Azərbaycana idxal edilən 92 və ya daha çox oktan ədədi ilə (tədqiqat metodu ilə) benzinin 4 ay müddətinə 15 faiz idxal gömrük rüsumundan azad edilməsinin, aksiz dərəcəsinin 200 manatdan 1 manata endirilməsinin səbəbi açıqlanıb.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov APA-ya bildirib ki, adətən ildə bir dəfə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda dövrü təmir-sazlama işləri aparılır.
İ. Əhmədov qeyd edib ki, ötən il zavodda belə təmir-sazlama işləri aparılmayıb, dövrü təmir-sazlama işləri bu ilə təxirə salınıb: "Bu il zavod həm də Avro-5 standartlarına uyğun dizelin istehsalına hazırlaşır. Dövrü təmir-sazlama işləri yəqin ki, bu ilin birinci yarısında olacaq. Həmin dövrü təmir müddətində zavoda benzin istehsal olunmur, yanacaq növlərindən ancaq dizel istehsal olunur. Buna görə də həmin dövrdə Aİ-92 benzinin idxalına ehtiyac yaranır. Ona görə də dövrü təmir başlamamışdan əvvəl idxal rüsumu ləğv olunur, aksiz dərəcəsi azaldılır ki, müvəqqəti kənardan benzin idxal olunsun".
Milli.Az