Siyasət

Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik edib

16 Oktyabr 2026 19:13
Baxış: 363

Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara müraciət ünvanlayıb.

Milli.Az xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.

Müraciətdə qeyd edilib:

"Hörmətli paralimpiya hərəkatının iştirakçıları!

Sizi Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ilin fevral ayında Milli Paralimpiya Komitəsi təsis edilməklə, ölkəmizdə paralimpiya hərəkatının sistemli inkişafı üçün zəmin yaradılmışdır.

Azərbaycanda idmanın və sağlam həyat tərzinin təşviq edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Əlilliyi olan insanların sosial müdafiəsinin gücləndirilməsi və idman infrastrukturunun davamlı inkişafı paralimpiyaçılarımızın nailiyyətlərinin ildən-ilə artmasına əlverişli şərait yaratmışdır. Qürurverici haldır ki, idmançılarımız ötən illər ərzində Paralimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında çoxsaylı qələbələr əldə etmişlər. Məhz həmin nailiyyətlər idmançılarımızın yüksək peşəkarlığının, iradəsinin və əzmkarlığının parlaq nümunəsidir. Onların qazandıqları hər bir medal Azərbaycan xalqına sevinc bəxş etməklə yanaşı, əlilliyin insana idmanla məşğul olmağa maneə törətmədiyini bir daha sübut edir.

Əminəm ki, Milli Paralimpiya Komitəsi bundan sonra da paralimpiya hərəkatının əsas dəyərləri - əzmkarlıq, həmrəylik, bərabərlik, inklüzivlik və qarşılıqlı hörmət prinsiplərini rəhbər tutaraq, ölkəmizdə bu sahənin daimi inkişafına və beynəlxalq idman arenalarında Dövlət Bayrağımızın yüksəldilməsinə mühüm töhfə verəcəkdir.

Bir daha paralimpiyaçıları və bu hərəkatın inkişafında əməyi olan hər kəsi təbrik edir, yeni qələbələr arzulayıram!"

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.