İqtisadiyyat

Xam yox, bic neft dövrü başlandı

17 Dekabr 2014 09:20
0 Şərh     Baxış: 3 319
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2014-cü ilin iyunundan bəri dünya bazarlarında xam neftin qiyməti 40 faiz ucuzlaşıb və stabilləşmə hələ üfüqdə də görünmür. 10 il əvvəl başlanan "böyük xammal mərhələsi" zamanı tələbat təklifi dəfələrlə üstələyirdi və bunun əsas səbəbi də inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatının sürətli artımı idi.

İndisə yeni texnologiyalar sayəsində təklif tələbatı üstələyib.


 

"Fuller Treacy Money" investisiya bülleteninin naşiri Devid Fullerin fikrincə, dünya iqtisadiyyatında artım templərinin zəifləməsi ilə yanaşı, inkişaf etmiş ölkələrdə enerjidaşıyıcılarından daha effektiv istifadə olunması xam neftin qiymətlərini aşağı salıb.

Hələ 2003-cü ildə xammal bazarlarında qiymətlərin bahalaşandan sonra ucuzlaşacağını təxminləmiş D.Fuller yazır: "Neft bazarında qiymətlərin tədricən, asta ucuzlaşması təmayülü müşahidə olunur. Proseslər 2020-ci ilədək davam edəcək".
 

Uzunmüddətli struktur dəyişiklikləri isə odur ki, Brent markalı neftin 1 bareli üçün 90 dollarlıq qiymət həddi dəyişir.

"Citigroup"un dünya xammal bazarlarının analizi departamentinin rəhbəri Edvard Morsun fikrincə, 1 barel üçün 90 dollar həddi son illərdə "qara qızıl"ın dəstək səviyyəsi idi.
 

"ABŞ-da şist neftinin hasilatının artımı nəticəsində "qara qızıl" bazarlarında yaranmış inqilabın təsirlərini 2012-2013-cü illərdə dünya iqtisadiyyatının canlanması bir müddət yubatdı. Amma indi deyə bilərik ki, neftin bahalaşması faktiki olaraq mümkün proses deyil", - Mors bildirib.
 

İHS tədqiqat şirkətinin vitse-prezidenti, Kembric Enerji Tədqiqatları Assosiasiyasının yaradıcısı Deniel Yerqin hesab edir ki, dünya bazarlarında xam neftin qiyməti ilə bağlı situasiya iki amilin təsiri nəticəsində dəyişir. Çinin və digər inkişaf etməkdə olan ölkələrin neftə tələbatı "qara qızıl"ın qiymətlərinin formalaşmasının əsas amili deyil artıq.


 

The Wall Street Journal-da dərc olunmuş məqaləsində Yerqin vurğulayır ki, əsas amil indi ABŞ-da neft hasilatının süni təkanlar vasitəsilə olsa belə, artmasıdır. Bu real, ciddi və dinamik amildir.
 

"Yardeni Research" şirkətinin prezidenti Eda Yerdeninin fikrincə, neft bazarlarında indi "divlərin döyüşü" gedir: "Səudiyyə Ərəbistanı xam neft bazarında Federal Ehtiyat Sistemi rolunu oynamaqdan usanıb. Səudilər bundan sonra da OPEK-in adından çıxış edərək qiymətləri nizamlamaq üçün açıq bazarlarda əməliyyatlar aparmaq istəmirlər. Onlar bazara qiymətləri müəyyənləşdirmək imkanı veriblər və ümid edirlər ki, qiymətlər xeyli ucuzlaşaraq ABŞ-dakı neft hasilatını azaldacaq, sonra isə yenidən yüksələcək. Buna inanırammı? Əsla. Bağışlayın, ərəb dilində "Uğur olsun!" necə səslənir?!"
 

ABŞ neft və neft məhsullarının istehsalını azaltmaqla yanaşı, şist neftinin hasilatı nəticəsində ölkədə "qara qızıl" hasilatını artırıb.

Birləşmiş Ştatların energetika Nazirliyinin (EİA) nəzdindəki Energetika İnformasiyası Administrasiyasının son hesabatına görə, hazırda ölkədə sutkada 9,118 milyon barrel şist nefti çıxarılır. Bu isə 1983-cü ildən bəri aparılan statistikada rekorddur.
 

Çox yox, cəmi 5 il əvvəl neft bazarının liderləri belə situasiyanı ağıllarına da gətirməzdilər. ABŞ-ın Milli Neft Şurası 2007-ci ildə yaydığı "Energetika barədə sərt həqiqət" adlı hesabatında yazmışdı: "Sərt həqiqət odur ki, neft və qazla bağlı təkliflər tələbatı ötə bilməyəcək. Yaxın 25 il ərzində tələbat indiki səviyyədən 50-60 faiz artıq olacaq. Tələbat artımı qiymətləri bahalaşdıracaq, yeni xam neft və təbii qaz təminatı mənbələrinin istifadəyə verilmə sürətini üstələyəcək".
 

Hesabat məllifləri nə biləydilər ki, ABŞ-dakı kiçik, müstəqil neft şirkətləri şist nefti bumunun əsasını elə o illərdə qoyurdular. Şist laylarının hidropartlayışları və üfüqi qazmadan istifadə edərək bu şirkətlər 2008-ci ildən bəri şist nefti hasilatını sutkada 4 milyon barrel artırdılar. Özü də son 3 il ərzində şist nefti ABŞ-da "qara qızıl" hasilatı artımını bütünlüklə, dünya miqyasında isə böyük qismini təşkil edir.


 

Sonucda ABŞ Səudiyyə Ərəbistanı və Küveytdən xam neft idxalını artırsa da, Nigeriyadan aldığı neftin həcmini 76,4 faiz, Venesueladan - 33,5 faiz, Meksikadan alınan nefti isə 26,10 faiz azaltdı.
 

EİA-nın proqnozlarına görə, 2005-ci ildə ABŞ-da istifadə olunan xam neftin 60 faizi idxal olunurdusa, 2015-ci ildə bu rəqəm 21 faizə düşəcək.

İndi iş o yerə çatıb ki, Birləşmiş Ştatlarda benzinin 3,8 litrini 2 dollara almaq olur. Dünya bazarlarında neftin ucuzlaşması ABŞ iqtisadiyyatını canlandırıb, sənayeni aktivləşdirib, istehsalı artırıb, yeni iş yerlərinin açılmasına səbəb olub.


 

Son 30 ildə ilk dəfə olaraq neft bazarında OPEK-in hegemonluğuna meydan oxunur. Kartelə üzv dövlətlər arasında dartışma və çəkişmələr davam etdiyindən, fikir birliyi olmadığından təşkilatın yeni situasiyaya tezliklə alışması mümkün deyil. OPEK-in noyabrın 27-də keçirilmiş toplantısında hasilat səviyyəsini aşağı salmamaq barədə qərarı isə Fars Körfəzi ölkələrinin hasilatın azalacağı təqdirdə bazardakı paylarını itirəcəkləri qorxusu ilə bağlıdır.

Bir zamanlar Səudiyyə Ərəbistanının kəşfiyyatına başçılıq etmiş və ölkənin ABŞ-dakı səfiri olmuş Türki əl Feysəl aşkar söyləyib: "Yalnız bizə OPEK-in başqa üzvləri qoşularsa, hasilat səviyyəsini azaldacağıq. Ötənlərin səhvlərini təkrarlamaq və Rusiya, Nigeriya, İran, yaxud da başqa ölkələrə Səudiyyə Ərəbistanının alıcılarına öz neftlərini satmağa imkan vermək niyyətində deyilik".
 

Son illər Səudiyyə Ərəbistanı təqribən 800 milyard dollarlıq pul ehtiyatı topladığından hələlik tələbatlarını ödəyə bilər. Rusiya və ya İran kimi ölkələr isə iqtisadiyyatlarını ağır böhrandan qurtarmaq üçün neft qiymətlərinin müəyyən səviyyəsinə ehtiyac duyurlar.


 

Səudi ərəblər hesab edirlər ki, dünya bazarlarında xam neftin 1 barelinin qiyməti 60 dollar olarsa, ABŞ-da şist nefti istehsalı iqtisadi baxımdan sərfəli olmayacaq.

OPEK-in baş katibi Abdalla əl Bədri isə 1 barel üçün 90 dollar səviyyəsində Birləşmiş Ştatların şist neftinin hasilatının kollapsa uğrayacağını vurğulayır.

ABŞ şist nefti ilə bağlı durumun normal olduğunu bəyan etsə də, Vaşinqton istəklərini reallıq kimi qələmə verərək yalan danışır. Ötən həftə "ConocoPhillips" şirkəti 2015-ci ildə kapital qoyuluşlarını 20 faiz azaldacağını bəyan edib. Şirkət yeni şist yataqlarının, o cümlədən Texas ştatının qərbindəki "Permian Basin"in, Koloradodakı "Niobrara"nın, Kanadanın qərbindəki "Montney" və "Duvernay" yataqlarının işlənməsini təxirə salıb. Əsas diqqət Şimali Dakotadakı "Bakken" və Texasdakı "Eagle Ford"un daha aktiv istismarına yönəldiləcək.
 

Şist nefti bumunun "qaranquşu" və ABŞ-da ən iri müstəqil neft hasilatı şirkəti olan "EOG Resources" Kanadadakı bir çox neft-qaz yataqlarında işləri dayandıraraq bütün diqqəti ABŞ-dakı layihələrə yönəldəcəyini bildirib.

Drillinginfo-nun məlumatına görə, oktyabrla müqayisədə ABŞ-da şist nefti hasilatı ilə bağlı verilən lisenziyaların sayı 36 faiz azalıb.

"Eagle Ford" yatağında isə buruqların sayı 210-dan 190-a düşüb.


 

OPEK rəhbərliyi və Fars Körfəzi ölkələrinin hakimiyyət dairələrinin şist neftinin maya dəyərinin effektivlik səviyyəsi ilə dediklərinə rəğmən, ABŞ-da belə neftin yalnız 4 faizinin hasilatı 1 barel üçün 80 dollardan aşağı hədd zamanı sərfəli deyil. Yerdə qalan yataqlardan gəlir əldə etmək üçünsə 1 barelə görə 42 dollar da yetərlidir.

Ekspertlərin fikrincə, 2020-ci ilədək dünya bazarlarında xam neftin 1 barelinin qiyməti 70-90 dollar səviyyəsində olacaq.
 

Yaxın perspektivlərə gəldkidə isə, vəziyyət yalnız 2015-ci ilin 2-ci rübündə normallaşmağa başlayacaq. Amma geosiyasi risklər artarsa, yəni Yaxın Şərq və Şimali Afrika ölkələrində hasilat çoxalmazsa, Liviyadakı durum normallaşmazsa, "Brent" markalı neftin 1 barreli 2015-ci ildə 93-95 dollara çatacaaq.

"Morgan Stanley" bankının analitikləri hesab edirlər ki, gələn il "Brent" neftinin 1 bareli qısa müddətdə 43 dollaradək ucuzlaşsa da, sonradan qiymət 81 dollara qədər bahalaşacaq. 2016-cı ildə isə neft yenidən 1 barelə görə 100 dollara qədər bahalaşacaq.


 

Uzunmüddətli perspektivdə OPEK dünya neft bazarına nəzarəti əhəmiyyətli dərəcədə itirəcək. Texnologiyaların inkişafı hasilat həcmlərinin artımı ilə yanaşı, bərpa olunan enerji növlərindən istifadənin və qənaətin geniş yayılması ilə müşayiət olunacaq. Atom energetikasının inkişafı da sürətlənəcək. Məsələn, 2015-ci ildə Yaponiyada AES-lər yenidən tam güclə işləməyə başlayacaq.
 

Ucuzlaşan neft başqa xammal növlərini də ucuzlaşdıracaq. Bir sıra kənd təsərrüfatı məhsulları və metalların istehsalının maya dəyərinin 50 faizi enerjidaşıyıcılarının payına düşdüyündən, ucuzlaşma həmin mallarda da müşahidə olunacaq. Deməli, istehsalçılar belə malların satışını artıracaq, təklifi gücləndirəcəklər.

Yeni dövr, yeni era başlanıb. Dünya bazarlarında xam neftin qiyməti hələ ən azı 7-8 ay aşağı səviyyədə qalacaq.


 

Sonra...

Sonra isə böyük dövlətlərin maraqlarına cavab verərsə, yeni bahalaşma başlanacaq.
 

Elçin Alıoğlu

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.