Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında "Azərbaycan kino musiqisi" adlı konsert proqramı baş tutub. Tədbirin məqsədi Azərbaycan kinosunun musiqi incilərini tamaşaçılara təqdim etmək, milli kino musiqisinin zəngin ənənələrini yaşatmaq və təbliğ etmək olub.
Konsertdə Estrada ansamblı çıxış edib. Bədii rəhbər: Şəhriyar Tağıyev
Həmçinin Gəncə Dövlət Filarmoniyasının rəqs kollektivi səhnə alıb.
Baletmeyster: Sənan Cavadov
Tədbir zamanı Tofiq Quliyev, Cahangir Cahangirov, Emin Sabitoğlu, Niyazi, Arif Məlikov, Vasif Adıgözəlov və Polad Bülbüloğlu kimi görkəmli bəstəkarların musiqilərindən ibarət kinofilmlərdən mahnılar və rəqslər təqdim olunub.
Konsertin ifaçıları sırasında Samir Məmmədov, Sehri Əliyeva, Vasif Bayramov, Respublikanın Əməkdar Mədəniyyət işçisi Mehparə Cəfərova, Xəyal Əliyev, Rüstəm Cəfərov, Elmir Pişnamazzadə və Pərviz Abdullayev yer alıblar.
Tədbir boyu səslənən kino musiqiləri və rəqs kompozisiyaları tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Proqram Azərbaycan kino musiqisinin zəngin irsini xatırlatmaqla yanaşı, milli mədəniyyətin təbliğinə də mühüm töhfə verib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az