Maraqlı

Samirranın əhalisi xəstəlikdən necə xilas oldu?

18 Aprel 2021 22:55
Baxış: 1 053
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzi xəstəliklər isə yerli (lokal) xarakter daşıyır, yalnız müəyyən şəhərin və ya bölgənin əhalisi arasında yayılırdı.

Xəstəliklərə qarşı ən faydalı mübarizə tibbin nailiyyətlərindən istifadə etməklə aparılan mübarizədir. Dinimiz də xəstəlik və epidemiyalar zamanı məsuliyyətsiz davranmağı, tibbi təlimatlara sayğısız yanaşmağı qadağan edir. Hər kəs özünün və ətrafdakıların həyatını, sağlamlığını qorumaq naminə təlimatlara diqqətlə əməl etməlidir.

Lakin bütün bəlalar kimi, xəstəliklərlə mübarizədə də dini ayinlərin, duaların, müqəddəslərə təvəssülün faydası vardır. Bununla bağlı maraqlı bir hadisəni oxucularla bölüşmək istərdik.

Hadisə XX əsrdə yaşamış böyük cəfəri alimi, Qum hovzəsinin banisi mərhum Ayətullah Şeyx Əbdülkərim Hairidən (vəf. 1937) oğlu vasitəsi ilə rəvayət edilir.
XX əsrin ikinci yarısında böyük müctəhid, "tənbəki fətvası"nın müəllifi Mirzə Mühəmməd Həsən Şirazı ("Mirzə Şirazi" və "böyük Mirzə" adı ilə məşhurdur) İraqın Samirra şəhərinə köçərək, orada hovzə təşkil etmiş və tələbə yetişdirməyə başlamışdı. Şirazinin sayəsində Samirra hovzəsinin şöhrəti hətta Nəcəfi də üstələmişdi. Bu böyük alimin tələbələri sırasında Ayətullah Hairi də var idi.

Milli.Az islam.az-a istinadən bildirir ki, Mirzə Şirazinin vəfatından (1895) sonra Samirra hovzəsinə nəzarət Seyyid Mühəmməd Fişarəki və Mirzə Mühəmməd Təqi Şirazi adlı alimlərin ixtiyarına keçdi. Seyyid Fişarəki (vəf. 1899) yüksək elmi məqama sahib idi, müasirləri onu "ustadi-kəbir", yəni böyük ustad adlandırırdılar. Buna baxmayaraq, o, mərcəiyyəti qəbul etmir və tədrislə məşğul olurdu. Mərcəiyyət məsuliyyəti isə onun müasiri Mirzə Mühəmməd Təqi Şirazinin öhdəsində idi (Mirzə Mühəmməd Həsən Şirazıdən fərqləndirmək üçün ona "ikinci Mirzə" deyirdilər). Böyük Mirzənin vəfatından sonra onun tələbələri bu iki alimdən dərs almağa başladılar. Ayətullah Hairi də həmin tələbələrdən biri idi.

Aşağıda təsvir edilən hadisənin dəqiq neçənci ildə baş verməsi məlum deyil. Belə məlum olur ki, o zamanlar böyük Mirzə artıq həyatda yox imiş. Seyyid Fişarəkinin böyük Mirzədən 4 il sonra vəfat etdiyini nəzərə alsaq, deyə bilərik ki, hadisə hicri 1312-16-cı (miladi 1895-99-cu) illər arasında baş vermişdir. Hətta belə ehtimal etmək olar ki, hadisə böyük Mirzənin vəfatından az sonraya, Seyyid Fişarəkinin Nəcəfə köçməsindən əvvələ təsadüf etmişdir.

Ayətullah Hairi nəql edir ki, bir ara Samirra şəhərində vəba və taun xəstəliyi yayıldı.
Hər gün xeyli şəhər sakini dünyasını dəyişirdi. Bir gün Samirra hovzəsinin alimlərinin iştirak etdiyi məclisdə xəstəliyin artmasından söhbət düşdü. Mirzə Mühəmməd Təqi Şirazi məclis əhlindən soruşdu: "Məni ədalətli müctəhid hesab edirsinizmi?" Hamı "bəli" cavbını verdi. Alim yenə soruşdu: "Ədalətli müctəhid bir məsələdə hökm versə, ona əməl etmək vacibdirmi?" Yenə bütün məclis əhli təsdiq cavabını verdi. Mirzə Mühəmməd Təqi Şirazi söylədi: "Şəhər əhalisinə elan edin ki, mən hökm verirəm: hamı 10 gün müddətində hər gün Aşura ziyarətnaməsini oxuyub, savabını İmam-zamanın anası Nərcis xatunun ruhuna bağışlasın və bu xəstəlikdən xilas olmaq üçün onun ruhuna təvəssül etsin".

Müctəhidin hökmü camaata elan edildi. Şəhər əhalisi dinə çox bağlı idi, üstəlik, xəstəlik qarşısında acizlik də onları bu hökmə əməl etməyə məcbur etdi. 10 gün ərzində hansı evdə Aşura ziyarətnaməsi oxunub, savabı Nərcis xatuna hədiyyə olundusa, o evdə dünyasını dəyişən olmadı.

(S.Ə.Sədaqətin "100 mövzu, 500 dastan" kitabına və bir neçə internet saytına istinadən)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.