Mədəniyyət

Aktyorlar teatrdan nə üçün qaçırlar?

25 Sentyabr 2014 15:47
0 Şərh     Baxış: 961
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Teatrı özünə məbəd hesab edən aktyorları seriala cəlb edən bir çox səbəblər var

Teatr aktyorları yetişdirən, onlara stimul verən böyük bir məbəddir. Teatra üz tutan gənclər həmin məbəddən bəhrələnib, aktyor sənətinin sirlərinə yiyələnirlər. Bu gün aktyorların əksəriyyəti teatrda sənətin xırdalıqlarını öyrəndikdən sonra seriallara dəvət alırlar. Serial çəkən rejissorlar çəkdikləri filmlərin yüksək keyfiyyətli alınması üçün məhz teatrlara üz tutub, tamaşaları izləyir, aktyorların potensialına bələd olurlar. Əslində bu, təqdiredici haldır. Belə ki, teatrdan az məvacib alan aktyor seriala çəkilməklə həm də öz güzəranını yaxşılaşdırır. Digər tərəfdən, teatrda illərlə çalışıb tanınmayan aktyor seriala çəkildikdə, bir neçə aya məşhurlahttp://www.milli.az/myadmin/articles/center.php?action=add#şmaq imkanı əldə edir. Amma məsələnin bir mənfi tərəfi var ki, teatrdan seriala gedən aktyorlar adətən elə serial sahəsində də qalırlar. Çünki teatrdan, tamaşaların məşqlərindən ayrı düşən aktyorlar serial çəkilişləri bitdikdən sonra bir çox hallarda teatra geri qayıda bilmirlər.

Mövzu ilə bağlı teatrlarda çalışan və serial qəhrəmanlarına çevrilən aktyorlara müraciət etdik. Onlardan nə üçün teatrı ikinci plana keçirdiklərini soruşduq. Müsahiblərimiz isə teatrın bir məbəd olduğunu söyləyərək seriala çəkilərkən teatra dırnaqarası baxmağı düzgün hesab etmədiklərini vurğuladılar. Onlar serialda çəkildikləri bir günün məvacibini teatrdan bir aya aldıqlarını deyərək bu addıma haqq da qazandırdılar.

Serial bü gün var, sabah yoxdur

Pantomima teatrının direktoru, aktyor Elman Rəfiyev rəhbəri olduğu teatrın aktyorlarının seriala çəkildiyini, eyni zamanda vaxtlı-vaxtında teatrda işlərində olduğunu bildirdi: "Aktyorun işi bazarda meyvə satmaq deyil. Onun işi kinoya, seriala çəkilməkdir. Bunun üçün də teatrların rəhbərlikləri onlara yaxşı şərait yaratmalıdır. Bir şərtlə ki, aktyor qudurmasın. Gərək aktyorun qədrini bilsinlər. Bizim elə aktyorlarımız var ki, onlar əsas iş yerləri teatr olduğu halda, bütün işlərini seriala görə qurublar. Amma serial bü gün var, sabah yoxdur, teatrsa həmişə var. Aktyor da bundan gərək sui-istifadə etməsin. Aktyor əsas iş yerini hər zaman uca tutmalıdır".

E.Rəfiyev teatr və kinonun bir-birindən çox fərqləndiyini, aktyor obraz canlandırarkən onun fərqinə varmalı olduğunu qeyd etdi: "Teatrda hər hansı bir obrazı qabarıq şəkildə ifadə edə bilirik. Ancaq serialda isə həyatda necəyiksə elə olmalıyıq. Seriallar artdıqca aktyorların qeyri-peşəkarlığı üzə çıxdı. Get-gedə serialın çəkilməsi ilə həm aktyorların gəliri artacaq, həm də keyfiyyətli seriallar çəkilməyə başlanacaq. Bir neçə il bundan öncə "Aramızda qalsın" serialında çəkilərkən bu, qətiyyən məni işimdən etmirdi. Mənim üçün teatrın öz yeri, serialın öz yeri var. Mən bilirdim ki, mənim əsas işim teatrdır. Bilirdim ki, məni seriala dəvət edən rejissor yaratdığım obrazları teatrda görüb və ona görə də çəkdiyi seriala dəvət edib. Amma çox acınacaqlı haldır ki, bu gün serialların 60 faizində qeyri-peşəkar aktyorlar çalışırlar. Onlar aktyorluq sənətinin nə olduğunu bilmirlər. Seriallarda belə aktyorlar rol alanda peşəkar aktyorlar kənarda qalır. Peşəkar aktyora yüksək qonorar vermək lazımdır ki, o, sənətinə dəyər verildiyini hiss etsin. Rejissorlar da aktyora yüksək qonorar vermək istəmir. Onlar çalışırlar ki, ucuz aktyor tapsınlar. Bilirlər ki, nə qiymət desələr, həmin "aktyorlar" ona razılaşacaqlar. Bu gün seriallarımızın zəif inkişafının əsas səbəblərindən biri də budur. Bizim serial rejissorlarımız peşəkar aktyorlardan qaçırlar. Ancaq düşünmürlər ki, ucuz ətin şorbası olmur. Teatr aktyoru üçün serialda çəkilmək çox asandır. Bu, həm rejissor üçün, həm də serialda çəkilən truppa üçün uyğundur".

Tərəf müqabillərim teatrla serialı bir-birinə qarışdırırlar

Aktrisa Günel Məmmədova teatra efirdən gəlsə də, teatrın onun üçün çox önəmli olduğunu qeyd etdi: "Teatr mənim həyatımdır. Teatr canlı sənət olduğu üçün heç bir aktyor canlı sənəti qoyub cansız sənət növünü seçməz. Teatrda tamaşaçı ilə canlı ünsiyyətdə oluruq. Ancaq ekran vasitəsi ilə tamaşaçıların reaksiyasını, ifadələrini, mimikalarını görmək olmur. Teatrı heç bir seariala dəyişmərəm. Teatr aktyorun yetişməsi üçün böyük rol oynayır. Rejissorlardan biri teatrda "Viktoriya" tamaşasında mənim Viktoriya obrazımı görüb serialda oynamaq təklifi etmişdi. Teatrda da, serialda da işləmək çox çətindir. Hər bir işin öz çətinliyi var. Teatrda aktyor tamaşaçını aldada bilmir. Teatrda sünilik olsa, tamaşaçı onu həmin saniyə hiss edir və ikinci dəfə teatra gəlmir. Ekranda isə keçirdiyin hisslərini tamaşaçıya yalnız kamera vasitəsi ilə ötürürsən".

Aktrisa seriallarımızda bu gün də pafoslu çıxışların olduğunu, belə ifaların nəticəsində tamaşaçıların seriala olan münasibətinin dəyişdiyini qeyd etdi: "Çalışırıq ki, hər birimiz pafosdan, sünilikdən kənar gəzək. Efir adi, gündəlik danışığı sevir, teatrda isə belə deyil. Teatrda tamaşaçını aldatmaq olmur. Mən özüm də rastlaşmışam ki, serialda aktyorlar və mənim tərəf müqabillərim teatrla serialı bir-birinə qarışdırırlar. Bu isə serialı ekran arxasında izləyən tamaşaçıda ikrah hissi doğurur. Serial çəkən rejissor istəməz ki, serialında belə şeylər olsun".

Teatr mənim ikinci evimdir

Tanınmış aktyor Elnur Kərimov teatrı doğma ocaq hesab edərək onu evinə bənzətdi: "Teatrı sevmək üçün teatrla yaşamaq lazıdır. Teatr mənim evimdir. Hara getsəm də, axırda dönüb-dolaşıb evimizə gəlirik. Aktyoru yetişdirən onun ikinci evi - teatrdır. Serialda isə az işləyib yaxşı məvacib almaq mümkündür. Misal üçün, mən teatrda bir ay işləyib, serialdan 1 günə aldığım pulu qazanıram. Amma yenə də insanlara teatrdan aldığımı verirəm. Düzdür, serial yaxşı pul verir, amma bu sənə haqq vermir ki, teatra dırnaqarası baxasan. Sənət yoldaşlarım "teatr yoxdur, pul vermir" kimi sözlər işlədirlər, ancaq bu fikirlər heç də düzgün deyil. Serialı çəkən rejissor aktyoru "Sədərək" və ya "Vosmoy" bazarından tapmır ki. Rejissorlar peşəkar aktyoru tapmaq üçün teatrlara üz tuturlar. Seriala çəkilən aktyor da ona bu sənətin sirlərini öyrədən həmin o məbədi - teatrı unutmamalıdır".

"Aktyorun haradan gəlməsinin fərqi yoxdur"

Kinorejissor Rövşən İsax rejissorun ilk növbədə aktyorla işləməyi bacarmalı olduğunu vurğuladı: "Əgər serialda tamaşaçı aktyorun ifasında hər hansı pafos görürsə, bu, birbaşa serialı çəkən rejissorun günahıdır. Teatrda pafosla çıxış edən aktyor serialda bunu davam etdirməməlidir. Bu işdə aktyorları günahlandırmaq olmaz. Yüksək səviyyəli aktyorlar var ki, onlar teatrda da, serialda da özlərini idarə edə bilirlər. Ən böyük peşəkar aktyorların belə xırda korreksiyalara ehtiyacları var. Aktyorun haradan gəlməsinin fərqi yoxdur. Azərbaycan kinosunun tarixi boyu aktyorların 70 faizi teatrdan götürülüb. Aktyor üçün teatr və kino anlayışı ola bilməz. Rejissura anlayış, aktyorluq isə bir peşədir. Hər bir aktyor öz işinin öhdəsindən gəlməyi bacarmalıdır".

Kaspi.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.