Beynəlxalq Muğam Mərkəzində Azərbaycan və Özbəkistan muğam ifaçılarının birgə konserti keçirilib.
Konsertdən əvvəl Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, Özbəkistanın mədəniyyət elçisi Sahib Paşazadə və Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun rektoru, professor Nodirbek Seyfullayev çıxış ediblər.
Sahib Paşazadə diqqətə çatdırıb ki, Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun rektoru Nodirbek Seyfullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Muğam Mərkəzi (BMM) ilə Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutu arasında 2024-cü ildə imzalanmış birgə əməkdaşlıq haqqında memorandumuna əsasən Bakıya gəliblər. Səfər çərçivəsində Azərbaycan və Özbəkistan sənət xadimlərinin görüşləri, musiqiçilərin təcrübələrini bölüşmə məqsədilə birgə konsertlər və ustad dərsləri təşkil edilib. Səfərin yekunu olaraq BMM-də iki qardaş ölkənin musiqiçilərinin birgə konserti təqdim edilir. Direktor həmçinin əlavə edib ki, xalqlarımız arasında mövcud olan möhkəm və sarsılmaz dostluq münasibətləri tarixi qardaşlığımızın rəmzidir. Azərbaycan və Özbəkistan musiqiçiləri qarşılıqlı olaraq mədəniyyətimizə töhfələr verir və onu zənginləşdirir. Qarşılıqlı olaraq festivallarda hər iki ölkənin musiqiçiləri aktiv iştirak edir. Bir çox sahələrdə olduğu kimi ölkələrimiz arasında mədəniyyət sahəsində də çoxşaxəli əlaqələr inkişaf etməkdədir.
Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun rektoru Nodirbek Seyfullayev xalqlarımızı çoxəsrlik dostluq əlaqələri və ortaq tarixi inkişaf yolunun birləşdirdiyini vurğulayaraq, ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsində hər iki ölkə başçısının səmimi dostluq münasibətlərinin mühüm rolu olduğunu qeyd edib. Rektor BMM-nin direktoru Sahib Paşazadənin Özbəkistanda keçirilən festivallarda uğurlu çıxışlarını, "Şərq Təranələri" Beynəlxalq Musiqi Festivalında ilk alət ifaçısı kimi Qran-Pri qazanmasını və Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun Fəxri professoru, Özbəkistanın mədəniyyət elçisi kimi fəaliyyətini yüksək dəyərləndirib. Daha sonra qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilib.
Çıxışlardan sonra konsert proqramı təqdim olunub.
Əvvəlcə Özbəkistandan gələn ÖDSMİ-nin professor-müəllim heyəti, musiqiçilər Özbəkistanın Xalq hafizi, professor Beknazar Dusmuradov, Əməkdar artist, professor Axmatjon Dadayev, Xalq hafizi, professor Soyibjon Niyozov, dosent Qahramon Tоrayev, İnstrumental ifaçılıq kafedrasının dosenti, ney ifaçısı Yusuf Vaxidov və dosent Husniddin Xusanov çıxış ediblər. Muğam və özbək xalq mahnılarından ibarət proqram tamaşaçıların böyük alqışları ilə qarşılanıb. Daha sonra Beynəlxalq Muğam Mərkəzinin solistləri Ayşən Mehdiyeva və Hüseyn Məlikovun ifaları təqdim olunub. Xanəndələri Mirhüseyn Əsədullayev (tar), Ceyhun Muradov (kamança), Əməkdar artist Çinarə Mütəllimova (qanun), Amil Mustafayev (nağara) müşayiət edib. Konsertin üçüncü hissəsində hər iki ölkənin musiqiçiləri birgə ifalarla çıxış ediblər. Özbək və Azərbaycan muğamları, milli musiqilərin həmahəng ritmləri konsertə gələn tamaşaçıların maraq və alqışları ilə qarşılanıb.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az