Astanada keçirilən beynəlxalq müsabiqənin finalında Azərbaycan təmsilçisi Samira Efendinin Ermənistan nümayəndəsinə 12 bal verməsi və daha sonra həmin iştirakçının Efendiyə yaxınlaşıb onu qucaqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, Samirə Əfəndi bu hərəkəti ilə bağlı açıqlama verib.
"Bu jest sırf münsiflik etikası, səhnə mədəniyyəti və insani münasibətlər çərçivəsində baş vermişdir. Hadisənin milli-mənəvi dəyərlərimizə hörmətsizlik kimi təqdim olunması gerçəkliyi əks etdirmir".
Samira Efendi yaradıcılıq fəaliyyəti boyunca milli dəyərlərə bağlılığını daim nümayiş etdirib. Xatırlatmaq istərdik ki, 2023-cü ildə "Altın Kelebek" mükafatından əldə etdiyi bütün gəlir Azərbaycan şəhidlərinin övladlarına və Türkiyədə deprem nəticəsində ailəsini itirmiş uşaqlara bağışlanmışdır. Səs Azərbaycan layihəsindəki çıxışından sonra isə o, şəhid ailələrinin övladları, eləcə də daun və autizm sindromlu uşaqlar üçün təşkil olunan tədbirlərdə dəfələrlə iştirak edərək sosial məsuliyyət nümunəsi göstərmişdir. Bu fəaliyyət onun illərdir davam edən humanizm və vətənpərvərlik mövqeyini açıq şəkildə təsdiq edir.
Hazırda Azərbaycan-Ermənistan sülh prosesinin dövlət səviyyəsində ən yüksək mərhələyə çatdığı bir dönəmdə humanist jestlərin yanlış anlaşılmaması xüsusi önəm daşıyır. Saziş mətninin artıq paraflanması və prosesin rəsmi icra mərhələsinə daxil olması, eləcə də bir neçə gün əvvəl erməni nümayəndə heyətinin Bakıya səfəri regionda yeni siyasi reallığın formalaşdığını göstərir. Bu kontekstdə beynəlxalq platformalarda nümayiş etdirilən mədəni və insani münasibətlər ölkəmizin sülh, sabitlik və diplomatik yumşaqlıq siyasəti ilə tam uyğunluq təşkil edir.
Samira Efendi məsələyə "Tarixin Bir Günü" verilişində şəxsi münasibətini belə ifadə edib:
"Mən hər zaman xalqımın yanındayam. Şəhidlərimizin xatirəsi mənim üçün hər şeydən üstündür. Dövlətimizin apardığı sülh siyasətinə hörmət edir və dəstək verirəm. Bir qazi övladı kimi tarix yaddaşı mənim üçün dəyişməzdir - biz keçmişi unutmuruq, unutdurmuruq. Amma gələcək bizim məsuliyyətimizdədir; övladlarımıza daha təhlükəsiz, mehriban və sülhlə dolu bir dünya ötürmək borcumuzdur. Layihədə etdiyim jest isə sadəcə insanlıq idi - musiqinin insanları birləşdirən, siyasətdən kənar bir güc olduğuna inanıram".
Samira Efendi həm yaradıcılığında, həm də şəxsi mövqeyində Azərbaycan dəyərlərinə sadiq olaraq fəaliyyət göstərir və ölkəmizin humanizm və sülh yönümlü siyasətini dəstəkləyir.
Milli.Az





