Təhsil

Kollecdə rüşvət qalmaqalı - Direktor əvəzinin səs yazısı yayıldı: “60 manatla gəlmisən?!” - FOTO - AUDİO

12 Mart 2024 12:29
Baxış: 2 085
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktor əvəzi Şahin Əliyev tutduğu vəzifədən azad edilib.

Müvafiq qərar Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən aparılan araşdırmalar nəticəsində qəbul edilib.

Milli.Az xəbər verir ki, Yenisabah.az məsələ ilə bağlı maraqlı məlumatlar əldə edib. Kollecin əməkdaşlarından biri sayta bildirib ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə paralel olaraq Göyçay Rayon Prokurorluğu və Maliyyə Nazirliyi də bir neçə aydır ki, kollecin fəaliyyətini yoxlayır. Aparılan yoxlamalar nəticəsində cinayət əməli kimi qiymətləndirilə biləcək çoxlu sayda qanunsuzluq aşkarlanıb.

Buraya dövlət vəsaitini mənimsəmədən tutmuş, tələbələrdən rüşvət almağa kimi bir çox hallar daxildir.

Maliyyə Nazirliyinin apardığı araşdırma zamanı məlum olub ki, kollecə məxsus olan avadanlığın çoxu yararsız vəziyyətdədir. Buna baxmayaraq, vaxtaşırı təhsil müəssisəsi üçün avadanlıqlar və yanacaq alınıb. İşləməyən texnika üçün alınan yanacağa ayrılan vəsaitin bir neçə min manat dəyərində olduğu bildirilir. Məlumatlara görə, bu faktlar prokurorluq orqanlarının diqqətindən yayınmadığı üçün hüquqi müstəvidə araşdırma davam etdirilir.

Aparılan araşdırmalar nəticəsində direktor əvəzi Şahin Əliyevdən, Əyani Şöbənin müdiri Kamilə Həmidova və Qiyabi Şöbənin müdiri Gülbəyim Həsənovadan da izahat alındığı bildirilir.

Rüşvət qalmaqalı ilə bağlı audioyazı da üzə çıxıb. Audioyazıda Şahin Əliyevin kollecin direktoru vəzifəsini müvəqqəti icra edərkən uzaq rayondan gələn tələbədən rüşvət istədiyi, onun isə tələb olunan məbləği verə bilməyəcəyini dediyi iddia edilir. Məlum olur ki, tələbənin cəmi 20 manat verməyə imkanı çatır. Direktor isə bununla razılaşmır. Deyir ki, gediş-gəliş xərcin 40 manat edir. Belə çıxır ki, Göyçaya 60 manatla gəlmisən... Tələbə isə evdən çıxarkən üzərində cəmi 50 manat olduğunu iddia edir.

Sözügedən audioyazını və kollecin balansında olan texnikanın mövcud durumunu əks etdirən fotoları təqdim edirik:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.