Mədəniyyət

Rus qadınla gizlin evləndi, anasının ölümünə səbəb oldu, otel otağında huşsuz tapıldı - Kinomuzun Əhmədinin faciəvi həyatı - FOTO

25 Noyabr 2020 22:44
Baxış: 4 491
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən məşhur aktyor Səyavuş Şəfiyevin anım günü idi.

Milli.Az kulis.az-a istinadən onun haqqında maraqlı faktları təqdim edir.

Səyavuş Məmməd oğlu Şəfiyev 1937-ci il sentyabrın 1-də Beyləqanda anadan olub. İbtidai sinfi başa vurandan sonra atasının işi ilə əlaqədar ailə Bakıya köçməli olur. Məktəb illərindən idmanla məşğul olan Səyavuş boks üzrə müxtəlif yarışların qalibi olub. Valideynləri onun hüquqşünas və ya həkim olmasını istəsələr də, günlərin birində Moskvaya gəzməyə gedən Səyavuş gözlənilmədən sənədlərini Ümumittifaq Sirk Məktəbinə verir. Akrobatika üzrə dərəcə alır, məktəbi qurtardıqdan sonra "Soyuzsirk"ə göndərilir. Burada Moskva sirkində tanınmış artistlərlə işləyən Siyavuş tezliklə öz işinin peşəkarına çevrilir. Onu Rusiyanın sirk artistləri arasında qəbul etməyə başlayırlar.

***

1972-ci ildə Səyavuş Bakıya, şəhərdə yenicə açılmış sirkə bədii rəhbər göndərilir. Bakıda quruluş verdiyi sirk proqramları o zaman üçün böyük məşhurluq qazanır. Bakı Teatr məktəbinin rejissorluq fakültəsinə daxil olur. Adil İsgəndərovdan dərs alır. Dəvət olunduğu "Koroğlu" filmində Koroğlu roluna sirk kollektivi ilə qastrola getdiyindən çəkilə bilmir. Amma ustadı Adil İsgəndərov "Əhməd haradadır?" filmində Əhməd rolunda ancaq onu gördüyündən qastroldan qayıtmasını da gözləyir. O, ilk dəfə "Əhməd haradadır?"da Əhməd roluna çəkilir və məşhurluq qazanır.

Film ekranlara çıxandan sonra rejissor Adil İsgəndərov sovet senzurasının ciddi tənqidlərinə məruz qalır. "Burjua-meşşan elementləri ilə zəngin" film kimi xarakterizə edilən bu filmin tənqidindən xəbər tutan Səyavuş "nahaq çəkildim" deyir. Ancaq illər ötdükdən sonra film tamaşaçı tərəfindən qəbul edilir və Azərbaycanın kult-filminə çevrilir. Səyavuş deyirmiş ki, "Taleyimdən razıyam. Nə yaxşı ki, Adil müəllim məni bu rola çəkdi".

***

Filmlə bağlı müsahibələrində Səyavuş Səfiyev tez-tez bu hadisəni xatırlayırmış: "Əhmədin evdən qaçma səhnəsi çəkilir. Mən də pəncərədən qonşu həyətə tullanmalı, sonra da hasardan aşıb aradan çıxmalıyam. Bu zaman qonşu həyətdən üstümə it cummalıdır. Elə birinci dublda it məni qapdı. Bərk qorxmuşdum. Adil müəllim "Qada, bu səhnə 10-15 dəfə çəkiləcək, hər dəfə də bu it Səyavuşu qapsa, onda can qalmaz..." deyib iti zəncirə salır. Filmə diqqətlə baxanda itin zəncirləndiyi görünür".

***

Bundan sonra S. Şəfiyev Rüstəm İbrahimbəyovun ssenarisi üzrə çəkilən "Uşaqlığın son gecəsi" filmində prorab Rüstəm obrazını yaradır. Film Gürcüstanda keçirilən festivalda mükafat alır.

Daha sonra o, "Ən vacib müsahibə" filmində jurnalist Altay obrazını yaradıb.

O, öz dövrünün çox populyar, sevilən şəxsiyyəti olub. Adı dillərdə gəzib, Bakıda, Moskvada, keçmiş SSRİ-nin məkanının kumirlərindən birinə çevrilib. Onu bir dəfə görmək üçün saatlarla keçəcəyi küçədə dayanıb gözləyənlər olub. Bacıları xatırlayırlar ki, evlərində telefonun dəstəyi yerə dəyməzdi, bəzən Səyavuş özü də bezib telefona gəlməzmiş.

***

"Uşaqlığın son gecəsi" filmində isə Rüstəm Elyanı qucaqlayıb öpdüyü səhnədə rejissor nə qədər çalışsa da, Səyavuş Şəfiyev utanır və qızı öpməkdən imtina edir, axırda yalnız qucaqlaşma səhnəsi ilə razılaşmalı olurlar.

***

Səyavuş Şəfiyev daha bir hərəkəti ilə valideynlərinin ziddinə getmiş olur. Moskvada sevib-seçdiyi rus qızı ilə evlənib onu Bakıya gətirir. Anasından qorxduğundan gəlini nənəsinin yanında saxlayır, bir gün nənə gəlini də götürüb Səyavuşun ata-anasının yanına gətirir ki, gizli ailə qurulmaz. Səyavuşun inadını görən valideynlər yenə onunla razılaşmalı olurlar. Onların bir qızı da dünyaya gəlir. Səyavuşun isə həm milli sirk kollektivi, həm də Azərbaycan kinosunda şöhrəti birə beş artır.

Bir müddət sonra əməkdar artist adını alır, amma mənzili olmur. Hökumətə müraciət edir, ona evi mikrorayonda panel binada verirlər. Səyavuş inciyib evdən imtina edərək deyir: "Mən ömür boyu Bakının mərkəzində yaşamışam, mikrorayonun heç yolunu tanımıram".

***

Oğlunun sındığını görən anası Südabə xanım çox narahatlıq keçirir və 1970-ci il noyabrın 25-də insult keçirib beyninə qan sızması ilə dünyasını dəyişir. Səyavuş özünü anasının ölümündə günahkar hesab edir və içindən gələn bir duyğu ilə "mən də belə öləcəm" deyir.

Moskva sirk kollektivi Səyavuşu geri qaytarmaq üçün cəhdlər edir. Onu orada fəxri adla yanaşı, mənzil şəraiti, dünyaya çıxmaq imkanları gözləyir. Ailəsini də götürüb gedir. Moskva sirk birliyinin baş rejissoru işləməyə başlayır. Moskva sirki ilə dünyanı gəzən Səyavuş Şəfiyev sevimli işi, ailəsi ilə bir yerdə olsa da, Bakıya qarşı içində qəribə bir nisgil olur. Nə vaxtsa Bakıya qayıdacağının ümidi ilə yaşayır. Bacıları üçün də darıxır. Bir gün yenə rəhbərlik etdiyi sirk kollektivi ilə Fransanın Havr şəhərində gecəni mehmanxanada qalırlar, sabahkı çıxış vaxtı səhər hamı məşqə gəlir, Səyavuş Şəfiyev yox. Çox məsuliyyətli adam olduğundan, həmişə hamıdan tez məşqə gəldiyindən yoldaşları təəccüblənirlər. Qaldığı otağın qapısını açanda onu döşəmənin üzərində huşsuz vəziyyətdə tapılar.

***

Aktyor insult keçirir, beyninə qan sızır. Moskvada yaşayan bir qrup azərbaycanlı ziyalı, o cümlədən Rüstəm İbrahimbəyovun, Polad Bülbüloğlunun köməkliyi ilə Səyavuşun xanımı Lyubanı Fransaya göndərə bilirlər. Sonra da Səyavuş Şəfiyev Qızıl Ayparanın təyyarəsi ilə Moskvaya gətirilir. Bakıya gətirmək istəyirlər, Səyavuş Şəfiyev əl işarəsi ilə bu vəziyyətdə Bakıya getmək istəmədiyini başa salır.

O, doqquz il yataq xəstəsi olur. Bu illər ərzində xanımı, qızı Cəmilə, bacıları növbə ilə ona qulluq edirlər. 2001-ci il noyabrın 25-də, illər öncə anasını itirdiyi həmin gün ikinci insult onun əzablarına son qoyur. Vəsiyyətinə uyğun olaraq Səyavuş Şəfiyev Bakıya gətirilib burada torpağa tapşırılır.

***

Amerikada yaşayan qızı ana olmağa hazırlaşdığından həkimlər ona təyyarəyə minməyə icazə vermirlər. O, atasının dəfninə gələ bilmir. Ancaq atasının qəbir daşındakı bu misraları yazıb göndərə bilir. "Dostum, sevincim-fərəhim, fəxrim, idealım, yeganə sevdiyim atam, rahat uyu. Əbədi bizimləsən, qəlbimdəsən, səni heç unutmayacam. Həmişə olduğu kimi başım üzərində parlayan günəşimsən, sənin işığının şölələri altındayam. Səni çox sevən qızın və doğmaların".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.