Mədəniyyət

Nuriyyə Hüseynova: "Çox faciəli hadisə baş verə bilərdi..."

9 Oktyabr 2010 12:36
Baxış: 3 643
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Xalq musiqimizin təbliğində həm pedaqoq, həm də müğənni kimi öz payı olan respublikanın əməkdar artisti Nuriyyə Hüseynova "Ekspress" qəzetinə müsahibəsində sənətdən, sənətə gəlişindən, çəkildiyi "Cavad xan" filmindən danışır.

- O vaxtlar Naxçıvandan paytaxta dəvət almaq elə də asan məsələ deyildi, amma siz səs imkanlarınızla hamını inandıra bildiniz...

- Xeyransa Məmmədovanın səhnədəki ilk çıxışından sonra "İstedad sorağında" layihəsi işə başladı. Mayestro Niyazi, Vasif Adıgözəlov, Şövkət Ələkbərova, İslam Rzayev, Arif Babayev və başqa ustadların rəhbərliyi ilə bir çox istedadlar üzə çıxdı, o cümlədən də mən. Azərbaycanın ustad sənətkarlarının səsimə olan inamı ailəmi də inandırdı. Beləcə, mən paytaxta yerləşərək musiqi təhsili almaqla yanaşı, yaşıdım olan istedadlarla birgə eyni səhnəni bölüşdüm.

Mən ustadlar tərəfindən "Sarı bülbül" mahnısı ilə kəşf olundum. "Sarı bülbül" sözün həqiqi mənasında mənə sənət vəsiqəsi qazandırdı. 1981-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbində İslam Rzayevin sinfində təhsilimi davam etdirdim. İslam müəllimlə yanaşı Şövkət Ələkbərovadan və Arif Babayevdən musiqinin sirlərini öyrənməyə başladım. Bu baxımdan adlarını çəkdiyim ustadların hər birini özümə sənət müəllimi hesab edirəm. Eyni zamanda, məktəbin direktoru Nazim Əliverdibəyovun qayğısı, milli dəyərlərə olan qiyməti nəticəsində təhsili yüksək səviyyədə başa vurduq.

Təhsil müddətində Vasif Adıgözəlov mütəmadi olaraq bizimlə məşğul olur, keçirilən bütün dövlət tədbirlərində olan iştirakımıza şəxsən özü böyük səylə şərait yaradırdı. Yeri gəlmişkən, mənimlə eyni vaxtda təhsil alan ifaçılardan rəhmətliklər Xeyransa Məmmədova və Elçin Cəlilovun, eyni zamanda Könül Xasıyeva, Aygün Bayramova, Aybəniz Haşımova, Zakir Əliyev, Gülüstan Əliyeva və başqalarının adını çəkə bilərəm.

- Amma adlarını çəkdiyiniz müğənnilərdən fərqli olaraq səs imkanlarınıza baxmayaraq, siz sanki bir qədər arxa planda qaldınız...

- Onların hər birinə hörmətim var, hər kəsin isə öz qisməti var. Ailə qurmağımla bağlı 5 il səhnədən kənarda qaldım, təbii ki, bu, bir ifaçı olaraq tanınmamağıma səbəb oldu. Hətta müəllimlik fəaliyyətimdə də ilk illər çətinliklərlə üzləşirdim. Səhnədə olmadığım üçün heç kim övladını mənim sinfimə gətirmirdi və s. Bütün bunlar məni bir qədər sıxsa da, özümə, sənətimə inamım vardı. İnanırdım ki, gec-tez özümü tamamilə təsdiq edəcəyəm. Axı ola bilməzdi ki, ustad sənətkarların səyi ilə bu sənətə gələn bir müğənni tamaşaçı diqqətindən kənarda qalsın. Gec də olsa, sənətdə tanındım, sevildim və qəbul olundum. Əslində, tamaşaçılar tərəfindən gec tanındım, amma ustadlar məni tanıyır, sənətimi qiymətləndirirdi.

- Amma dövlət sənətinizi çox gec qiymətləndirdi...

- Təsəvvür edin ki, tələbələrim fəxri ada layiq görülmüşdü, ancaq mən yada düşmürdüm. Bu mənə bir qədər təsir edirdi, ancaq Əbülfəz Qarayev mədəniyyət və turizm naziri olduqdan sonra, onun sənəti diqqətə alması nəticəsində mən də yada düşdüm. Xəbərim olmadan belə televiziyada fəxri adlara layiq görülən sənət adamlarının siyahısında mənim də adım çəkildi və mən əməkdar artist adına layiq görüldüm.

- Fəxri ad sənətçiyə nə verir?

- Əslində, başqa ölkələrdə fəxri adlar yoxdur, bu, SSRİ-dən qalma bir ənənədir ki, davam edir. Kimsəyə fəxri ad verilməsə, bu, heç kimi düşündürməz. Amma fəxri ad var, səninlə sənətə gələnlər və ya sənin tələbələrin bu ada layiq görülürsə və sən diqqətdən kənarda qalırsansa, bu, adama pis təsir edir."Necə olur, onlar layiqdir, ancaq mən yox" sualı insanın beynini daima məşğul edir. Düşünürəm ki, hər kəs zamanında qiymətini alsa, yaxşı olar.

- "Cavad xan" filminə niyə peşəkar aktrisalar deyil, sizi - muğam bilicisini dəvət etdilər?

- Əslində heç ağlıma gəlməzdi ki, hansısa filmə dəvət olunacağam. Ancaq bir gün Nurəddin Mehdixanlı zəng etdi ki, mütləq kinostudiyaya getməliyəm. Hər şey məhz bundan başladı. Söhbət əsnasında sadəcə bir söz dedi ki, "Cavad xan" adlı film çəkilir və mən mütləq rejissor Rövşən Almuradlı ilə görüşməliyəm. Artıq sual vermədən razılaşdım və ertəsi günü kinostudiyaya getdim. Rövşən müəllimlə ilk tanışlığımızda o sadəcə bir söz dedi - "Sağ olsun Nurəddini ki, bizləri belə bir xanımla tanış etdi". Məni fotosınaqla da, kinosınaqla da yoxladılar və sonra rejissor dedi ki, məni "Cavad xan" filmində xanın həyat yoldaşı Şükufə xanım rolunda çəkmək istəyir və hətta onu da xüsusilə vurğuladı ki, Cavad xan kimi bir şəxsiyyətin həyat yoldaşı roluna çəkilən xanım mütləq şəxsiyyəti, mənəviyyatı ilə seçilməlidir ki, xanın xanımının həyatda olan xarakterinə uyğun gələ bilsin.
Mənə rol təklif ediləndə soruşmuşdum ki, bu qədər peşəkar, gözəl aktrisalarımız olduğu halda nədən mən Şükufə zanım roluna dəvət olunuram? Cavabı çox sadə idi: xanın həyat yoldaşı obrazı üçün kinoya yeni bir sima gəlməli idi və mən yaradıcı heyət üçün yeni bir sima idim.

- Maraqlıdır ki, Nurəddin Mehdixanlı da bu filmlə ilk dəfə idi kinoda baş rola dəvət edilirdi...

- Ancaq hələ məşq prosesində Nurəddin Mehdixanlı elə bir ifa nümayiş etdirdi ki, sanki daima film çəkilişlərində iştirak etmişdi. Yəni Nurəddin Mehdixanlı peşəkar olduğu üçün və Cavad xan obrazına yaxından bələd olduğu üçün əslində o elə bil ki, Cavad xanın özü idi. Hətta canlı döyüş səhnələrində Nurəddin Mehdixanlı elə bir ifa nümayiş etdirirdi ki, inanın, belə səhnələrin birində mən özümü saxlaya bilməyərək ağladım. Bir an mən özüm belə gerçəklikdən sanki uzaq düşdüm, sanki həqiqətən də mənim həyat yoldaşım, övladlarım ölümə gedir və mən bir qadın, ana olaraq bu duruma sakit yanaşa bilmirəm. Bu dəhşətli bir səhnə idi, bir ailə, bir xanlıq darmadağın olur, hətta tarixi hadisə bir yana, çəkiliş vaxtı belə bir epizoda baxmaq insanı vahimələndirirdi. Ancaq nə olur-olsun bu həqiqət idi, baş verənlərə kinonun dili ilə yanaşaraq tamaşaçını inandırmaq həqiqəti. Nurəddin Mehdixanlının yanğılı ifası mənə o qədər təsir edirdi ki, bu səbəblə öhdəmə düşən obrazın daxili aləmini açmağa müyəssər ola bilirdim. Sınaq çəkilişlərindən çox böyük uğurla çıxdım, yaradıcı heyətin mənə olan hörmətini heç unutmuram.

- Siz at sürmənizlə, döyüş səhnələrində qılıncdan məharətlə istifadə etmənizlə də diqqəti çox cəlb edirdiniz...

- Başqa cür də mümkün deyildi. Çünki gördüyünüz səhnələrə hələ çəkilişdən əvvəl hazırlaşmışdıq. Kaskadyor Əli Məmmədovun adını xüsusilə çəkmək istəyirəm, o, döyüş səhnələri üçün bizimlə əvvəlcədən hazırlıq keçdi, bizi öyrətdi. Təxminən ikiaylıq məşq proseslərinin nəticəsidir ki, döyüş səhnələri gördüyünüz kimi inandırıcı alınıb. At səhnələri mənim üçün ən çətin səhnə idi. "Cavad xan" filminə qədər mən ömrümdə ata yaxın durmamışdım, at görəndə qorxu keçirirdim. Görəndə ki, filmdə belə bir səhnə var, öncə etiraz etdim, ümumiyyətlə, filmdən imtina etmək istədim. Ancaq rejissor məni inandırdı, hətta bəlkə də psixoloji cəhətdən elə təsir göstərdi ki, gözümüzü açınca baxdım ki, Cıdır düzünə gələrək məşqlərə başlamışıq. Biraylıq məşq prosesində mən ata elə öyrəndim ki, at çapmağım nəinki yaradıcı heyəti, hətta məni ata öyrədən müəllimi belə təəccübləndirirdi. Məhz ata öyrəndikdən sonra başa düşdüm ki, insan nəyi bilmirsə, ondan qorxur, mütləq bilmədiyini öyrənməlisən ki, o qorxunu dəf edə biləsən. Təəssüf ki, bizim bilmədiklərimiz çoxdur, hətta dini belə kor-koranə qəbul edirik, ancaq oxuduğumuzdan xəbərimiz yoxdur ki, mənası nədir, bu sözlər nəyi izah edir. Bu baxımdan hər şeyin dərinliyinə varmalıyıq.

- Çəkiliş vaxtı elə bir epizod oldumu ki, imtina edəsiniz?

- Ssenaridə bir epizod var idi ki, hiss etdim bu səhnə mənə görə deyil. Həmin səhnədə yataq otağının təsviri var, Cavad xan yataqda uzanmalı, həyat yoldaşı da yanında oturaraq əlini onun dizləri üzərinə qoymalı və oğullarının evlənməsiylə bağlı söhbət etməlidirlər. Rövşən müəllimlə danışaraq "bu səhnədə çəkilmək istəmirəm" dedim. Doğrudur, rejissor öncə "Ay Nuriyyə xanım, orda nə var ki" desə də, sonradan həmin səhnədə yataq otağını xanın divanxanası ilə əvəz etdi, eyni söhbət də davam etdi. Etiraf edim ki, kinodan xəbəri olmayan biri idim, ancaq çəkiliş vaxtı mənim bütün istəklərimə böyük hörmətlə yanaşıldı.

- Çəkilişlər zamanı sizi həyəcanlandıran səhnələr çox idimi?

- Filmin çəkilişlərinin bir qismi Zaqatalada aparılıb. Zaqataladakı çəkilişlərdə çox çətin başa gələn, qorxulu bir səhnə var idi ki, onun da çəkilişi yağmurlu-çiskinli bir günə təsadüf edirdi. Bu həmin səhnədir ki, Cavad xan meydana daxil olaraq düşmənlə üz-üzə gəlir, buna sonuncu döyüş də demək olar. Bütün kişilərin savaş meydanında olması, eyni vaxtda qadınların da ayağa qalxaraq atlanması və meydana daxil olması - doğrudur, sözdə bu səhnə asan görünə bilər. Ancaq çəkiliş vaxtı bu səhnə çətin bir şəraitdə lentə alındı. Axşam saatları idi, hava da qeyd etdiyim kimi çiskinli, Zaqataladakı köhnə qalanın ətrafı palçıqlı idi.

Bir neçə dəqiqəlik səhnədə atlarla aşağıdan yuxarıya doğru çıxmalı, sonra da yuxarıdan aşağıya düşməli idik. Qızlardan ibarət 10-15 atlı vardı və ön cərgədə də mən idim. Atın biri sürüşsəydi, çox faciəli hadisə baş verə bilərdi. Ancaq xoşbəxtlikdən həmin səhnə alındı və filmə daxil edildi. Ümumiyyətlə, tarixi film olduğu üçün "Cavad xan"da çətin epizodlar çoxluq təşkil edirdi. Amma yaradıcı heyət də bunun öhdəsindən məharətlə gələ bilirdi.

- Hiss olunur ki, kino sizi özünə cəlb edib. Dəvət alsanız, yeni filmlərə çəkilərsinizmi?

- Mütləq qəbul edərəm, çünki kino da incəsənətin bir qoludur və mənim bir sənətkar kimi üzərimə düşən vəzifənin öhdəsindən gələrəm. Amma ilk növbədə mən muğam ifaçısıyam, sənətimi sevirəm, bir sənətkar kimi Azərbaycan muğamının inkişafında və təbliğində əlimdən gələni əsirgəmir və daima buna çalışıram.

/Ekspress/
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.