Siyasət

Əsgəranda məzarlıqda basdırılanların Xocalı sakinləri olması ehtimal edilir - RƏSMİ

9 Fevral 2024 11:31
Baxış: 865

Əsgəranda tapılan kütləvi məzarlıqda basdırılanların Xocalı sakinləri olması ehtimal edilir

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Məlumatda deyilir:

"Məlum olduğu kimi, 2023-cü ilin sentyabr ayında keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonra Beqlaryan Raşid Aramayisi Birinci Qarabağ müharibəsi dövründə azərbaycanlı əsir-girovlara işgəncə verməkdə, eləcə də sülh və insanlıq əleyhinə, müharibə cinayətlərini törətməkdə şübhəli bilinərək saxlanılmış və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 112, 113, 115.2, 279.1 və 318.1-ci maddələri ilə ittiham elan olunmaqla təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilmişdir. Adıçəkilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı, özünün də daxil olduğu qanunsuz erməni silahlı birləşmələri tərəfindən əksəriyyəti qadın, uşaq və yaşlı insanlardan ibarət 200 nəfərədək mülki şəxsin 26 fevral 1992-ci il tarixində Əsgəran qalasına yaxın ərazidə pusquya salınaraq avtomat silahlardan atəş açılmaqla qətlə yetirildiyini və həlak olanların üzərilərindəki şəxsi əşyalar talan edildikdən sonra meyitlərin həmin ətrafda basdırıldığını bildirmiş, cinayət əməllərinin törədildiyi yerləri əyani şəkildə göstərmişdir.

Ötən ilin noyabr ayında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu aidiyyəti qurumların mütəxəssis heyətinin iştirakı ilə Raşid Beqlaryanın göstərdiyi ərazidə axtarış və qazıntı işlərinə başlamışdır. Hava şəraitinin əlverişsiz olması qazıntıların müvəqqəti dayandırılmasına səbəb olsa da, sonradan Əsgəran qalası ətrafında axtarış və qazıntı işləri yenidən aparılmağa başlanılmış, qazıntı prosesində Xocalı soyqırımı zamanı qətlə yetirilmiş vətəndaşlara aid olduğu ehtimal edilən 8 nəfərdən artıq şəxsin meyitinin basdırıldığı kütləvi məzarlıq aşkarlanmışdır.

Ərazidə axtarış, qazıntı və ekshumasiya işləri davam etdirilir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.