Siyasət

Füzuliyə həyat yenidən qayıdır - Kamaləddin Qafarov

17 Oktyabr 2026 10:00
Baxış: 415

"Füzuli uğrunda gedən döyüşlər 44 günlük Vətən müharibəsinin ən mühüm və həlledici əməliyyatlarından biri idi."

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, xatırladıb ki,  Ermənistan silahlı qüvvələri təxminən 30 il ərzində Azərbaycan Ordusu ilə təmas xətti boyunca, xüsusilə də Füzuli istiqamətində çoxpilləli və möhkəm müdafiə istehkamları yaratmışdı. "Düşmən yaxşı anlayırdı ki, bu istiqamətdə müdafiə xəttinin yarılması müharibənin sonrakı gedişinə ciddi təsir göstərə və Azərbaycan Ordusuna mühüm strateji üstünlüklər qazandıra bilər. Hətta bir sıra hərbi mütəxəssislər belə hesab edirdilər ki, Füzulinin azad olunması üçün uzun müddət tələb oluna bilər. Lakin 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq başlayan Vətən müharibəsi bütün dünyaya Azərbaycan Ordusunun yüksək peşəkarlığını, döyüş qabiliyyətini və qəhrəmanlığını nümayiş etdirdi. 

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz düşmənin illər boyu yaratdığı möhkəm istehkamları yararaq tarixi Zəfərə doğru inamla irəlilədi. Oktyabrın 17-də Füzuli şəhərinin, həmçinin Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı və Dədəli kəndlərinin işğaldan azad olunması Vətən müharibəsinin ən əlamətdar hadisələrindən biri oldu. Azərbaycan əsgər və zabitləri bu Qələbəni böyük fədakarlıq, şücaət və qəhrəmanlıq bahasına əldə etdilər. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, bu gün azad torpaqlarımızda qürurla yaşamağımızı şəhidlərimizə və qəhrəman hərbçilərimizə borcluyuq. Onların Vətən uğrunda göstərdikləri igidlik xalqımızın yaddaşında əbədi yaşayacaq".        

Millət vəkili bildirib ki, Füzulinin azad olunması uğrunda aparılan döyüşlərdə Azərbaycan hərbçilərinin göstərdiyi qəhrəmanlıq dövlət tərəfindən yüksək qiymətləndirilib: "2020-ci il noyabrın 26-da "Füzulinin azad olunmasına görə" medalının təsis olunması bu tarixi döyüşlərdə iştirak etmiş qəhrəmanların şücaətinin əbədiləşdirilməsi baxımından mühüm qərar idi. Cənab Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Füzulinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəxsi igidlik və şücaət göstərmiş minlərlə hərbi qulluqçumuz həmin medalla təltif olunub. Füzuli əməliyyatında əldə olunan qələbənin ən böyük nəticələrindən biri isə bu gün həmin torpaqlarda həyatın yenidən bərpa olunmasıdır. Uzun illər işğal altında qalan, dağıdılan və viran qoyulan Füzuli artıq genişmiqyaslı quruculuq işlərinin aparıldığı mühüm məkana çevrilib. Cənab Prezident İlham Əliyevin rəhbərliyi və xüsusi diqqəti ilə rayonda yeni infrastruktur yaradılır, şəhərin gələcək inkişafı üçün sistemli layihələr həyata keçirilir. Xüsusilə Füzulini heç vaxt görməmiş gənclərin öz ata-baba torpaqlarına böyük sevgi və bağlılıqla qayıtmaları son dərəcə qürurverici haldır. Bu, Azərbaycan xalqının doğma yurda bağlılığının nəsildən-nəslə keçdiyini və uzun illər davam edən ayrılığın həmin bağlılığı zəiflədə bilmədiyini göstərir. Doğma torpağı yalnız ailə xatirələrindən və valideynlərinin, babalarının söhbətlərindən tanıyan gənclərin bu gün azad Füzulidə yaşamaq arzusu milli yaddaşın və Vətən sevgisinin gücünün parlaq ifadəsidir."

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.