Mədəniyyət

Beynəlxalq Muğam Mərkəzində "Dəyirmi masa" Gülhüseyn Kazımlının xatirəsinə həsr olunub - FOTO

25 May 2024 14:12
Baxış: 521
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Muğam Mərkəzində "Dəyirmi masa" layihəsi təqdim olundu. Filologiya üzrə fəlsəfə doktoru, şair, tədqiqatçı alim Gülhüseyn Kazımlının xatirəsinə həsr olunan tədbirdə həm də müəllifin muğam tariximizin tədqiqatına dair yazdığı kitablar təqdim olundu. Tədbirdə BMM-nin redaktoru,"Dəyirmi masa"layihəsinin koordinatoru və aparıcısı Validə Kazımova Gülhüseyn Kazımlının reallaşdırdığı tədbirlərdən söz açdı. Qeyd etdi ki, BMM elmi tədqiqat və araşdırma yönlü fəaliyyəti nəticəsində bu günə kimi dəyirmi masa layihəsi çərçivəsində muğam sənətimizin və musiqinin müxtəlif janrlarını əhatə edən, milli musiqi alətlərimizin tarixi və problemlərinə həsr olunan elmi-praktiki konfrans və müzakirələr keçirib. Həmçinin muğam ifaçılığında iz qoyan sənətkarlar yad edilib, onların yaradıcılığına həsr olunan dəyirmi masalar təşkil olunub.

Milli Konservatoriyanın prorektoru, professor Lalə Hüseynova, Xan Şuşinski Fondunun rəhbəri Bəyimxanım Cavanşirova -Verdiyeva, Xalq artisti Ənvər Sadıqov, AMK "Səsin tədqiqi" elmi laboratoriyasının rəhbəri Aleksandriya Sultan fon Brüseldorff, tədqiqatçı alim Turan İbrahimov, yazıçı Kənan Hacı Gülhüseyn Kazımlının yaradıcılığı ilə bağlı fikirlərini və xatirələrini bölüşdülər.

Bildirdilər ki, bir tədqiqatçı kimi onun muğam irsimizin böyük şəxsiyyətləri ilə bağlı apardığı araşdırmaların müstəsna əhəmiyyəti vardı. Ömrünün son illərini Beynəlxalq Muğam Mərkəzində muğam sənətinin təbliği ilə bağlı layihələrə həsr etmişdi. Korifey muğam ustadlarının həyat və yaradıcılığına həsr olunmuş tədbirləri böyük ürəklə, xüsusi həvəslə təşkil edirdi. O həm də, BMM-nin böyük maraqla izlənilən "Unudulmayanlar" və "Dəyirmi masa" layihələrinin koordinatoru idi. Gülhüseyn Kazımlı mənalı və şərəfli ömründə silinməz iz qoydu, yaddaşımızda işıqlı bir insan kimi qaldı. Tədbirdə BMM-nin solistləri, Əməkdar artist Sevinc Sarıyeva,Rəşad İbrahimov (tar),Təbriz Yusifov (kamança)musiqi nömrəsi ilə çıxış etdilər.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.