar. Birinci qrupa Azərbaycanın beynəlxalq və regional təşkilatlarda təmsil olunmasını, dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri yaratmasını, dövlətlərlə tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmasını aid etmək olar. İkinci qrupa ölkənin azad bazar iqtisadiyyatı yolu ilə irəliləməsi üçün uyğun beynəlxalq şəraitin yaradılmasını, Azərbaycanın bütün beynəlxalq təşkilatlarda, o cümlədən iqtisadi yönümlü təşkilatlarda fəal iştirakının təmin edilməsini, xalqın mənafeyinə tabe edilmiş xarici iqtisadi siyasət yeridilməsini, ölkə iqtisadiyyatının dünya iqtisadi sisteminə inteqrasiyasının təmin edilməsini aid edə bilərik. Nəhayət, üçüncü qrupa əhalinin əsas hüquq və azadlıqlarının qorunmasına yönəlmiş beynəlxalq normaların həyata keçirilməsinə şərait yaradılması, regionda mehriban qonşuluq münasibətlərinə üstünlük verilməsi, Azərbaycana qarşı olan xarici təzyiqlərin qarşısını alan beynəlxalq himayənin və xarici ölkələrlə geniş informasiya mübadiləsinin mexanizmlərini formalaşdırmaq daxildir.

Göründüyü kimi, 1993-cü ilin ikinci yarısından Azərbaycan sistemli bir xarici siyasət kursu götürmüşdür. Onun tərkibində qlobal geosiyasi mühitin nəbzini tutan, beynəlxalq münasibətlər sistemində dövlətimiz üçün əlverişli şərait yaradan, ölkənin bütün regionlarda yerləşən dövlətlərə əməkdaşlığını təmin edən istiqamətlər var. Bununla yanaşı, həmin kursda bazar iqtisadiyyatına keçid qarşısında yaradılan əngəlləri aradan qaldırılmasını və insan haqlarına əməl olunmasını təmin edəcək prioritetlər yer alıb. Bu istiqamətlər sistem halında Azərbaycanda güclü dövlət və demokratik cəmiyyət quruculuğu prosesini uğurla başa çatdırmaq üçün lazım olan xarici və daxili şərait yaratmalıdır.

Bu vəzifələrin fövqündə ölkənin ərazi bütövlüyünün təmini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinin xarici siyasətin başlıca vəzifəsi olması qətiyyətlə nümayiş etdirilir. Bu münaqişə aradan qaldırılmasa, qarşıda duran vəzifələrin tam həllinə təminat yoxdur. Faktiki olaraq, bu problemin həll edilməsi Azərbaycanın güclü müstəqil dövlət olaraq tarixi sınağıdır. Çünki ərazi bütövlüyü təmin edilməyən ölkənin davamlı və təminatlı inkişafı olduqca çətindir. Münaqişə qaldıqca dövlətin təhlükəsizliyinə təhdidlər də qalır. Bunlara görə, Azərbaycanın ərazi bütövlüyünün təmini hər üç qrupun hər bir bəndində öz ifadəsini tapır. Bütövlükdə, xarici siyasət kursu bu problemi özündə əks etdirir.

Bu gün Azərbaycanın xarici siyasət sahəsində ciddi uğurları göz qabağındadır. Keçən müddət ərzində xarici siyasət güclü dövlətin yaradılması işində üzərinə düşənləri yerinə yetirib. Dünyada geosiyasi situasiya sürətlə dəyişdiyindən xarici siyasətin arsenalında da yeniləşmələr baş verir. Artıq qeyd etdiyimiz kimi, XXI əsrin başlanğıcı risklərin və böhranların yaranması ehtimalının artması ilə xarakterizə olunur. Ümumiyyətlə, tarixə nəzər salsaq, ötən əsrlərin əvvəlləri də belə gərginliklərlə müşahidə olunub və müharibələr baş vermişdir. Buna uyğun olaraq, mümkün təhlükə və riskləri nəzərə alan çevik xarici siyasət strategiyasını daha da inkişaf etdirməyə ehtiyac yaranır. Azərbaycan Prezidenti İlham Əliyev məsələnin bu aspektinə daim ciddi diqqət yetirir və ölkəmizin son vaxtlar beynəlxalq miqyasda əldə etdiyi böyük uğurlar çevik xarici siyasət kursunun inkişaf etdiyini təsdiqləyir.

Beləliklə, sistemli surətdə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın xarici siyasətində yüksəliş başladı. Qısa müddətdə Heydər Əliyev bu prosesin dönməzliyini təmin etdi. Nəticədə, Azərbaycanın xarici siyasəti XXI əsrə qlobal miqyasda baş verən geosiyasi proseslərə, regional vəziyyətə və dünyanın enerji təhlükəsizliyi sisteminin qurulması dinamikasına çevik reaksiya verən sistem kimi daxil oldu. Bu sistem daim özünü yeniləşdirir, meydana çıxan gözlənilməz situasiyalara konstruktiv reaksiya verir. Azərbaycanın xarici siyasəti müasir dövr üçün xarakterik olan risk və böhranları nəzərə alan mexanizmlər formalaşdırır. Həmin mexanizmlər böhranlı situasiyalarda müxtəlif variantlardan ölkənin maraqlarına cavab verən daha səmərəli olanı seçməyə əsaslanır. Xarici siyasətin çevikliyi Azərbaycanı keçən müddət ərzində Cənubi Qafqazın lider dövləti səviyyəsinə yüksəldib. Ölkənin xarici siyasəti regional lider strategiyasına istiqamətləndiyindən bu mövqenin daha da möhkəmləndiriləcəyinə şübhə yoxdur.

Xarici siyasətdə ayrıca istiqamət kimi beynəlxalq və regional təşkilatlarla sıx əlaqələr yaratmaq, onlarla əməkdaşlıq etmək götürülür. BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, MDB, İƏT, ECO, QDİƏT, GUAM, NATO, Qoşulmama Hərəkatı və başqa təşkilatlarla hərtərəfli münasibətlərin qurulmasına böyük diqqət yetirilir. Bütövlükdə, qeyri-dövlət və qeyri-hökumət təşkilatlarının sosial-mədəni və siyasi həyatda rolunun artması tendensiyası gücləndiyindən xarici siyasətdə onların yeri və rolu daha da genişlənir. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) daxilində aparılan aktiv diplomatik və ideoloji iş sayəsində Xocalı soyqırımı bir neçə dövlətin parlamentində müzakirə edildi. Azərbaycan diplomatiyası bu addımla 57 ölkə ilə münasibətlərinə yeni müsbət çalar gətirdi. Regional və qlobal miqyasda beynəlxalq təşkilatlarda aktiv diplomatik fəaliyyət qlobal geosiyasi mühitə sistemli şəkildə təsir etmək imkanı yaradır.

Azərbaycan MDB çərçivəsində də aktiv fəaliyyət göstərir. Ölkəmizin bu quruma daxil olması və orada aktiv iş aparması ilə Ermənistanın bir çox mənfur planlarının qarşısı alındı. Çünki Azərbaycanın razılığı olmadan MDB heç bir ciddi sənədi qəbul edə bilməz. Ölkəmizin təhlükəsizliyinin və ərazi bütövlüyünün təmini üçün bunun nə dərəcədə əhəmiyyətli olduğunu anlamaq çətin deyil. Azərbaycan MDB-nin bir çox sənədlərinə Ermənistan faktorunu nəzərə alaraq veto qoya bilir. Xüsusilə, təhlükəsizlik sisteminin yaradılması məsələsində ölkəmizin müstəqil mövqe nümayiş etdirməsi ermənilərin qərəzli siyasi niyyətlərini cilovlamağa imkan verir. Yeritdiyi çevik siyasət sayəsində Azərbaycan həm MDB-yə daxil olan dövlətlərlə sıx əməkdaşlıq edir, həm də özünə qarşı ola biləcək təhlükəli qərarları neytrallaşdırır.

Gətirdiyimiz misallar istər-istəməz belə bir sual doğurur: beynəlxalq təşkilatlar çərçivəsində xarici siyasət daha çox uğur qazanmağa imkan verirsə, ikitərəfli əlaqələrin qurulmasının əhəmiyyəti azalmır ki? Etiraf edək ki, qloballaşan dünyada bir neçə dövlətin daxil olduğu qurumla əməkdaşlıq daha perspektivli görünür. Lakin bütün hallarda ikitərəfli münasibətləri diplomatiyanın heç bir formasının əvəz edə bilməyəcəyini proqnozlaşdırmaq olar. Hazırda xarici siyasətin əsas istiqamətləri sırasında ikitərəfli əlaqələr əhəmiyyətli mövqeyini saxlamaqdadır. Bu zaman qarşılıqlı anlaşma prinsipi əsas götürülür. Bu əsasda başqaları ilə bərabərhüquqlu, qarşılıqlı faydalı münasibətlər qurmaq mümkün olur. Beynəlxalq təhlükəsizlik baxımından həmin prinsip əhəmiyyətlidir. Siyasi təhlükəsizliyin təmini bu prizmada aktual problem kimi qəbul edilir. Siyasi təhlükəsizlik dövlət quruculuğu məsələlərini müstəqil yerinə yetirmək üçün cəmiyyətin imkan və qabiliyyətlərini ifadə edir.

Belə şəraitdə dövlətin siyasi təhlükəsizliyi məsələsi çox sayda faktorun nəzərə alınmasını tələb edir. Həmin aspektdə xarici siyasətin siyasi təhlükəsizliklə beynəlxalq təhlükəsizliyin uyğunlaşdırılmasında çevik mexanizm kimi hədsiz əhəmiyyəti aydın görünür. Müstəqilliyini yaxın keçmişdə əldə etmiş dövlətlər üçün bu məsələ ikiqat vacibdir. Azərbaycan bütün bu şərtləri nəzərə alaraq xarici siyasətin əsas istiqamətlərini üç səviyyədə sistemləşdirmişdir. Birinci səviyyə Azərbaycanla coğrafi qonşu olan böyük dövlətləri əhatə edir. Burada konkret olaraq Rusiya, Türkiyə və İran nəzərdə tutulur. İkinci səviyyə Orta Asiya dövlətləri, Gürcüstan və Ermənistanla olan münasibətlərdən ibarətdir. Üçüncü səviyyə isə Avropa, ABŞ və Uzaq Şərq də daxil olmaqla Asiya və islam dövlətləri istiqamətində aparılan siyasətdən ibarətdir. Bunların fonunda dünyanın bütün dövlətləri ilə siyasi əlaqələr qurmaq xətti yeridilir. Beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqaməti hər üç səviyyəni əhatə edir - buraya məhəlli və qlobal miqyaslı təşkilatlar daxildir.

Xarici siyasətin prioritetlərinin düzgün müəyyənləşdirilməsi milli dövlətçiliyin inkişaf etdirilməsinin mühüm şərtlərindəndir. Təhlillər göstərir ki, Azərbaycan yalnız 1993-cü ilin ikinci yarısından xarici siyasətini sistemli, düşünülmüş və ardıcıl olaraq aparmağa nail olmuşdur. Ulu öndər Heydər Əliyev mükəmməl xarici siyasət kursu hazırlamışdır. Müstəqilliyimizin 22 ili ərzində toplanan təcrübə sübut edir ki, ölkəmizin xarici siyasət kursu böhranlı situasiyalarda belə, kifayət qədər səmərəlidir.

Son vaxtlar Avrasiya məkanında inteqrasiya modellərindən tez-tez danışırlar. Rusiya və Türkiyənin bununla bağlı yanaşmaları var. Avrasiyada hansı inteqrasiya modelinin reallaşacağından asılı olmayaraq, bu məkanda ölkələr arasında əlaqələrin inkişafı bir zərurətdir. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu "Strateji dərinlik" kitabında yazır ki, Türkiyə Almaniya, Rusiya və ya Yaponiya kimi hərəkət etməlidir. Yəni, o, özünə yaxın olan regionlarda aktiv siyasət yeritməli, sonra dünya miqyasında söz sahibi olmaq imkanı qazanmalıdır. Bu şərtlər daxilində ərazi bütövlüyünün təmini çox əhəmiyyətlidir.

Xarici siyasəti dünya sisteminin yenidən qurulması prosesindən kənarda təsəvvür etmək mümkün deyil. Azərbaycan qlobal miqyasda gedən dəyişiklikləri öz üzərində hiss edir. Bu təsirlər regional səviyyədə özünü göstərən müxtəlif tendensiyalarla (siyasi, geosiyasi, iqtisadi, hərbi, ekoloji və mədəni xarakterli) uzlaşdırılmalıdır. Bu zaman əsas meyar xarici siyasətin prioritetləridir. Deyək ki, 2008-ci ilin avqustunda Rusiya ilə Gürcüstan arasında baş verən hadisələr regionda geosiyasi mənzərəyə ciddi təsir etdi. Azərbaycan bu hadisəyə ərazi bütövlüyünün təminini, münaqişələrin dinc yolla həllini və regional əməkdaşlığa yardım etmək zərurətini nəzərə alaraq reaksiya verdi. Bu, ölkəmizin Rusiya və Gürcüstanla əməkdaşlığına xələl gətirməyən bir mövqe idi. Eyni zamanda, Azərbaycan xarici siyasətinin prioritetlərini gözləyərək hərəkət etdi. Ona görə də, Prezident İlham Əliyevin həmin mərhələdə tutduğu mövqeyini beynəlxalq aləm yüksək qiymətləndirdi.

Azərbaycanın mürəkkəb bir regionda xarici siyasət sahəsində böyük uğurlar qazanması həqiqətən, zirvəyə yüksəliş deməkdir.

Bu yolda aşırımlardan inamla keçən, qarşıya çıxan maneələri qorxmadan dəf edən gənc müstəqil dövlət indi regionun lideridir. Dövlət başçısının rəhbərliyi ilə ölkəmizin xarici siyasətinin prioritetləri qətiyyət və inamla həyata keçirilir. Təcrübə göstərir ki, Azərbaycanın xarici siyasət kursu region səviyyəsində pozitiv geosiyasi dəyişiklikləri stimullaşdırır. Azərbaycan Cənubi Qafqazın lider dövləti olaraq yalnız əməkdaşlıq və inteqrasiya istiqamətində fəaliyyət göstərir. Dövlətimiz yeni beynəlxalq enerji layihələri, iqtisadi əməkdaşlıq proqramları və mədəniyyətlərarası dialoqa xidmət edən tədbirlər həyata keçirdikcə, bəzi qüvvələrin təxribatçı hərəkətləri artır. Cəbhə xəttində atəşkəsi pozurlar, bəzi media orqanlarında ölkəmizə qarşı qərəzli yazılar dərc edirlər, müxtəlif beynəlxalq dairələrdən təzyiqlər etməyə çalışırlar. Bütün bunlar mahiyyətcə sürətlə inkişaf edən Azərbaycana qısqanclığın nümayişidir. Lakin Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan artıq keçən əsrin 90-cı illərinin ölkəsi deyil - o, güclü, sülhsevər və zəngindir! Azərbaycan Cənubi Qafqazın aparıcı dövləti olaraq bundan sonra da üzərinə düşən missiyanı yerinə yetirəcəkdir!

Məqaləni İsrail Prezidenti Şimon Peresin fikirləri ilə bitirmək istəyirəm. "Azərbaycan qeyri-adi ölkədir və olduğum digər ölkələrdən fərqlənir. Mən Azərbaycanda səfərdə olmuşam. Bu ölkə məndə xoş təəssüratlar yaradıb. Heydər Əliyev Fondunda oldum və həqiqətən, anladım ki, o, (Heydər Əliyev), gözəl insan olub, böyük istedada, qeyri-adi zəkaya malik olub. İlham Əliyevlə isə ingilis dilində danışırdıq. O, ingilis dilini mükəmməl bilir. Hər iki Əliyevlər belə qərar veriblər ki, Azərbaycan öz yolu ilə inkişaf etməlidir, taleyini, gələcəyini özü həll etməlidir. Bu gələcək üçbucaqlı daş üzərində dayanır: birincisi - ölkənin qədim mədəniyyətidir, ikincisi - zəngin yeraltı sərvətidir, üçüncü üçbucaqlı daş isə - elmin inkişafı, elmin yeni istiqamətlərinin inkişafıdır. Bu ölkə öz ənənələrini qoruyub saxlamaq istəyir və eləcə də müasir həyatın bir hissəsinə çevrilməyi arzulayır. Məncə, bu  çox müdrikçəsinə həyata keçirilir. Əslində, bu gün bu və ya digər ölkənin nə coğrafi ölçüləri nə də əhalisinin sayı mühüm əhəmiyyət daşıyır. Bundan əlavə, dünya daim dəyişir. Mən Prezident Əliyevi çox yüksək dəyərləndirirəm. O, çox mədəni bir insandır: müstəqildir, liberaldır. O, qorxan insanlardan deyil. O, asanlıqla geri çəkilməz və o, Azərbaycanın böyük gələcəyinə ürəkdən inanır. Mənim kimi. Mən də bu ölkənin uğurlu gələcəyinə əminəm".

Novruz MƏMMƏDOV - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri, YAP Siyasi Şurasının üzvü
"Azərbaycan"

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.