Siyasət

Obrayenin Bakı səfərinin 3 sensasion hədəfi - Akyar

28 İyun 2024 09:10
Baxış: 670

ABŞ Dövlət katibinin müavini Obrayenin Azərbaycana səfərdən öncə Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə etdiyi çıxışda çox maraqlı və diqqətçəkən məqamlar var.

Milli.Az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Şimali Kipr Türk Respublikasının Girnə Amerikan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Sadiq Akyar deyib.

Alim ABŞ-ın öz planlarını reallaşdırmaq üçün Bakıya ehtiyacının olduğunu bildirib:

"Obrayen çıxışında ABŞ və dolayısı ilə Qərbin artıq Mərkəzi Asiyanın ixracatının Rusiya və Çin üzərindən həyata keçirilməsini istəmədiyini bildirib. O, eyni zamanda alternativ yol kimi Qara dəniz marşrutunu və Azərbaycan, Ermənistan və Türkiyəni, yəni Zəngəzur dəhlizini təklif edib. Digər bir yol isə İran üzərindən keçir. Lakin Obrayenin sözlərindən Qərbin İranı da bu yollardan məhrum etmək məqsədi bəlli olur. Bütün bunların reallaşması üçün isə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmalı, münasibətlər normallaşmalıdır".

Akyar səfərin üç əsas məqsədinin olduğunu qeyd edib:

"İlk məqsəd mümkün olduğu qədər Çinin "Bir kəmər, bir yol" layihəsinin reallaşmasını əngəlləmək, yaxud Pekinin ixracat yollarını ABŞ və müttəfiqlərinin nəzarətində saxlamaqdır. Ukrayna ilə müharibə getdiyi üçün Çinin Rusiyadan keçən Şimal dəhlizindən istifadə etməsi qeyri-mümkündür. Digər ticarət yolları isə Mərkəzi Asiya, Azərbaycan, Ermənistan, Türkiyə və İranı birləşdirən Orta dəhliz və dəniz üzərindən Süveyş kanalına, oradan Avropaya uzanan Cənub dəhlizidir. ABŞ-ın Azərbaycan mərkəzli hədəfləri isə bunlardır: Birincisi, hazırda Rusiyadan Avropaya mal daşınmır, ancaq Orta dəhliz fəaliyyətdədir. Hətta 2018-ci ildə Çindən çıxan qatar Türkiyənin Mərmərə xəttindən keçməklə Hamburqa çatdı. İndi isə Zəngəzur dəhlizinin açılmasına nail olmaqla oraya da nəzarəti ələ keçirmək istəyirlər. Ancaq bunun üçün sülh imzalanmalıdır. Digər tərəfdən Vaşintqonun İMEC (Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi) layihəsini gücləndirmək planı var. Bundan başqa ABŞ münasibətlərin pis olmasına baxmayaraq, İranın Çabahar limanı layihəsini də dəstəkləyib. Layihə Mərkəzi Asiyadan gələn malların sözügedən liman üzərindən Avropaya göndərilməsi üçün irəli sürülüb. İMEC-ə Hindistanı salmaq, Çabahar layihəsində İranı dəstəkləmək yolu ilə Vaşinqton Çinin hər tərəfdən əl-qolunu bağlamağa çalışır.

İkinci məqsəd də İMEC və "İnkişaf Yolu" dəhlizi ilə bağlıdır. ABŞ İMEC layihəsini gücləndirməyi və Çindəki transmilli şirkətlərin mərkəzlərini Hindistana köçürməyi planlaşdırır. Hazırda Fələstində gedən və Livana sıçrama ehtimalı yüksək olan müharibə də sözügedən marşrut üzərində təhlükəsizliyi təmini üçün aparılır. Hələlik oradan istifadə etmək mümkün deyil. Vaşinqtonun müharibənin uzanması halında Zəngəzur dəhlizinin açılmasına nail olmaqla, sonra Türkiyə üzərindən "İnkişaf Yolu" dəhlizinə bağlanmaq və buraya Çinin girməsini əngəlləmək planı da mövcuddur.

Sonuncu məqsəd isə Ukrayna müharibəsinin bitməsindən sonra köhnə xəttin açılmasına, Çinin daha da güclənməsinə, Rusiyanın yenidən özünə gəlməsinə mane olmaqdır. Nəticə olaraq ABŞ-ın Obrayenin səfəri ilə Azərbaycanı gücləndirmək və Orta dəhlizi yuxarıda sadaladığımız dəhlizlərə bağlamaqla Çini əngəlləmək, marşrut yollarına nəzarəti öz əlində saxlamaq məqsədi güddüyünü deyə bilərik".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.