Azərbaycanda son aylarda qeydə alınan göstəricilərə əsasən, bank sektorunun xalis mənfəəti, nağdsız ödənişlərin miqdarı, banka qoyulan depozitlərin həcmi, Mərkəzi Bankın valyuta ehtiyatları və s. artıb.
Maraqlıdır, bütün bu müsbət məqamları bank sektorunun inkişafı, maliyyə siyasətinin uğuru kimi dəyərləndirmək olarmı? Qarşıdakı dövrdə idarə olunan üzən məzənnə siyasətinin dəyişdirilməsi mümkündürmü?
Bununla əlaqədar oxu.az-a danışan bank məsələləri üzrə ekspert Əkrəm Həsənov düşünür ki, hazırda ümumi dəyərləndirmə aparsaq, elə də böyük artımlardan söhbət getmir:
"Amma maliyyə sistemində sabitləşmə və yumşaq optimizmlə bağlı müəyyən dəyişikliklər var. Bankların xalis mənfəətinin artması yaxşı haldır. Amma bu o demək deyil ki, bütün banklar yüksək gəlirlə işləyir. Bu, əsasən, iri banklara aiddir. İri banklar isə heç də həmişə sırf sahibkar və iqtisadi meyarlara görə uğurlu deyil. Çünki iri banklar inzibati resursdan da geniş istifadə edirlər ki, müştərilərindən çoxlu pul qazana bilsinlər. Bu baxımdan, onların uğuru tam olaraq bank sektorunun uğuru deyil.
Bank sahəsinin irəliləyişini daha dəqiq analiz etmək üçün orta göstəricili banklara baxmaq lazımdır. Onların da müəyyən hissəsində mənfəət qeydə alınır və bunu bütövlükdə uğur kimi qiymətləndirmək olar".
Əkrəm Həsənov düşünür ki, nağdsız ödənişlərin miqdarının artması da inzibati resurslar hesabına nail olunan yüksəlişdir: "Yəni Azərbaycanda artıq beş ildən çoxdur ki, "Nağdsız hesablaşmalar haqqında" Qanun var və bu, nağd ödənişləri məhdudlaşdırıb. Əsasən, sahibkarlara və hüquqi şəxslərə qanun tətbiq edilir. Fiziki şəxslərin, sadə vətəndaşların nağdsız ödənişlərinin artması isə daha çox əlavə dəyər vergisinin (ƏDV) müəyyən hissəsinin geri qaytarılması haqqında güzəştlərlə əlaqədardır. Vətəndaşlar mağazalarda ödənişləri nağdsız həyata keçirdikdə ƏDV-nin 17,5 faizi, nağd ödəyəndə isə beş faizi onlara geri qayıdır. Yəni bu məsələ də bank və maliyyə sektorunun yox, vergi siyasətinin uğurudur.
İlin əvvəlindən banklara qoyulan depozitlərin də bir milyarddan çox artımı qeydə alınıb. Bu daha çox milli valyutanın sabitliyi hesabına formalaşan yüksəlmədir. Neft gəlirləri artıb, dünyadakı geosiyasi vəziyyətə görə "qara qızıl" bahalı və sabitdir. Buna görə də insanlar banklara milli valyutada əmanətləri daha çox yerləşdirirlər ki, sabit qazanc əldə edə bilsinlər".
Azərbaycanda idarəolunan üzən məzənnə siyasətinin yaxın zamanda dəyişdirilib-dəyişdirilməyəcəyinə gəlincə, ekspert bunun inandırıcı olmadığını hesab edir: "İndiki vəziyyətdə üzən məzənnəyə keçid olacağını düşünmürəm. Çünki bunun üçün heç bir iqtisadi əsas yoxdur. Dediyimiz kimi, neft gəlirləri artır, dünyada neftin qiyməti yuxarı və sabitdir, durum bizim xeyrimizədir. Bütün bunlara görə, milli valyutamız özünü çox rahat hiss edir. Həmçinin, qeyri-rəsmi məhdudiyyətlərə əsasən, bir nəfər il ərzində 20 min manatdan çox xarici valyuta ala bilmir. Bunların fonunda üzən məzənnəyə keçidə heç bir ehtiyac yoxdur. Ona görə inzibati məzənnə siyasəti hələlik saxlanacaq".
Qeyd edək ki, idarəolunan üzən məzənnə siyasəti valyuta məzənnələrinin bazardakı tələb-təklifə uyğun olaraq gündəlik dəyişməsi ilə yanaşı, həm də mərkəzi banklar tərəfindən valyuta alış-satışı yolu ilə yerli valyutanın məzənnəsinə müdaxilə edilməsi ilə xarakterizə olunan beynəlxalq maliyyə mühitidir.
Milli.Az