Mədəniyyət

Azərbaycan teatrında bakirəlik davası - FOTO

18 Avqust 2014 18:33
0 Şərh     Baxış: 4 787
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Qabriel Qarsiya Markesin "Gözlənilən bir qətlin tarixçəsi" romanında yazdığı hadisələr reallığa söykənir. 1951-ci ildə Kolumbiyanın ucqar Sukra şəhərciyində yazıçının dostu eyni motivlərlə qətlə yetirilib. Əkiz qardaşlar toy gecəsi ata evinə qaytarılan bacılarının namusunu təmizləmək üçün gənc oğlanı ölümcül bıçaqlayıb.

Bu hadisə Markesin yaddaşında elə dərin iz qoyub ki, sonralar yazıçı bu əhvalatı romana çevirib. 30 il sonra roman yazılanda hadisənin "qəhrəmanları" artıq çoxdan torpağa qarışmışdı.

Markes illər sonra Sukra sakinlərini "dirildir", günahlarını, yuxularını öz dillərindən çatdırır və bir qətlin tarixçəsini yazır.  

Rejissor Ərtoğrul Kamalov isə 33 il sonra Markes qəhrəmanlarını dirildib bu dünyaya qaytarır. Özü də "Yeraltı Gözəllik Yarışması"ndan. Qabonun qara eynək arxasında gizlənən qəhrəmanları ikinci dəfə mühakimə olunur.

O cür kişi yer üzünə bir də heç vaxt gəlməyəcək...

İyulun 2-də YUĞ teatrında Markesin "Dünyanın ən gözəl ölüsü" və "Gözlənilən bir qətlin tarixçəsi" əsərlərinin əsasında hazırlanan "Misis və Mister Cəsəd" tamaşasının premyerası olub.

Tamaşa o dünyada keçirilən "Yeraltı Gözəllik Yarışması" ilə başlayır. O dünyanın ən gözəl ölüləri bu dünyaya göndərilir və öz əməllərinə özləri qiymət verirlər. Əslində, romanda olduğu kimi hər şey çox aydın, həm də absurddur. Bir gün, bir qəsəbə, bir ölü, bir qətl, amma iki qatil.

Toy gecəsi bakirə çıxmayan Anhela qardaşlarına Santyaqo Nasarın adını verir. Günahsızlığının qurbanı olan Nasar "Vene xala, məni öldürdülər", - deyib ölür. 

Dalğalar Nasarın cəsədini "Dünyanın ən gözəl ölüsü" hekayəsində sahilə atır. Ağ kətan köynəyini geyinib evdən çıxan Santyaqo elə dənizdən çıxan ucaboylu Estebandır. Axı Divina Flor demişdi: "Yer üzünə heç vaxt o cür kişi gəlməyəcək". O, elə dünyanın ən gözəl ölüsü olaraq qalacaq.

Günahkar dirilər, günahsız ölülər

Yepiskopun bu dəfə də yan keçdiyi qəsəbə və sakinləri lənətlənir, həm də ovsunlanırlar. Belə olmasaydı, onlar şəhərin hər yerində səsinin gur yerinə salıb "Mən Santyaqo Nasarı öldürəcəyəm",- deyən Vikario qardaşlarından qabaq Santyaqoya çatar, onu xilas edərdilər.

Bunun əvəzinə indi illər sonra oturub qətl günü haqqında xatirələrini danışırlar. Aktyorların bu səhnədəki "ötürmələri" olduqca maraqlıdır. Markes təhkiyəsi və Əkrəm Əylisli tərcüməsi də öz işini görür.

Ötürmələr və çevrilmələr maraqlı alınıb. Qəhrəman çoxdur, iştirakçılar isə az. Buna görə də Anxela Vikario həm də Divina Flordur, Marqot isə Viktoriya Qusman.

Günahsız yoxdur, günahını etiraf etməyən var. Bu mənada Anhelanı ata evinə qaytaran Bayyardo da günahkardır, ürəyində Santyaqonun ölməyini istəyən Viktoriya da, cinayət haqda eşidib meydanda özünə yer axtaran camaat da.

Santyoqa isə bu məsələdə günahkar olmasa da, nə vaxtsa günaha batıb ya da batacaq. Buna görə o, ölümü belə soyuqqanlı qarşılayır, bağırsaqlarına yapışan torpağı ehmalca təmizləyir.

Hamı günahkardı dünyada amma,

dünyada heç kəsin günahı yoxdur... 

Markeslə rinqdə

Postmodernizmdə belə bir fikir var ki, konkret əsər, müəllifə söykənən filmlərdə, tamaşalarda rejissorun yazıçını öldürüb önə çıxmaq cəhdi qabarır. Markes kimi ağıllı və hiyləgər yazıçını nəinki udmaq, onun labirintində azmamaq özü böyük məharətdir.

Rejissor Ərtoğrul Kamalov labirintdə azmadı, amma qoca Markesə qalib də gələ bilmədi. Səhnədə Plasido da var idi, keşiş Amador da, elə Markes də, amma Ərtoğrul yox idi.

Necə yox idi? Onu deməyək. Sirli Markesin sirli əsərinin sirli tamaşasından bu məqam da sirli qalsın... 

1937.az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.