Maraqlı

Çəkisizliyin orqanizmə patoloji təsiri

23 Avqust 2022 08:25
Baxış: 642
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnsan bədəni adi şəraitdə istinad nöqtələrinə öz kütləsinə mütənasib olan qüvvə ilə təzyiq edir. Orqanizmin istinad etdiyi sahə isə ona eyni qüvvə ilə əks-təsir edir. Bu qüvvənin aradan qalxması çəkisizlik adlanır. Eksperimental şəraitdə çəkisizlik yaratmaq üçün insanı xüsusi çəkisi bədənin çəkisinə bərabər olan mayenin içərisinə salırlar. Lakin bu zaman daxili orqanların cazibə reseptorlarının fəaliyyəti davam etdiyinə görə, tam çəkisizlik halı yaratmaq mümkün olmur. Kosmik uçuşlar zamanı aparılan tədqiqatlar çəkisizliyin orqanizmə təsiri və onun mənfi nəticələrini aradan qaldırmaq yollarını öyrənməyə imkan verir.
Çəkisizlik şəraitində istinad orqanlarında ağırlıq hissi itirilir və orqanizmin bioloji mayelərinin (qan, limfa) hidrostatık təzyiqi aradan qalxır. Çəkisizlik şəraitində orqanizmin iş qabiliyyəti və fiziki yükə qarşı davamlılığı azalır, sümük-əzələ sistemi destruktiv dəyəşikliyə uğrayır, enerji mübadiləsi zəifləyir. Bunun nəticəsində orqanizmin oksigenə olan təlabatı azalır, ürək-damar sisteminin fəaliyyətində dəyişikliklər baş verir.
Çəkisizlik şəraitində bədənin yuxarı hissəsində və başda adi hallarda olduğundan çox qan toplanır. Nəticədə başda ağırlıq hissi və üzdə şişkinlik əmələ gəlir. Belə hallarda orqanizmdə dövr edən qanın həcminin azalmasına yönəlmiş mühafizə-uyğunlaşma reaksiyaları baş verir. Bu reaksiyalar nəticəsində orqanizmin su itkisi artır, susuzluq hissi azalır. Orqanizmdə suyun azalması kosmik uçuşdan geri qayıdan insanın Yer şəraitinə uyğunlaşmasını çətinləşdirir.
Çəkisizlik şəraitinə düşmüş şəxslərin orqanizmində hissi, hərəki və vegetativ pozğunluqlar baş verir. Çəkisizlik mühitində qalmış adamlarda aşağıdakı patoloji əlamətlər özünü göstərir:
- öyümə
- qusma
- ağız suyu ifrazı
- arterial təzyiqin düşməsi
- göz sinirində pozulmalar.
İnsan çəkisizlik şəraitinə 3-7 gün ərzində uyğunlaşa bilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.