Sağlamlıq

Türkiyəli professor: Bu gün insanlar arasında “koronavirus qorxusu” sindromu yaşanır

8 Aprel 2020 07:00
0 Şərh     Baxış: 1 190
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çində bir heyvan bazarından qaynaqlanan COVID-19 əvvəllər də müxtəlif xəstəliklər və ölümlərə səbəb olan böyük koronavirus ailəsinin bir üzvüdür. Belə ki, bu viruslar ailəsi həm də MERS və SARS kimi ciddi xəstəliklərin meydana çıxmasına da səbəb olub. İlk dəfə 2019-cu ilin dekabrında Çinin Uxan şəhərində baş qaldıran yeni növ koronavirus sürətlə bütün dünyaya yayılıb və 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan edilib.

"Bu gün insanlar arasında "korona qorxusu" sindromu yaşanır. Cəmiyyət üçün də ən təhlükəlisi budur. Bu qorxuya qalib gəlmək vacibdir. Heç bir müharibədən qorxu ilə qalib çıxmaq mümkün deyil".

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Türkiyə Səhiyyə Nazirliyi nəzdində yaradılmış Koronavirusla Mübarizə Elmi Şurasının üzvü professor İlhami Çelik səsləndirib.

İnsanlar üçün indiki vəziyyətdə ən effektiv qorunma üsulunun özünütəcrid olduğunu deyən professor vurğulayıb ki, bu virusun vəba və ya vərəm kimi qəbul olunmaması, insanların bir-birinə şübhə ilə yanaşmaması vacibdir. COVID-19-a yoluxanların 95 faizi müalicə olunur. Digər beş faizi isə yaşlı və xroniki xəstəliklərdən əziyyət çəkənlər təşkil edir. Hazırda dünyada tətbiq olunan özünütəcrid şəraiti də bu beş faizin qorunması istiqamətində atılan addımdır. Lakin buna baxmayaraq, insanlar "yoluxmuş damğası" almaq qorxusu içində yaşayırlar.

Bəzi insanların müayinə olmaqdan, koronavirus testindən keçməkdən çəkindiklərini deyən İ.Çelik bunun səhv yanaşma olduğunu, əsas səbəbin isə məhz "yoluxmuş damğası" almaq qorxusu olduğunu vurğulayıb: "Lakin hər kəs anlamalıdır ki, müayinədən qaçmaq və ya evdə primitiv üsullarla edilən müalicə problemin qarşısını almaq əvəzinə, xəstəliyin daha geniş yayılmasına səbəb olur".

Türkiyənin tanınmış professoru Osman Müftüoğlu bu virusa yoluxan hər kəsin xəstəliyi müxtəlif şəkildə keçirdiyini, bəzi insanlarda isə onun simptomsuz davam etdiyini deyib. Qeyd edib ki, burada ümumi sağlamlıq göstəriciləri əsas rol oynayır. Yoluxmamaq və ya xəstəliyə asan qalib gəlmək baxımından düzgün yuxu, qidalanma, idman və psixoloji sakitlik də çox vacibdir. Burada əsas məsələ şəkərli diabet, ağciyər xəstəlikləri, orqan yetməzliyi kimi xroniki xəstəliyi olanları qorumaqdır. Məhz bu insanlar risk qrupuna aiddirlər. Xəstəliyin yüngül keçməsi və müalicənin asanlaşdırılması baxımından erkən diaqnoz çox vacibdir.

O.Müftüoğlu xəstəliyin sürətlə yayıldığı bu dövrdə qidalanmanın əsas qorunma üsullarından biri olduğunu deyib. Bildirib ki, bunun üçün şəkərli və nişastalı qidalardan mümkün qədər uzaq durmaq, tərkibi antioksidan, polifenol, vitamin, mineral və liflərlə zəngin meyvə və tərəvəzə üstünlük vermək, eləcə də bol su içmək lazımdır. Bu sırada rəngli, xüsusilə qırmızı tonlarda, təzə və kökü olan bitkilər xüsusi yer tutur.
Professor əsas qorunma üsullarından birinin də psixoloji sakitlik olduğunu vurğulayıb: "Dünyanı öz təsiri altına alan bu xəstəliyin bir-iki günə keçməyəcəyini hamımız bilirik və buna hazır olmalıyıq. Təşvişə düşmək və başqalarını da öz psixoloji gərginliyinizin altına salmaq yersizdir. Bunun əksinə olaraq, dövlət tərəfindən tətbiq olunan qaydalara riayət etmək və gündəlik həyatınızı özünütəcrid şəraitində saxlayaraq doğmalarınızla səmərəli keçirmək əsasdır. Xəstəliyə qalib gəlmək üçün yalnız bədənimizi deyil, ruhumuzu da bəsləməliyik".

Türkiyənin koronavirus elmi şurasının üzvü professor Alpay Azap COVID-19-la bağlı bildiyimiz doğru və yanlışlar haqqında danışaraq bildirib ki, xəstəlikdən qorunmaq üçün karantin müddəti və gigiyena çox vacibdir. Lakin insanlar sosial mediada yayılan bəzi yanlış məlumatlara inanaraq öz həyatlarını çətinləşdirirlər. Misal üçün, meyvələrin qabıqlarının mütləq şəkildə soyulması, bayıra çıxdıqdan sonra paltarların dezinfeksiya edilməsi, adi maskaların yuyulması, kimyəvi qida əlavələrinin qəbulu və s. bu kimi məlumatlar əsassızdır. Doğru olan isə qaydalara və gündəlik gigiyenaya düzgün riayət etmək, meyvə və tərəvəzləri bol su ilə yumaq, gündəlik istifadə edilən üst geyimləri havalandırmaqdır.

Hazırda bütün dünya xəstəliyin aradan qaldırılması üçün mübarizə aparır. Dünya həkimləri ilə yanaşı, Türkiyəli mütəxəssislər də xəstəlik əleyhinə dərman və peyvəndin hazırlanması üzərində işləyirlər. Ən son sevindirici xəbərlərdən biri də məhz Türkiyəli mütəxəssislərdən gəldi. Belə ki, Türkiyənin Səhiyyə Nazirliyi nəzdində yaradılmış Koronavirusla Mübarizə Elmi Şurasının üzvü professor Ateş Kara sosial media hesabında "Yaxşı xəbər" başlığı ilə Türkiyədə heyvanlar üzərində sınaqdan keçirilən COVID-19 peyvəndinin müsbət nəticə verərək, orqanizmdə xəstəlik əleyhinə müdafiə sistemini yaratdığını, yaxın zamanlarda peyvəndin insanlara təsirinin araşdırılması ilə bağlı tədqiqatlara başlanılacağını bildirib. Qeyd edib ki, bundan sonra peyvəndin insanları xəstəlikdən qoruyub-qorumaması ilə bağlı araşdırmalar aparılacaq.

Adi vətəndaş olaraq bizim üzərimizə düşən vəzifə isə dövlətimiz tərəfindən tətbiq olunan qaydalara riayət edərək bu xəstəliklə mübarizə işinə kömək göstərməkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.