Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən yeni tərkibi təsdiq edilib.
Milli.Az xəbər verir ki, bununla bağlı bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, komissiyanın üzvləri siyahısına Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri də əlavə olunub.
Qeyd edək ki, AQTA sədri Qoşqar Təhməzlidir.
Dövlət başçısının daha bir sərəncamı ilə Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın üzvlərinin siyahısına Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müavini, Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri əlavə edilib.
Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə isə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri, Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri əlavə edilib.
Digər bir sərəncamla "Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın üzvlərinin siyahısına Dövlət Turizm Agentliyi sədrinin müavini, Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müavini, Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri əlavə edilib.
"Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın üzvləri siyahısına Qida Təhlükəsizliyi Agentliyinin sədri əlavə edilib.
"Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə" Sərəncama edilən dəyişikliyə görə isə komissiyanın üzvləri siyahısına Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədrinin müavini əlavə edilib.
Xarici İşlər Nazirliyinə dəyişikliklər barədə müvafiq dövlətlərə bildiriş göndərmək tapşırılıb.
Milli.Az