Mədəniyyət

"Elşən" obrazı ilə tanınan məşhur aktyorun qızı: "Anamla-atam ayrılandan sonra..." - FOTO

8 Sentyabr 2015 00:05
23 Şərh     Baxış: 33 642
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az-da bu gündən "Keçmişdə qalmış gələcək" adlı rubrika start götürür. Siz bu rubrikada məşhurların heç kimə bəlli olmayan xüsusiyyəti, onların övladlarının sonrakı həyatı haqqında məlumat ala biləcəksiz. İlk qonağımız məşhur aktyor, yazıçı, jurnalist, nasir, tamaşaçıların "Bir qalanın sirri" filmindən Elşən kimi tanıdıqları Gündüz Abbasovun qızı Şəhla Gündüzdür. Atasının yolunu şərəflə davam etdirən Şəhla Gündüz də şair-publisist, Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Müşfiq" xatirə mükafatı laureatı, prezident təqaüdçüsüdür. Qeyd edək ki, avqust ayında məşhur aktyorun ölümünün 20 ili tamam oldu. Şəhla Gündüz atası haqqında xatirələrini bizimlə bölüşür.

- Şəhla xanım, atanızın tamaşaçılara yad olan xüsusiyyəti hansılar idi?

- Onun tamaşaçılara yad olan xüsusiyyəti, təbii ki, ailədə olan xüsusiyyətləri ola bilərdi. Sırf şərqli bir ata, zəhmli kişi idi. Bizim ixtiyarımız yox idi ki, dərsdən evə 10 dəqiqə gec gələk, yaxud onun icazəsi olmadan hansısa məktəb şənliyində iştirak edək. Biz mütləq ondan icazə almalı idik. Əgər bu cür halla rastlaşırdısa, bizi mütləq cəzalandırmalı idi. Mən indi-indi başa düşürəm ki, nə yaxşı ki, Gündüz Abbasov bizə o tərbiyəni verib. Nə yaxşı ki, o, bizim üzərimizdə, sözün əsl mənasında, zəhmli bir ata olub. Onun fikirləri, tərbiyə üsulları, təbii ki, bizim indi yaxşı mənada başqalarından fərqlənməyimizə səbəb olub. Biz bir kəlmə sözü ona deyənə kimi xəcalət çəkirdik. Bizim ailəni yaxşı tanıyanlar bunu çox gözəl bilir.

- Adətən qız övladı ata ilə dost olur. Bu münasibətdən siz sıxılmırdınız?

- O vaxt elə bir dövr idi ki, mən inanmıram ki, kimsə atası ilə dost olsun. O dövrdə olan uşaqlarla indiki yaşda olan uşaqların dünyagörüşü arasında, valideynə münasibəti arasında yerlə-göy qədər fərq var. Valideyn vaxtında öl desəydi, ölərdik, qal desəydi, qalardıq. İndi elə bir şey yoxdur. O zamanlar bizim şəxsi fikirimizi yürütmək böyük bir cəsarət tələb edirdi. Amma indiki uşaqlar valideyni ilə istədiyi rəftarı edə bilir. İstər yaxşı, istərsə də pis mənada.

- Gündüz müəllimin ilk çəkildiyi film hansı olmuşdu? Ümumiyyətlə, neçə filmə çəkilmişdi?

- İlk filmi 1942 ci ildə çəkilən "Sovet pəhləvanı" idi. O vaxtlar Kinostudiyanın direktoru mənim babam, 15-dən çox bədii kitabın müəllifi, Mərkəzi Komitənin katiblərindən biri olan Şəmsəddin Abbasov idi. Bu film onun ssenarisi əsasında çəkilib. Həmin film iki dəfə Sovet ittifaqı qəhrəmanı olmuş İsrafil Məmmədova həsr olunub. Atam bu filmdə 12 yaşlı balaca çoban rolunda çəkilmişdi. Ondan sonra fəaliyyətində 1957-ci ilə qədər böyük bir fasilə olub. 1957-ci ildə onu "Onun böyük ürəyi" filmində Rəcəb roluna dəvət ediblər. Bu filmdə Səmayənin qucağındakı 6 aylıq Lalə mənəm. O, mənim körpəliyimdən yadigar qalan ilk və yeganə lent yazısıdır. Bəzən jurnalistlər mənə deyirlər ki, Şəhla xanım, sizin simanızda Azərbaycan bir aktrisasını itirib. Halbuki, mən heç vaxt aktrisa olmaq istəməmişəm. İstəsəydim belə, Gündüz Abbasov buna icazə verməzdi. O, öz yaşıdları arasında "Dağlı Gündüz" kimi tanınırdı. Atam Cəfər Cabbarlının qardaşı nəvəsi olub, buna görə də onun adını Cəfər Cabbarlı özünün müəllifi olduğu "Sevil" əsərindən götürüb. Atam Azərbaycanda Gündüz adını daşıyan ilk insanlardan biridir.

- Biz atanızı daha çox "Bir qalanın sirri" filmindəki Elşən obrazı ilə tanıyırıq. Maraqlıdır, Elşən ilə Gündüzün həyatda oxşar tərəfləri çox idi?

- Onun Elşənlə həm oxşar, həm də fərqli tərəfləri çoxdur. O, cəngavərliyinə, igidliyinə görə filmdəki Elşənə oxşayır. Amma sənətkarlıq baxımından Gündüz Abbasov daha üstün idi. Hətta onun adına o vaxtı mətbuatda "Azərbaycanın ilk nağıl cəngavəri" adlı məqalə də çıxmışdı. O, 100 il keçəndən sonra da Elşən obrazı ilə yaddaşlarda qalacaq. Bu, bizim ilk rəngli və nağıl filmimizdir. Epizodların partlayışlarla, pirotexnika, mutfilimlərlə bağlı hissələri indiki Sankt-Peterburqun kinostudiyasında çəkilib. O, bütün filmlərində kaskadyorsuz çəkilirdi. Bu filmdə onun atla çayı keçib getdiyi səhnə var. Bu səhnədə də o kaskadyorsuz çəkilmişdi. Elə oldu ki, ona möhkəm soyuq oldu, bir ay xəstə yatdı. "Bir qalanın sirri" filmi Fransada nümayiş olunmuşdu. Nümayişin afişasını sonradan atama vermişdilər. Həmin afişa hal-hazırda bacımın evində saxlanılır.

- "Bir qalanın sirri" filmi, yəqin ki, sizin də o vaxtı ən çox sevdiyiniz uşaq filmi olub.

- Bu film çəkiləndə mənim iki yaşım var idi. Yadımdadır, həmin filmin bəzi səhnələri Şağanda çəkilirdi. Atam at belində, bağlar arası çəkilişdən evə gəlirdi. Atı həyətə bağlayıb, yuyunurdu. Səhər gün doğmamış paltarlarını da çantaya yığıb, çəkilişə gedirdi. Onun "Dom sovetin" qarşısında at belində şəkilləri var. Hərdən zarafatca deyirdi ki, hər oğulun işi deyil ki, hökümət evinin qarşısında at çapsın (gülür).

- Atanız yaraşıqlı olduğuna görə, yəqin ki, çoxlu sevənləri olub. Heç tamaşaçılardan evə məktublar gəlirdi?

- Evimizə yox, amma kinostudiyaya 1000-dən çox məktub gəlmişdi. Onlar məndə arxivdədir. Məktubların əksəriyyəti qızlardan gəlirdi. Onların arasında tanışlıq, sevgi və təşəkkür məktubu da vardı. Düzdü, onların hamısını oxumağa mənim vaxım olmayıb. Atam filmlərə çəkiləndə artıq evli idi. O, tanınmış teatr aktrisası Ofeliya Məmmədzadə ilə ailə həyatı qurmuşdu.

- Harada tanış olub, evlənmişdilər?

- Onlar bağ qonşusu olublar. Ofeliya xanımın atası Azərbaycanın ilk yenilikçi alimi idi. O, kimya üsulu ilə neftdən əlif yağını alan ilk azərbaycanlı alim olub. Onların evliliyindən mən, bacım və qardaşım dünyaya gəlmişik. Sonradan nədənsə onlar ayrılmalı olublar. Ofeliya xanım ikinci dəfə aktrisa Vəfa Fətullayevanın atası Nüsrət Fətullayev ilə ailə həyatı qurub. 1987-ci ilə kimi onunla birlikdə yaşayıblar. Ofeliya xanım atamla cəmi 5 il yaşayıb.

- Maraqlıdır qızlarının aktrisa olmasını istəməyən bir insan niyə aktrisa ilə evlənib?

- Onlar ailə həyatı quranda Ofeliya xanımın 15 yaşı olub. Ofeliya xanım Nüsrət Fətullayev ilə ailə həyatı qurandan sonra İncəsənət Universitetini bitirib. Nüsrət Fətullayev Akademik Milli Dram Teatrının baş rəssamı idi, o da həmin teatrda aktrisa kimi fəaliyyətə başlayıb. 26 il birlikdə yaşasalar da, övladları olmayıb. Atam ikinci dəfə ailə həyatı quranda isə bir oğlu və bir qızı olub.

- Bacı-qardaş arasındakı münasibətlərdə ögeylik hiss olunur?

- Xeyr, qətiyyən. Onlar da atamın balalarıdır. Bu gün də bizim gediş-gəlişimiz var. Biz bir yerdə böyümüşük və ögeylik hiss etməmişik.

- Adətən valideynlər ayrılanda uşaqlar ana ilə qalırlar. Bəs siz niyə atanızla qaldınız?

- Xeyr, biz anamızla qalmamışıq. Atamız bizi anamıza verməyib. Bizi nənəmiz Mələkxanım Cabbarova böyüdüb. O, Sovet Azərbaycanının ilk tarzənd qadınlarından biri olub. Biz özümüzü anladığımız günlərdən başımızın üstündə, babamızı, nənəmizi görmüşük. Mənim 20 yaşım olandan sonra Ofeliya xanımla görüşdüm. Mən ona böyük bacı münasibəti bəsləyirdim, həmçinin də o mənə. Çünki bizim aramızda 15 il yaş fərqi vardı. Məni bu gün də görənlər Ofeliya xanıma bənzədirlər.

- Atanız sonradan ayrılmağının səbəbini sizlərə danışırdı?

-Xeyr, bu böyüklərə aid bir məsələ idi. Yəqin, onların ulduzları barışmayıb ki, ayrılıblar. Bizim evdə heç vaxt münasibətlərin təhlili olmayıb. Mən çox şükür edirəm ki, o vaxt internet, sosial şəbəkələr yox idi. Yoxsa kim nə istəsəydi, ağzına gələni yazıb, sayta yerləşdirərdi.

- Sənətkar kimi atanızı çox sevirdiniz, yoxsa ananızı?

- Mənim atam sırf aktyor deyildi, sadəcə olaraq bir tipaj kimi filmlərə çəkilib. Atam gözəl jurnalist, yazıçı, rəssam idi. Onun 3 dənə kitabı çapdan çıxıb. Bundan başqa 100-dən çox müsahibələri, reportajları var.

- Sonuncu çəkildiyi film hansı olub?

- Sonuncu dəfə "Yuxu" filmində Hidayət əmi obrazında çəkilib. Özü heç bu filmi görmədi. Film onun ölümündən 2-3 il sonra ekranlara çıxdı.

- Bugünkü uşaq filmlərindən razısınız?

- Siz hesab edirsiniz ki, bugünkü gündə uşaq filmləri çəkilir? Birmənalı olaraq deyə bilərəm ki, bu gün uşaq filmləri çəkilmir. Mənim atam Babəki, Şah İsmayılı, Koroğlunu oynamalı idi. Babəkin ssenarisini mənim babam yazmışdı. Rəhmətlik rejissor Hüseyn Seyidzadə "Babək" filmini çəkmək istəyirdi. Sonradan Moskva bu filmi çəkməyə icazə vermədi. Uzun illər sonra Rasim Balayev Babək roluna çəkildi, Gündüz Abbasov isə qocaldığı üçün Pərvinin babası rolunu oynadı. "Koroğlu" filmi çəkilərkən rejissor Leninqrada teleqram göndərir ki, Gündüz sınaq çəkilişlərinə gəlsin. Çünki onu Koroğlu rolunda çəkmək istəyirdilər. Gündüz də bu zaman Leninqradda Əlisattar Atakişiyevin "Bir qalanın sirri" filminə çəkilirdi. Rejissor filminə xələl gətirməmək üçün həmin teleqramı Gündüzdən gizlədir. Artıq Gündüz Azərbaycana qayıdanda Əfrasiyab Məmmədov Koroğlu rolunda çəkilmişdi. Bundan başqa onun Şah İsmayıl, Cahandar ağa obrazında da fotoşəkilləri var.

- O vaxtı sənətdə qarşısını kəsib, maneə olanlar olurdu?

- Xeyr, deməzdim ki, ona mane olublar. O filmlərə "keyfindən" çəkilib. Çünki atam yaraşıqlı, boylu-buxunlu oğlan idi. Rasim Balayev deyirdi ki, Gündüz ağ kostyum geyinib "Tarqovu"ya çıxanda biz kənddən yeni gəlmiş uşaqlar fikirləşirdik ki, nə dəbdədir, nə dəbdə deyil. O, bizim kumirimiz idi. Gündüz Abbasovda orijinallıq, bənzərsizlik var idi. Bu, hər insanda olmur. Ömrünün son illərində o bir az rahibləşmişdi, çox kövrək olmuşdu. Təkliyə meyl edirdi. İnsan yaşlandıqca özünə uyğun tərəf müqabili tapmır. Tərəf müqabili tapmadıqda tənhalığa pənah aparır. Mən indi başa düşürəm ki, o, niyə təkliyə meylli idi. Bir də görürsən ki, nəsə deyib-danışmaq istəyirsən, amma səni başa düşmürlər.

- Son günlərini necə xatırlayırsız?

- Son illər o, qaraciyər serrozundan əziyyət çəkirdi. Amma elə də böyük bir ağrıları olmurdu. 10 günün içində bu adam dünyadan köçüb getdi. İstər ad günü ilə, istərsə də ölüm günü ilə bağlı televiziyalar onun haqqında veriliş hazırlayırlar. Bu, onun ruhuna olan bir sədaqətdir. Bu sədaqətə, hörmətə görə hamınıza təşəkkür edirəm. Biz hamımız atamın sağlığında ailə həyatı qurmuşuq. Hamımız o yuvadan pərvazlanmışıq. Bizim hərəmizin öz evimiz-eşiyimiz olub. İnsan ailə qurduqdan sonra öz evinə öyrəşir. Sənin artıq doğulub-böyüdüyün ailədən başqa ikinci ayrı həyatın başlayır. Əlbəttə ki, arzulardıq ki, böyük kimi həmişə nəzarəti üzərimizdə olsun. Baxmayaraq ki, o, zəhmli ata idi, amma çox şəfqətli bir baba idi.

- Atanızın son günlərində yanında olmusunuz. Bəs ananızın ölümünü necə xatırlayırsız?

- Anam təsadüfən rəhmətə getmişdi. O, günorta vaxtı yatıb durmamışdı. Nənəm artıq ölümü ilə bizə ana ölümünü yaşatmışdı. Mən hardasa arxayın idim ki, anam yaşayır. Fikirləşirdim ki, Ofeliya xanıma bir şey olsa, bu qədər sarsılmaram. Yalan bir söz imiş. Bizim evdən 10 ildən bir meyit çıxıb.

- Bugünkü gündə atanızdan hansı yadigar qalan əşyalarını təsəlli kimi saxlayırsız?

- Mənim böyük oğlum at idmanı üzrə birinci dərəcəli jokkeydir. Atamın filmdə istifadə etdiyi Elşənin qamçısı böyük oğlumdadır. Onun gözəl qəlyan, müştük kolleksiyası vardı. Müştük kolleksiyası isə mənim qardaşımdadır. Məndə qalan isə şəkilləri, kitabları, yazıları, məqalələri, televiziya lentləridir. Bir də siqaret çəkərkən istifadə etdiyi külqabısı... Hal-hazırda həmin külqabıdan həyat yoldaşım istifadə edir.

Əli Rəhimoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.